Məhkəmə qərarları › İş №2(069)-14/2025

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-14/2025

22.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-14/2025 22.01.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 6.400 (altı min dörd yüz) manat və ödənilmiş 84 (səksən dörd) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, əvvəlcədən tanıdığı və yaxın münasibətdə olduğu Cavabdeh 23 fevral 2022-ci il tarixdə ona yaxınlaşaraq, borca pul lazım olduğunu bildirmiş və ondan 6.400 manat borc pul istəmişdir. O, Cavabdeh borc olaraq qəbzə imza etdirməklə 6.400 manat pulu üç-dörd aya yəni 2022-ci il may ayında qaytarmaq şərtilə vermişdir. Həmin qəbzə əsasən, Cavabdeh ondan 6.400 manat pul götürdüyünü rəsmən etiraf etmişdir. Belə ki, o, Cavabdeh qəbzi imza etdirməklə 6.400 manat pulu borc olaraq 23 fevral 2022-ci il tarixdə yəni üç-dörd aya qaytarmaq şərtilə vermişdir. Lakin Cavabdeh üç-dörd aya qaytarmalı olduğu 6.400 manat pulu bu günə qədər ona qaytarmamışdır. Məhkəmə gedişatı zamanı Cavabdeh ilə öz aralarında razılaşaraq tez bir zamanda pulu qaytarması üçün məhkəməyə ərizə verərək, işi baxılmamış saxlanmasını xahiş etmiş, məhkəmə xx.xx.2024-cü il tarixdə işi baxılmamış saxlanması barədə qərardad qəbul etmişdir. İşin baxılmamış saxlanmasından altı ay keçməsinə baxmayaraq, yenə də onu aldadaraq pulu verməkdən boyun qaçırmışdır. Bu səbəbdən yenidən məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də, Cavabdeh 6.400 (altı min dörd yüz) manat və ödənilmiş 84 (səksən dörd) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edib izahatında göstərmişdir ki, onun Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə cavabdeh ona olan borcundan 1.180 manat ödəmişdir. Ona görə də, Cavabdeh 5.220 (beş min iki yüz iyirmi) manat və ödənilmiş 84 (səksən dörd) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edib izahatında göstərmişdir ki, İddiaçı ona qarşı 5.220 manat pul tələbinə dair iddiasını qəbul edir. Ona görə də, ondan 5.220 (beş min iki yüz iyirmi) manat və ödənilmiş 84 (səksən dörd) manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 23 fevral 2022-ci il tarixli qəbizdən görünür ki, Cavabdeh 6.400 manat pulu 2022-ci il may ayında İddiaçı qaytaracağı barədə qəbz yazaraq imzalamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Eyvazalılar kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsinin xx.xx.2024-cu il tarixli, 112 saylı arayışdan görünür ki, Quliyev X1 rayonu, Eyvazalılar kəndində daimi qeydiyyatda olmaqla, hal-hazırda Beyləqan rayonunda yaşayır. İş materiallarında olan Beyləqan RPŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə Jdanov rayonu, Eyvazalılar kəndində doğulmuş, Beyləqan rayonu, Eyvazalılar kəndində qeydiyyatdadır. İş materiallarında olan AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh (fərdi identifikasiya nömrəsi xxxxxxx) xx.xx.1988-ci ildə Ağdam rayonu, Mərzili kəndində doğulmuş, Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 84 manat məbəlğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Cavabdeh ərizəsindən görünür ki, İddiaçı ona qarşı 5.220 manat tələbinə dair iddiası qəbul edir. Ona görə də, ondan 5.220 (beş min iki yüz iyirmi) manat və ödənilmiş 84 (səksən dörd) manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə uyğun olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə uyğun olaraq, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin hüquq bərabərliyi, həqiqətə nail olmaqdan ötrü işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı 2022-ci il may ayınadək qaytarmaq şərti ilə 23 fevral 2022-ci il tarixdə 6.400 manat məbləğində borc pul alması, bu barədə yazılı qəbz verməsi, aldığı borcundan 1.180 manat qaytarması, hazırda İddiaçı 5.220 manat borclu qalması tərəflərin izahatları, işin digər halları ilə sübuta yetirildiyindən, həmçinin Cavabdeh tərəfindən iddia etiraf edildiyindən iddia əsaslıdır təmin edilməli, Cavabdeh 5.220 (beş min iki yüz iyirmi) manat və ödənilmiş 84 (səksən dörd) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 5.220 (beş min iki yüz iyirmi) manat və ödənilmiş 84 (səksən dörd) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar