Məhkəmə qərarları › İş №2(068)-8/2025

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-8/2025

21.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-8/2025 21.01.2025 XIZI RAYON MƏHKƏMƏSİ X24 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Əlıyev Xəyal Novruz oğlu və Əlıyev Şırəli Hacıxalıd oğluna qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Əlıyev Xəyal Novruz oğlu və Əlıyev Şırəli Hacıxalıd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən maddi zərərin əvəzi olaraq 9600 manat və mənəvi zərərin əvəzi olaraq 3000 manat, cəmi 12600 manat məbləğində pulun, eləcə də 127,80 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********31 olan çıxarışa əsasən qeydiyyata alınmış Xızı rayonu, Fındığan kəndinin ərazisində yerləşən 2,76 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi onların ailəsinin xüsusi mülkiyyətindədir. İddiaçının ailəsi tərəfindən həmin torpaq sahəsində çoxillik yem bitkisi olan yonca əkilmişdir. Həmin sahə tərəflərindən mütəmadi qorunmuş və aqrotexniki qaydalara uyğun qulluq edilməklə il ərzində dörd-beş dəfə biçilərək bol məhsul əldə etmişlər. Qeyd edir ki, həmin sahə biçilərkən hər biçimdə hektardan 150 ədəd olmaqla, 400 ədəd ot bağlaması əldə edilmiş, bu da il ərzində orta hesabla 1600 ədəd təşkil etmişdir. Ot bağlamasının birinin isə orta bazar qiyməti 6 manatla hesablanılarkən nəticədə il ərzində 9600 manat olur. Bildirir ki, həmin yonca sahəsinə ailə üzvləri tərəfindən mütəmadi baş çəkilmişdir. 05 avqust 2024-cü il tarixdə tərəfindən sahəyə baş çəkən zaman Fındığan kənd sakinlərinin iri buynuzlu mal-qarası (təxminən 400-500 baş) naxır halında onların yonca sahəsinin içində olduğunu görmüşdür. O, mal-qaranı sahədən uzaqlaşdırsa da, artıq gec olmuş, mal-qara naxırı demək olar bütün yonca sahəsini tam yararsız vəziyyətə salmışdır. O, bu barədə dərhal 102 xidmətinə zəng vuraraq məlumat vermiş və əraziyə post patrul xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş və sahənin video çəkilişi aparılmışdır. Qeyd etmək istəyir ki, kənd sakinləri növbəlilik əsasında mal-qaralarının otarılması üçün otlaqlara aparırlar. O, dərhal kəndə gəlib həmin gün kənd sakinlərinin mal-qaralarının otlaqlarda otarılmasının kimin növbəliliyi tərəfindən aparıldığını soruşmuş və həmin gün növbəlilik Fındığan kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 Hacıxəlil oğlunun tərəfindən aparıldığı məlum olmuşdur. Həmin şəxslərin səhlənkarlığı və qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəyən ziyanın ödənilməsi ilə bağlı Xızı rayon polis şöbəsinə müraciət etmişdir. Lakin Xızı rayon polis şöbəsi tərəfindən müraciətinə 12 avqust 2024-cü il tarixli, 3-13-80/2-3769/24 saylı məktubla cavab verilərək bildirilmişdir ki, müraciəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etsin. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində bütün ailəsi mənəvi iztirab keçirmişdir. Keçirdikləri mənəvi zərər 3000 manat təşkil edir. Cavabdehlər onlara dəyən maddi və mənəvi zərəri ödəmək istəmirlər. Buna görə də, hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onlara dəyən 9600 manat maddi zərər və mənəvi zərərin əvəzi olaraq 3000 manat, ümumilikdə 12600 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onun 64 yaşı var və bu vaxta kimi nə polis, nə də məhkəmə qarşısında olmamışdır. Hazırda isə X15 Bayramlı ona şər atıb polisə vermiş və guya yonca sahəsinə ziyan vurulduğunu demişdir. Bundan sonra sahə rəisi onu çağırmış və ətraflı izahatını vermişdir. Belə ki, hər kəndin öz qayda qanunu var və o, 40 ildir Xızı rayonu, Fındığan kəndində yaşayır. Tıxlı kəndinin mal-qarası il boyu otlamağa gedir, elə Xızı şəhərinin özündə də çox olur mal-qaranı parklardan, sahələrdən çıxarırlar. Amma onların kəndində elə deyildir. Yəni, əkin biçilənə kimi camaat malı otarır, axşam isə sahələrə ziyan vurmasın deyə elə özləri gətirir. Əkin biçiləndən sonra kolxoz dövründən bəri mallar səllimi çölə gedir. Belə ki, onlar malları çölə buraxır, axşama kimi otlayıb, su içib gəlirlər. İddiaçı isə ona şər atır ki, yonca sahəsinə mal-qara girib. Polis şöbəsində olarkən “sahədə yonca əkilmədiyini və inanmırsızsa gedib əraziyə baxış keçirək” demiş, lakin ona “Vüqar gəlib zərərçəkmiş kimi ərizə yazmalıdı və sonra həmin sahəyə baxış keçirilməlidir” deyə bildirmişlər. Həmin gün günortaya kimi icra nümayəndəliyində gözləmişlər, lakin Vüqar gəlməmişdir. Onlar gözləməyinə baxmayaraq Vüqar saymamazlıq edib maşına oturub getmişdir. Halbuki polisdən də Vüqara sahəyə baxış keçirilməsi üçün ərizə yazmalı olduğu deyilmişdir. O, sonuncunun gəlməməsi barədə sahə rəisinə də məlumat vermişdir. Sahə rəisi isə Vüqarın Sumqayıtda işi var, gözləyin gələcək demişdir. Lakin Vüqar həmin günü gəlməmiş və ərizə yazmamışdır. Çünki ərizə yazılsaydı və əraziyə baxış keçirilsə idi hər şey üzə çıxacaqdır. Bundan sonra isə yenə polis şöbəsinə gəlmiş və sahəyə baxış keçirilməsini tələb etmişdir. Bir neçə gün keçəndən sonra sahə rəisi gəlmiş və sahəyə baxış keçirərkən ona “əmi, burada nə yonca var, nə də ot” demişdir. O da, cavabında bunu ona yox, Bahadurla Vüqara demək lazımdır bildirmişdir. Odur ki, iddianın əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, əkin biçilənə qədər növbə ilə mal-qaranı otarmağa aparmışdır. Ancaq əkin biçiləndən sonra növbə ləğv olunmuşdur. Bu qayda onların kəndində 30 ildir belədir. Həmin vaxt da çöldə olan mallara canavar hücum etdiyindən, həmkəndlisi Minayə xala ona “mənim üç inəyim var, qardaşıngilə de onları da mallara qatıb çölə aparsınlar” demişdir. O, həmin gün mal-qara nöbvəsinə getməmiş və heyvanlara cavabdeh şəxs olmamışdır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bununla yanaşı, cavabdehlər məhkəməyə iddiaya etiraz təqdim edərək, göstərmişlər ki, iddiaçı X5 onlara qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə aşağıdakı əsaslarla qəti etiraz edirlər. Belə ki, ilk olaraq məhkəmənin diqqətinə çatdırırlar ki, iddia ərizəsi, MPM-nin 149.2.3-cü maddəsinin tələbi pozulmaqla, (”iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb”) tərtib edildiyinə görə əsaslı olmadığından, MPM-nin 152-ci (İddia ərizəsinin qaytarılması) maddəsinin 152.1.1-ci hissəsinin, yəni "bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə” tələbini əsas tutaraq hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalı idi. Başqa sözlə tələbin istər maddi, istərsə də mənəvi ziyanın tutulması hissəsində hər bir cavabdehə qarşı yönələn konkret məbləği göstərilməmişdir. Bundan başqa iddia tələbinin faktiki halları hər hansı möhtəbər subutlarla əsaslandırılmamış tələb iddiaçı tərəfindən yalnız formal şəxsi mülahizələri ilə ifadə edilmişdir. İddiaçı ərizəsində qeyd edir ki, onun yonca sahəsinə kənd sakinlərinə məxsus olan 400-500 baş (məlum deyil ki, bu sayda mal-qaranı iddiaçı necə saya bilmişdir) mal-qara girərək sahəni yararsız hala saldığını bilmiş və sonrada öyrənimşdir ki, həmin günü mal naxırınin otarmaq növbəsində hazırki iş üzrə cavabdehlər olmuşdur. İddiaçının tələbin əsası kimi irəli sürdüyü bu arqumetinə cavab olaraq bildirirlər ki, onların sakini olduqları Fındığan kəndində, eləcə də əksər kəndlərdə uzun illərdən bəri adət halını almış belə bir ənənə formalaşmışdır ki, sahələrdə əkin-biçin işləri bitdikdən, yəni arpa və buğda zəmiləri biçildikdən sonra kənd sakinlərinin mal-qarasının otarması məqsədi ilə tərtib olunmuş növbəlik cədvəli ləğv olunur və sakinlərin mal-qarası heyvanların vərdiş etdikləri bulağa yaxın ərazidə səllimi yəni, özbaşına otlayır və iddaçının guya onun yonca sahəsinə ziyan vurulması da elə heyvanların səllimi otlaması, yəni növbəlik ləğv olunduğdan sonrakı zamanı baş vermişdir. Başqa sözlə şəxsi təsərrüfatlarda əkin-biçin işləri qurtardıqdan sonra kəndin bütün mal-qarası, o cümlədən xırda dırnaqlı heyvanlar biçilən sahələrdə naxırçısız otlayırlar. Buna sübut olaraq kənd sakinlərinin şahid ifadələri (Xızı rayon Fındğına kənd sakinləri X8, X16, X9 və X1 iş üzrə şahid qismində ifadə verilməsi üçün məhkəməyə çağrılmalar barədə vəsatət əlavə edilir) habelə həmin ərəfədə heyvanların başsız olması səbəbi ilə iddiaçının 3 baş danası canavarların hucumuna məruz qalmasını göstərmək olar. Habelə məhkəməyə təqdim edilimiş video diskə baxış keçirilərsə iddiaçının ziyan vurulduğunu idda etdiyi həmin sahədə hər hansı yonca bitkisinin olması məlum olmaz və videoda həmin ərazidə yalnız dəvə tikanlarının olması görünər. Bundan başqa məlum olduğu kımı iddiaçı tələbin, yəni vurulan maddı ziyanı əsaslandığı halları üçün məhkəməyə hər hansı sübut, o cümlədən zıyan vurulması iddia edilən əraziyə hadisənin baş verməsinin güman edilən tarixdə mütəxəssis tərəfindən müayinə, baxış keçırılməyərək müvafiq akt tərtib edilməmiş və vurulan ziyanın məbləği müəyyən olunmamışdır. İddiaçı onlara qarşı bu tələbi qərəzli olaraq irəli sürmüşdur. İddiaçı əsasən də Cavabdeh1 qarşı qərəzinə görə bu iddanı irəli sürmüşdür. Belə ki, Cavabdeh1 vaxtı ilə iddiaçıya təsərrufat işlərində fəhlə kimi köməklik etmiş, lakin sonralar Xəyal iddiaçıya onun üçün günü 10 manata, uəni hazırkı aylıq mınumum əmək haqqı məbləğindən də aşağı məvaciblə işləmək istəmədiyini bildirdikdən, habelə az maaşa etraz etdikdən sonra onunla, habelə Cavabdeh2 Hacıxəlil oğlu ilə düşnüşmüş və onları özünə düşmən elan etmişdir. Bununla da nəyin bahasına olur olsun onlardan heyf çıxmaq qərarına gəlmişdir. Beləliklə də, yuxarıda qeyd edilənləri, o cümlədən ziyanın vurulması ehtimal edilən yonca sahəsinin olmaması, eləcə də ziyan vurulmasının güman edilən zaman və ya hadisənin səhəri günü sahənin mütəxəssis tərəfindən müayinəsinin aparılmaması və hazırda tələb edilən ziyanın miqdarının müəyyən edilməməsi, habelə cavabdehlərin müəyyən olunmaması və bununla da iddia tələbinin faktiki əsasları iddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsi nəzərə alınaraq, tələbin məhkəmə tərəfindən rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, mərhum qardaşı Paşa Məmmədov və Ramazan Məmmədovun yaşadıqları kənddə pay torpaqları vardır. Həmin torpaqların birində qardaşı uşaqları yonca əkmişlər. Əvvəla həmin sahəni şumlayıb, 2023-cü ilin payız ayında arpa əkmiş, lakin əmələ gəlməmişdir. Onun özünün əkin sahələri üçün texnikası olduğundan 2024-cü ilin fevral ayında şumlama işlərini aparmışdır. Bir vaxtlar Cavabdeh1 onun sahəsinə də, heyvanları buraxıb, ona maddi ziyan vurmuşdur. Keçən ilin martın 1-2-si həmin yeri yonca üçün əkib qurtarmış, qardaşı şəhərdə olduğuna görə onun torpaq sahəsinə də yonca əkmişdir. 2024-cü ildə ildırım vurma hadisəsi olmuş, buna görə də rayonda 1 gün işıq olmamış, suyun dəhnəsini sel aparmışdır. Yəni buna Azərişığın işçiləri də şahiddir. Dağın üstündə yararsız vəziyyətə düşən qüllələrin düzəldilməsinə də öz texnikaları ilə kömək etmiş, oradakı həmin işçilər də sahədə yonca əkildiyini görüb heyrətə gəlmişlər. Yoncanın nə vaxt biçilməyini təyin etmək üçün qardaşı oğlu Vüqarla əraziyə getmiş, səhər 11-12 radələrində əraziyə 500 metr qalmış yaxınlaşanda mal-qaranın yonca sahəsinin içərisində olduğunu görmüşlər. Həmin ərazi dərənin içində olduğundan telefonun seti tutmamışdır. Bundan sonra qardaşı oğlu ilə mal-qaranı sahədən kənarlaşdırmışlar. Gündəlik mal-qara növbəsinə gedən adamların növbəsini bildiyi üçün qardaşına zəng etmiş, növbədə Cavabdeh2 və Cavabdeh1 olduğunu öyrənmişdir. Daha sonra cavabdehlərin evlərinə zəng etmiş, ancaq zənginə cavab verən olmamışdır. Hətta onun qardaşı Xəyalın evinə gedib malları oradan gətirmək lazım olduğunu demiş, sonuncu da növbədə Şirəli ilə onun olduğunu etiraf etmişdir. Onların sahədən kəndə gəlməkləri 15-20 dəqiqə vaxt almış, gəlib çatanda Şirəliyə zəng edərək, niyə belə bir hərəkət etdiyini, mal-qaranı yonca sahəsinə aparıb ötürdüyünü və artıq ikinci dəfədir onlara ziyan vurduğunu demiş, sonuncu isə cavabında yaxşı etdiyini bildirmişdir. Bu cavabı eşidəndən sonra qardaşı oğluna DİN-nin 102 qaynar xəttinə zəng edib, məlumat verməsini demişdir. Bundan sonra polis əməkdaşı ilə qardaşı oğlu Vüqar əraziyə getmiş, o da onların dalınca getmişdir. Polis əməkdaşı özü ərazidə video çəkiliş aparmış, əraziyə kütləvi şəkildə mal-qara daxil olmasının şahidi olmuşlar. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində göstərmişdir ki, həmkəndliləri Cavabdeh1 həmişə mal növbəsinə getdiyindən, onun da növbəsi olanda Xəyala pul verib heyvanlarını növbəyə göndərmişdir. Belə ki, avqust ayının 5-i onun növbəsi olmuş, o da Xəyala pul verib növbəyə göndərmişdir. Bundan əvvəl növbə 2 gün dağılmış, amma sonra yenidən düzəlmişdir. Canavarın mal sürüsünə hücum etməsindən məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 ifadəsində göstərmişdir ki, uzun müddətdir Xızı rayonu Fındığan kəndində yaşayır və sənəti traktor idarə etməkdən ibarətdir. Təxminən keçən ilin mart ayında İddiaçı sahəsinə 100 kq yaxın yoncanın əkilməsində köməklik etmişdir. May-iyun aylarında yonca biçilir, biçiləndən sonra isə növbəyə ehtiyac qalmır. Lakin axşamlar mal-qaranı çöldə canavarlar yeməsin deyə Xəyal yığıb gətirirdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, Xızı rayonu Fındığan kəndində yaşayır və onlarda əkin biçiləndən sonra növbə olmur, mallar səllimi otlayır. İddiaçıya məxsus sahə də ayaqaltı olmuş, gün qızan kimi mallar çaya qaçmış və onun sahəsindən keçmişlər. Sahəyə də baxanda orada əkin olub-olmaması ümumiyyətlə bilinmir. İddiaçının sahəsi çaya yaxındır, lakin yayda orada su olmur. Bulaqdan azca su gəlmiş, oradan da mal-qaranın su içməyi qeyri mümkündür. Məhkəmə iclasında şahid qismində ifadə verən X11 ifadəsində göstərmişdir ki, Bahadurla qardaşı oğlu Vüqar ilk dəfə deyil onlara şər atır. Belə ki, o, həmin sahənin yanından keçən yolla Siyəzən rayon bazarına gedib-gəlir. O sahədə yonca əkini olmamışdır. İddiaçının dediyinə görə ildə 4 dəfə yonca biçilib, onların yoncasını həmişə Əbdül biçib. Onun da gəlib şahid kimi danışmasını istəyir. Əbdül deyib bir dəfə yonca biçmişəm, o da taxıl, ot qarışığıdır. Onların kəndində yonca biçiləndən sonra həmişə heyvanlar səllimi otlamışdır. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xızı rayonu, Fındığan kəndində yerləşən 2,7636 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində tərtib olunmuş A seriyalı 756037 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Xızı rayonu, Fındığan kəndində yerləşən 2,7636 ha torpaq sahəsi (dəmyə əkinçiliyi) İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan İddiaçı Xızı rayon Polis Şöbəsində yazdığı izahatdan görünür ki, 05 avqust 2024-cü il tarixdə Cavabdeh1 və Cavabdeh2 tərəfindən kənd sakinlərinə məxsus 400-500 baş mal-qara ona məxsus Xızı rayonu, Fındığan kəndində yerləşən 2,76 ha torpaq sahəsinə salması nəticəsində ona 2000 manat məbləğində maddi ziyan dəymişdir. İşdə olan Xızı rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması İddiaçı izah olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X13” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun və Xızı X25 Mərkəzinin mütəxəssislərindən əldə etdikləri məlumatlara görə, yonca bitkisi əkin ilindən (yaşından), suvarma sayından, mövsümün iqlim şəraitindən və aqrotexniki xidmət səviyyəsindən asılı olaraq il ərzində 3-4 dəfə biçilə, 1 hektar sahədən 600-900 pres əldə edilə bilər. Əgər yonca dəmyə ərazidə əkilərsə, il ərzində 1 dəfə biçməklə 1 hektardan 110-120 pres götürülə bilər. 2024-cü il ərzində yonca bitkisinin 1 presinin sahədən orta satış qiyməti 3.0 - 4.0 manat olub. Eyni zamanda, yığım mövsümündən sonrakı dövrlərdə orta satış qiyməti 5.0 - 7.0 manat/pres arasında dəyişir. Lakin yonca sahəsinə baxış keçirməklə əraziyə dəymiş ziyanı müəyyən etmək X2 fəaliyyət istiqamətinə aid olmadığı üçün bu məsələ ilə bağlı sahə mütəxəssislərinə müraciət etmək tövsiyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Xızı X25 Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xızı rayon Fındığan kənd sakini İddiaçı (FİN xxxxxxx) 20 oktyabr 2023-cü il tarixdə subsidiya almaq üçün mərkəzə müraciət edərək 2,76 ha əkin sahəsində buğda əkdiyini bəyan etmiş və EKTİS (X14 İnformasiya Sistemində) qeydiyyata alınmışdır. İşdə olan Xızı-Fındığan bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xızı rayon Fındığan kənd sakini İddiaçı mülkiyyətində olan torpaq sahəsinə mal-qara daxil olması nəticəsində sonuncuya ziyan dəyməsi ilə bağlı məlumat daxil olmamış, həmçinin 05 avqust 2024-cü il tarixdə naxır növbəsində kimin olması barədə bələdiyyəyə məlumat verilmədiyinə görə bu barədə hər hansı bir məlumatları yoxdur. İşdə olan Xızı Rayon İcra Hakimiyyəti başçısının Fındığan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məktubundan görünür ki, subsidiya almaq üçün müraciətlər edərək X14 İnformasiya Sistemində elektron qaydada qəbul olunduğuna görə Xızı rayon Fındığan kənd sakini İddiaçı mülkiyyətində olan torpaq sahəsində yonca əkib-əkmədiyi barədə nümayəndəliyə hər hansı bir məlumat verilməmişdir. Həmçinin naxır növbəsi kənd sakinlərinin öz aralarında razılaşdırılaraq təyin edildiyinə görə 05 avqust 2024-cü il tarixdə kimin və ya kimlərin növbədə olması, eləcə də İddiaçı mülkiyyətində olan torpaq sahəsinə mal-qaranın girməsi barədə dəqiq məlumatları yoxdur. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X13” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun və Xızı X25 Mərkəzinin mütəxəssislərindən əldə etdikləri məlumatlara görə, yonca bitkisi əkin ilindən (yaşından), suvarma sayından, mövsümün iqlim şəraitindən və aqrotexniki xidmət səviyyəsindən asılı olaraq il ərzində dəmyə sahədə may-iyun aylarında, suvarılan sahədə isə may-oktyabr aylarında biçilir. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 128 manat dövlət rüsumu ödəmişdir. Həmçinin, iş materiallarına fotoşəkillər, videogörüntü və fotoşəkillər olan disklər əlavə edilmişdir. Məhkəmə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı mülkiyyət hüququ əsasında Xızı rayonu Fındığan kənd ərazisində 2.76 ha torpaq sahəsinin (dəmyə əkinçiliyi) olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1096 və 21-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələri). Göründüyü kimi İddiaçı cavabdehlər Əlıyev Xəyal Novruz oğlu və Əlıyev Şırəli Hacıxalıd oğlu tərəfindən ona maddi zərər dəyməsini göstərsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı öz tələbinin əsası olaraq əkin sahəsində çəkilmiş fotoşəkillərə və videogörüntüyə istinad etmişdir. Qeyd edilməlidir ki, həmin videogörüntüyə və fotoşəkillərə baxış keçirilərkən torpaq sahəsində yonca bitkisinin deyil, müəyyən tikanların olması müəyyən olunur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri) Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi üçün ilk növbədə zərərin mövcud olması, eləcə də iddiaçıya tələb olunan məbləğdə maddi ziyanın cavabdehlərin qanunsuz və təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. İş materiallarında cavabdehlər Əlıyev Xəyal Novruz oğlu və Əlıyev Şırəli Hacıxalıd oğlu tərəfindən İddiaçı maddi zərər vurulmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində də bəzi ziddiyyətlərə yol vermişdir. Belə ki, iddia ərizəsində cavabdehlərin ona 9600 manat maddi zərər vurmasını göstərsə də, polis şöbəsində yazdığı izahatda ona 2000 manat məbləğində maddi zərər dəydiyini qeyd etmişdir. Həmçinin iddia ərizəsində torpaq sahəsində çoxillik yem bitkisi olan yonca əkildiyini göstərsə də, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Xızı X25 Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xızı rayon Fındığan kənd sakini İddiaçı (FİN xxxxxxx) 20 oktyabr 2023-cü il tarixdə subsidiya almaq üçün mərkəzə müraciət edərək 2,76 ha əkin sahəsində buğda əkdiyini bəyan etmiş və EKTİS (X14 İnformasiya Sistemində) qeydiyyata alınmışdır. Bütün bu ziddiyyətlər isə iddianın əsaslı olmaması ilə bağlı məhkəmədə daxili inamın yaranmasına səbəb olur. İş üzrə şahid ifadələrinə gəldikdə isə məhkəmə qeyd edir ki, şahid X3 iddiaçının əmisi olmaqla, işin nəticəsində marağı olan şəxsdir. Bu səbəbdən məhkəmə həmin şahid ifadəsinə tənqidi yanaşır. Eyni zamanda şahid X6 öz ifadəsində avqust ayının 5-i onun növbəsi olduğunu və o da, Xəyala pul verib növbəyə göndərdiyini, digər şahid X10 isə öz ifadəsində təxminən keçən ilin mart ayında İddiaçı sahəsinə 100 kq yaxın yoncanın əkilməsində köməklik etdiyini bildirmişdir. Yəni, bu şahidlərin ifadələrinə mötəbər sübut kimi yanaşılsa belə, iddiaçıya tələb olunan məbləğdə maddi ziyanın cavabdehlərin qanunsuz və təqsirli hərəkətləri nəticəsində vurulduğunun sübutu kimi qəbul edilə bilməz. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi dəmyə əkinçiliyidir və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X13” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən yonca bitkisi əkin ilindən (yaşından), suvarma sayından, mövsümün iqlim şəraitindən və aqrotexniki xidmət səviyyəsindən asılı olaraq il ərzində dəmyə sahədə may-iyun aylarında biçilir, iddia ərizəsində isə kəndin mal-qarasının iddiaçıya məxsus sahəyə 05 avqust 2024-cü il tarixdə daxil olması qeyd olunmuşdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, sadalanan digər dəlilləri də araşdıraraq, hesab edir ki, İddiaçı cavabdehlər Əlıyev Xəyal Novruz oğlu və Əlıyev Şırəli Hacıxalıd oğluna qarşı iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa, məhkəmə iddianın mənəvi zərərə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə də rədd edilməlidir. Belə ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İddiaçı mənəvi zərərin əsas elementləri olan mənəvi sarsıntı çəkməsi və fiziki iztirablara məruz qalması barədə hər hansı bir sənədi və ya digər sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən müəyyən edildi ki, iddia tələbinin əsaslandığı hallar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən və məhkəmə baxışı zamanı tədqiq olunan sübutlarla təkzib edildiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərci iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı İddiaçı cavabdehlər Əlıyev Xəyal Novruz oğlu və Əlıyev Şırəli Hacıxalıd oğluna qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar