Məhkəmə qərarları › İş №2(069)-208/2024

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-208/2024

19.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-208/2024 19.11.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən 25 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan 150 manat alimentin məbləğinin artırılaraq 235 manat pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi və 60 manat mediasiya təşkilatı üçün ödənilən dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xocavənd Rayon Məhkəməsinin 28 mart 2012-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş və 25 iyul 2010-cu il təvəllüdlü X1 üçün uşaq yetkinlik yaşına çatana qədər cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Halhazırda uşağı böyümüş və məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağının heç bir tələbatının ödənilməsinə yetmir. Belə ki, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Özü işsiz, tənha xanımdır və övladının tələbatlarını ödəməyə imkanı çatmır. Bu səbəbdən də, Xocavənd Rayon Məhkəməsinin 2(069)- 125/2022 saylı qətnaməsinə nəzərən kəsilən 150 manat alimentin 235 manata qədər artırılmasını istəyir. Ona görə də, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən 25 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan 150 manat alimentin məbləğinin artırılaraq 235 manat pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi və 60 manat mediasiya təşkilatı üçün ödənilən dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının tələb etdiyi alimenti ödəməyə maddi imkanı yoxdur. Belə ki, ailə qurmuş, iki övladı var, Xocavənd rayonu 1 saylı Uşaq Bağçasında mühafizəçi vəzifəsində işləyir və 323 manat aylıq əmək haqqı alır. Xocavənd Rayon Məhkəməsinin 22 iyun 2022ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimenti hər ay vaxtında ödəyir. Hazırda məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment məbləğindən iddiaçının xeyrinə artıq ödəniş etmiş və icra şöbəsi tərəfindən artıq ödənilmiş məbləğ hər ay alimentdən çıxılır. Ona görə də qeyd etdiklərini nəzərə alaraq, İddiaçı ona qarşı olan “alimentin artırılması” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xocavənd Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(069)-125/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Xocavənd Rayon Məhkəməsinin 28 mart 2012-ci il tarixli, 2(069)-9/2012 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh 25 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur. İş materiallarında olan Xocavənd RPŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rəhimova X6 rayonu, Əmirallar kəndində qeydiyyatdadır. İş materiallarında olan AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 (fərdi identifikasiya nömrəsi xxxxxxx) xx.xx.1986-cı ildə doğulmuşdur. İş materiallarında olan Xocavənd RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZE seriyalı 11001531 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Fərid Rəhimov xx.xx.2010-cu il tarixdə İmişli şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan X5 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞS/MT-023/2024-01944 nömrəli arayışdan görünür ki, İddiaçı alimentin artırılması tələbi ilə bağlı X3 iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən X5 1 saylı Mediasiya Təşkilatının hesabına 60 manat İMS xərci ödənilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Xocavənd Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(069)-125/2022 saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş, Xocavənd Rayon Məhkəməsinin 28 mart 2012-ci il tarixli, 2(069)-9/2012 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh 25 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur. Hazırda iddiaçı tutulan alimentin miqdarının az olduğu üçün uşağın ehtiyaclarını təmin edə bilmir, ona görə də alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu” haqqında Azərbaycan Respublikasının Qanuna əsasən 2024-cü il üçün yaşayış minumu uşaqlar üçün məbləğ 235 manat müəyyən edilmişdir. Məhkəmə, tərəflərin nikahından xx.xx.2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh tutulan alimentin miqdarının artırılmasında iddiaçının maddi vəziyyətini və Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən olunmuş minimum yaşayış səviyyəsini nəzərə alır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, iş materiallarını araşdırıb sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Xocavənd Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(069)-125/2022 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2010cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Cavabdeh mediasiya xərcinə görə ödənilmiş 60 manat məbləğində rüsum İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xocavənd Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(069)-125/2022 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh mediasiya xərcinə görə ödənilmiş 60 manat məbləğində rüsum İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar