Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-88/2023 08.08.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin (keçmiş "xxxx" İKB) nümayəndəsi X6 iştirakı ilə, İddiaçı ASC-nin (keçmiş "xxxx" İKB) Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair ilk, X2 İddiaçı ASC-yə (keçmiş "xxxx" İKB) və Cavabdeh2 qarşı “iddia müddətinin tətbiqi və zaminliyə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ASC (keçmiş "xxxx" İKB) ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 27-M-1-0-195-14 nömrəli kredit müqaviləsindən irəli gələn xx.xx.2016-cı il tarixədək hesablanmış ödənilməmiş 6.927 ABŞ dolları əsas, 2.279 ABŞ dolları faiz borcunun və ödənilmiş 20 manat məbəlğində dövlət rüsumunun İddiaçı ASC-nin (keçmiş "xxxx" İKB) xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli, 2(069)-128/2016 saylı məhkəmə əmri ilə xx xxxxxx 1980-ci il tarixdə Ağdam rayonu, Rzalar kəndində anadan olmuş, Xocavənd rayonu, Xocavənd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi 17 A-da yaşayan borclu Cavabdeh2 və xx xxxx 1976-cı il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Zəngilan rayonu, Genlik kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, mənzil 1-də yaşayan borclu Cavabdeh1 6.927 ABŞ dolları əsas, 2.279 ABŞ dolları faiz borcu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu alınaraq Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi 55-də yerləşən İddiaçı ASC-nin (keçmiş "xxxx" İKB) xeyrinə tutulmuşdur. Borclu Cavabdeh1 28 aprel 2016-cı il tarixli, 2(069)-128/2016 saylı məhkəmə əmrindən etirazla məhkəməyə müraciət edərək, 28 aprel 2016-cı il tarixli, 2(069)-128/2016 saylı məhkəmə əmrini ləğv edilməsi və materiallar iddia icraatına keçirilməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(069)-128/2016 saylı qərardadı ilə 28 aprel 2016-cı il tarixli, 2(069)-128/2016 saylı məhkəmə əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilmişdir. İddiaçı ASC-nin (keçmiş "xxxx" İKB) iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" X9 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 27-M-1-0-195-14 №-li kredit müqaviləsinə əsasən, borc alana 8.000 ABŞ dolları məbləğində illik 28 % olmaqla, 24 ay müddətinə kredit verilmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kredit və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq zamin Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 27-M-1-0-195-14 №-li zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. Ona görə də, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 27-M-1-0-195-14 nömrəli kredit müqaviləsindən irəli gələn xx.xx.2016-cı il tarixədək hesablanmış ödənilməmiş 6.927 ABŞ dolları əsas, 2.279 ABŞ dolları faiz borcunun və ödənilmiş 20 manat məbəlğində dövlət rüsumunun İddiaçı ASC-nin (keçmiş "xxxx" İKB) xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X1 bağlanmış xx.xx.2014-cü il tarixli, 27-M-1-0-195-14 saylı Bank hesab, kredit və zaminlik müqaviəsi üzrə onun zaminliyinə xitam verərək onun barəsində iddianın rədd edilməsi və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" X10 Cavabdeh2 və ondan xx.xx.2014-cü il tarixli, 27-M-1-0-195-14 №-li Bank hesab, kredit və zaminlik müqaviləsindən irəli gələn xx.xx.2016-cı il tarixədək hesablanmış ödənilməmiş 6.927 ABŞ dolları əsas, 2.279 ABŞ dolları faiz borcunun, ümumilikdə 9.206 ABŞ dollarının və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun "xxxx" İKB-nin xeyrinə tutulmasını tələb etmişdir. Belə k, borclu Cavabdeh2 iddiaçı "xxxx" İKB-dən xx.xx.2014-cü il tarixli, 27- M-1-0-195-14 saylı Bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən, illik 28 faiz olmaqla, 24 ay müddətinə 8.000 ABŞ dolları məbləğində kredit götürmüş, borcun təminatı olaraq onunla zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" İKB onunla bağladığı xx.xx.2014cü il tarixli, 27-M-1-0-195-14 saylı Bank hesab, kredit və zaminlik müqaviləsinin 2.1.25-ci maddəsinin “a” bəndində nəzərdə tutulur ki, tərəflərin qarşılıqlı razılığı ilə zaminlik barədə münasibətlər xitam olunur. "xxxx" İKB onunla bağladığı xx.xx.2014-cü il tarixli, 27-M-1-0- 195-14 saylı Bank hesab, kredit və zaminlik müqaviləsinin 11.3-cü bəndində və 2.1.25-ci bəndində nəzərdə tutulur ki, borcalan tərəfindən borc öhdəliyi yerinə yetirildikdə Bank bu barədə dərhal müvafiq sənədləri təqdim etməklə zaminə bildiriş göndərir. Bundan sonra xx.xx.2015-ci il tarixdə xx.xx.2014-cü il tarixli, 27-M-1-0-195-14 saylı Bank hesab, kredit və zaminlik müqaviləsi üzrə əlavə müqavilə bağlanmış, həmin müqavilədə Cavabdeh3 zamin olmuş və xx.xx.2014-cü il tarixli, 27-M-1-0-195-14 saylı Bank hesab, kredit və zaminlik müqaviəsinə dəyişikliklər edilmişdir. Belə ki, müqavilənin 1.2.6-cı bəndində göstərilmiş “24 ay” sözü “43” ayla əvəz edilmiş, müqavilənin 1.2.8-ci bəndində göstərilmiş “xx.xx.2016” sözləri “xx.xx.2018” sözləri ilə əvəz edilmiş və kreditin bağlanma tarixi “xx.xx.2018” hesab edilmiş, müqavilənin 1.2.11-ci bəndində göstərilmiş “28 %” sözləri “26 %”lə əvəz edilmişdir. Göründüyü kimi müqavilədə dəyişikliklər olsa da onun xəbəri olmamış və ona məlumat verilməmişdir. Belə ki, oda borclu ilə birlikdə öhdəliyin icrasını təmin etmək məsuliyyəti olduğundan borclu ilə bağlanmış yeni müqavilə barədə bank ona məlumat verməli və onunlada yeni müqavilə bağlamalı idi. Cünki bankın borclu ilə yeni bağladığı müqavilə onunda maraqlarına toxunur. Ona görə də, "xxxx" X1 bağlanmış xx.xx.2014-cü il tarixli, 27- M-1-0-195-14 saylı Bank hesab, kredit və zaminlik müqaviəsi üzrə onun zaminliyinə xitam verərək onun barəsində iddianın rədd edilməsi və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbininin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək, İddiaçı ASC-nin (keçmiş "xxxx" İKB) ona qarşı pul tələbinə dair iddiası üzrə məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsinin xahiş edirəm hissəsində qeyd etdiyi xx.xx.2014-cü il tarixini səhv olaraq yazmışdır. Ona görə də, xx.xx.2014-cü il tarixinin xx.xx.2014-cü il kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin (keçmiş "xxxx" İKB) nümayəndəsi X11 iddia tələbini müdafiə edib, iddia tələbininin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək izahatında göstərmişdir ki, ilk iddia tələbini müdafiə edir, qarşılıqlı iddia tələbini isə qəbul etmir. Belə ki, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(069)- 128/2016 saylı məhkəmə əmrinə əsasən, borclular Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9.206 ABŞ dolları pulun tutulması barədə məhkəmə əmri qəbul olunmuşdur. Lakin borclular məhkəmə əmrinə etiraz etdikləri üçün hal-hazırda işə iddia icraatı qaydasında baxıldığından iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, Xocavənd rayonu, Xocavənd kəndində qeydiyytda olan Cavabdeh3 əsas borcun təminatı olaraq zamin qismində digər tərəflər iddiaçı "xxxx" İKB ASC və əsas borclu Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Ona görə də, Cavabdeh3 da zamin qismində cavabdeh olaraq işə cəlb edilməli və iddiaçının hazırkı tələbi ona qarşı da yönəlməlidir. Bu səbəbdən Xocavənd rayonu, Xocavənd kəndində qeydiyyatda olan Cavabdeh3 da cavabdeh qismində işə cəlb edilməlidir. Həmçinin əmr icraatı qaydasında edilmiş müraciətdən hazırkı dövrə qədər uzun müddət keçmiş nəticədə yaranmış borcla bağlı dəyşikliklər baş vermişdir. Belə ki, sonuncu xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 İddiaçı ASC-nə (köhnə adı ilə "xxxx" İKB ASC) 4.172,70 ABŞ dolları əsas, 2.788,17 ABŞ dolları faiz, 2.215,75 ABŞ dolları cərimə, həmçinin kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.270,70 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 10.447,32 ABŞ dolları kredit borcu vardır. Ona görə də, yuxarda qeyd olunanları nəzərə alıb, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 4.172,70 ABŞ dolları əsas, 2.788,17 ABŞ dolları faiz, 2.215,75 ABŞ dolları cərimə, həmçinin kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.270,70 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 10.447,32 ABŞ dolları kredit borcunun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nə (köhnə adı ilə "xxxx" İKB) tutulması, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəməyə teleqram göndərərək göstərmişdir ki, "xxxx" İKB ASC-nin pul tələbinə dair mülki iş üzrə səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilmir. İşə onun iştirakı olmadan baxıb iddianın ona dair hissəsinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci madəsinə uyğun olaraq mülki işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin (keçmiş "xxxx" İKB) nümayəndəsi X6 izahatını dinləyib, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X3 teleqramını nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, 27-M-1-0-195-14 nömrəli Bank hesab, kredit və zaminlik müqaviləsindən görünür ki, "xxxx" X10 ilə Cavabdeh2 arasında bağlanmış Bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 24 ay müddətinə, illik 28 % dərəcəsi ilə 8.000 ABŞ dolları məbləğində biznes kredit verilmiş, kredit müqaviləsinin təminatı olaraq, Nikoyl” X10 ilə X7 arasında xx.xx.2014-cü il tarixli, 27- M-1-0-195-14 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli qəbzdən görünür ki, "xxxx" X10 tərəfindən Cavabdeh2 qarşı məhkəmədə iddia qaldırılması üçün 20 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 27-M-1-0-195-14 nömrəli kredit müqaviləsi üzrə 6.927 ABŞ dolları əsas, 2.279 ABŞ dolları faiz, cəmi 9.206 ABŞ dollar "xxxx" X8 borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 27-M-1-0-195-14 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixdən başlayaraq, 24 ay müddətində, hər ay 439,11 manat olmaqla, sonuncu ay 439,08 manat "xxxx" X8 ödəniş etməlidir. İş materiallarında olan Beyləqan RPŞ tərəfindən verilmiş AZE seriaylı 0******* nömrəli xx.xx.2009-cu il tarxli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1980-cı ildə Ağdam rayonu, Rzalar kəndində doğulmuş, Xocavənd rayonu, Xocavənd kəndində qeydiyyatdadır. İş materiallarında olan Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli xx.xx.2012-ci il tarxli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1976-cı ildə Şəmkir rayonu, Seyfəli kəndində doğulmuş, Zəngilan rayonu, Genlik kəndində qeydiyyatdadır. İş materallarında olan Zəngilan rayon İHB-nın müavinin xx.xx.2016-cı il tarixli, 66 saylı məktuban görünür ki, Zəngilan rayonu, Genlik kənd sakini Cavabdeh1 ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. İş materallarında olan Xocavənd rayon İHB aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin xx.xx.2016-cı il tarixli, 5-105 saylı məktubdan görünür ki, Xocavənd rayonu, Xocavənd kənd sakini Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi 17 a, futbol meydançasındakı özbaşına tikilən evlərdə məskunlaşmışdır. İş materiallarında olan Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Səvxan Abbasovun 31 may 2016-cı il tarixli xx/xx-7887-10 saylı icraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, Xocavənd Rayon Məhkəməsinin 28 aprel 2016cı il tarixli, 2(069)-128/2016 saylı məhkəmə əmri üzrə “İcraata Başlamaq haqqında” qərar qəbul edilərək, tərəflərə göndərilmişdir. İş materiallarında olan Cavabdeh1 04 aprel 2023-cü il tarixli ərizəsindən görünür ki, Xocavənd Rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli, 2(069)-128/2016 saylı məhkəmə əmrinin surətini almadığını üçün ona verilməsini xahiş etmişdir. İş materiallarında olan 04 aprel 2023-cü il tarixli qəbzindən görünür ki, Cavabdeh1 Xocavənd Rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli, 2(069)-128/2016 saylı məhkəmə əmrinin surətini 04 aprel 2023-cü il tarixdə qəbzə imza etməklə qəbul etmişdir. İş materiallarında olan 30 aprel 2015-ci il tarixli, 27-M-1-0-195-14 saylı xx.xx.2014-cü il tarixli Bank hesab, kredit və zaminlik müqaviləsinə əlavədən görünür ki, "xxxx" X10 ASC ilə Cavabdeh2 və zamin Cavabdeh3 arasında bağlanmış Bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən, bu saziş qüvvəyə mindiyi tarixdən etibarən; 1.1 Müqavilənin 1.2.6-cı bəndində göstərilmiş ”24 ay (iyrimi dörd ay)” sözləri “43 ay 0 gün (qırx üç ay sıfır gün)” sözləri ilə əvəz edilmiş və kreditin müddəti “43 ay 0 gün (qırx üç ay sıfır gün)” hesab edilmiş; 1.2 Müqaviləsinin 1.2.8-ci bəndində göstərilmiş “xx.xx.2016” sözləri “xx.xx.2018” sözləri ilə əvəz edilmiş və kreditin bağlanma tarixi “xx.xx.2018” hesab edilmiş; 1.3 Müqaviləsinin 1.2.11-ci bəndində göstərilmiş “28 faiz (iyrimi səkkiz)” sözləri 26 faiz (iyrimi altı)” sözləri ilə əvəz edilmiş və kreditin illik fazi dərəcəsi 26 faiz (iyrimi altı) hesab edilmiş, 2. Müqavilənin digər bəndləri dəyişdirilmədən saxlanılmiş, 3. Bu saziş üzrə edilmiş dəyşiklik 27-M-1-0-195-14 saylı, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinin tərkib hisəssi olmaqla hazırkı saziş imzalandığı tarixdən qüvvəyə minmiş və "xxxx" X10 ilə Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 30 aprel 2015-ci il tarixli, 27-M-1-0-195-14 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx" X10 ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh3 borclu ilə eyni həcmdə Bank qarşısında öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 27-M-1-0-195-14 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixdən başlayaraq, 36 ay müddətində, illik 26 faizlə, hər ay 279,07 manat olmaqla, sonuncu ay 278,87 manat "xxxx" X8 ödəniş etməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixə 4.172,70 ABŞ dolları əsas, 2.788,17 ABŞ dolları faiz, 2.215,75 ABŞ dolları cərimə və 1.270,70 ABŞ dolları əldən çıxmış fayda borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı ASC-nə (keçmiş "xxxx" İKB) qarşı məhkəmədə qarşılıqlı iddia qaldırılması üçün 138 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" X10 ilə Cavabdeh2 arasında Bank hesab, kredit və zaminlik müqaviləsi bağlanmış, bank tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 28 % dərəcəsi ilə 8.000 ABŞ dolları məbləğində biznes krediti verilmiş və kreditin təminatı olaraq "xxxx" X10 ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Bununla bağlı Xocavənd Rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli, 2(069)-128/2016 saylı məhkəmə əmri ilə Cavabdeh2 və Cavabdeh1 6.927 ABŞ dolları əsas, 2.279 ABŞ dolları faiz borcu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin (keçmiş "xxxx" İKB) xeyrinə tutulmuş, məhkəmə əmri icra olunması üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmiş və Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Səvxan Abbasov tərəfindən Xocavənd Rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli, 2(069)-128/2016 saylı məhkəmə əmri üzrə “İcraata Başlamaq haqqında” qərar qəbul edilərək, tərəflərə göndərilmişdir. Eyni zamanda "xxxx" X10 ASC ilə Cavabdeh2 və zamin Cavabdeh3 arasında 30 aprel 2015-ci il tarixdə Bank hesab, kredit və zaminlik müqaviləsi bağlanmış və Cavabdeh3 borclu ilə eyni həcmdə Bank qarşısında öhdəlik götürmüşdür. Lakin 30 aprel 2015-ci il tarixdə Bank hesab, kredit və zaminlik müqaviləsi bağlanan zaman Cavabdeh1 iştirakı təmin edilməmiş və bu barədə məlumatı olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun ) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsi əsasında, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eyni zamanda borclu və zaminlər ilə bağlanmış müqavilələrə əsasən borclu öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor borclu və zaminlərdən kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına o, cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edilən hüquq normalarını nəzərdən keçirib hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 öz riskləri ilə kredit və zaminlik müqavilələri bağladıqlarından həmin müqavilələr üzrə yaranmış öhdəliklərə görə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarından müəyyən edilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən: “öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Cavabdeh2 iddiaçı təşkilatdan kredit götürməsi onun müqavilə şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunverciliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Bu mənada məhkəmə hesab edir ki, 2.215,75 ABŞ dolları məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə dəbbə pulunun, 215 ABŞ dolları saxlanmasını daha məqəsədə müvafiq hesab edir. Göründüyü kimi 30 aprel 2015-ci il tarixdə "xxxx" X10 ilə Cavabdeh2 və zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 27-M-1-0-195-14 saylı Bank hesab, kredit və zaminlik müqaviləsi bağlanarkən Cavabdeh1 iştirak etməmiş və öhdəlik üzrə müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə edilməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 470.1,470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli Qərarından göstərilmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli qərarından göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində müəyyən edilmişdir. Belə ki, zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Yəni zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar, kreditin ümumi məbləğinin artırılması, kreditin faizinin artırılması, kreditin valyutasının dəyişdirilməsi, kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Bu baxımdan və Mülki Məcəllənin zaminliyə xitam verilməsi hallarını tənzimləyən 477-ci maddəsində zaminliyə qismən xitam verilməsi nəzərdə tutulmadığından, müqavilələrdə zaminin məsuliyyətinin artmasına və ya digər əlverişsiz nəticələrə səbəb olan (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişiklik edildiyi halda zaminliyə bütövlükdə xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin hüquq bərabərliyi, həqiqətə nail olmaqdan ötrü işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4.172,70 ABŞ dolları əsas, 2.788,17 ABŞ dolları faiz, 215 ABŞ dolları cərimə, həmçinin kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.270,70 ABŞ dolları məbləğində əldən çıxmış fayda və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin (köhnə adı ilə "xxxx" İKB) xeyrinə tutulmalı, ilk iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddianın qiyməti 500 manatdan artıq olduğundan, iddiaçı tərəfindən məhkəmə əmrinin verilməsi üçün 20 manat dövlət rüsumu ödənildiyindən, 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, zaminlik müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmadığından və hazırki müqavilə üzrə zamin Cavabdeh1 məsuliyyətinin artmasına səbəb olan hallar baş verməklə bağlandığından, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı ASC (köhnə adı ilə "xxxx" İKB) ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, 27-M-1-0-195-14 saylı Bank hesab, kredit və zaminlik müqaviəsi üzrə X4 zaminliyinə xitam verilməli, Cavabdeh1 tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 138 manat dövlət rüsumu özünə aid edilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4.172,70 ABŞ dolları əsas, 2.788,17 ABŞ dolları faiz, 215 ABŞ dolları cərimə, həmçinin kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.270,70 ABŞ dolları məbləğində əldən çıxmış fayda və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin (köhnə adı ilə "xxxx" İKB) xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı ASC (köhnə adı ilə "xxxx" İKB) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 27-M-1-0-195-14 saylı Bank hesab, kredit və zaminlik müqaviləsi üzrə Cavabdeh1 zaminliyinə xitam verilsin. Cavabdeh1 tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 138 manat dövlət rüsumu özünə aid edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №2(069)-88/2023
Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-88/2023
08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver