Məhkəmə qərarları › İş №2(070)-173/2025

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-173/2025

24.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-173/2025 24.06.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində vəsaitin alınıb dövlət nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Bayramov X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 8 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və hökmün icrası barədə göstəriş xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuşdur. xx.xx.2023cü il tarixdə idarənin böyük icra məmuru vəzifəsində çalışmış N.Bayramov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuşdur. Məhkum Cavabdeh mobil nəzarət qutusunu itirmiş və bununla bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edilmiş, daha sonra xx.xx.2023-cü il tarixdə məhkumun üzərinə yeni elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil nəzarət qurğusunun enerji adaptoru, 1 ədəd enerji ötürücü qurğu məhkum Cavabdeh təhvil verilmişdir. Nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin və cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Xocalı rayonunun Cəmilli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 24 saylı Birləşmiş Şəhər Xəstəxanasının inzibati binasında yaşayan məhkum Cavabdeh üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsinə texniki baxış keçirilərkən mobil nəzarət qurğusunun yararsız hala salındığı müəyyən edilmişdir. Məhkum Cavabdeh yazdığı izahatında mobil nəzarət qurğusunun suya düşdüyünü qeyd etmişdir. Evrodizayn QSC-nin rəyinə əsasən mobil qurğunun istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə yararsız hala salındığı və istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına əsasən elektron nəzarət vasitəsinin dəyəri 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından tərəflərindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o, iddia tələbini qəbul edir. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hazırda da həmin cəzanı çəkir. O, birinci dəfə təhvil aldığı elektron nəzarət qurğusunu itirmişdir. Daha sonra ona yeni elektron nəzarət qurğusu təhvil verilsə də, həmin qurğunu yenidən suya salaraq yararsız vəziyyətə gətirmişdir. Lakin ondan tələb olunan məbləği birdəfəlik ödəyə bilmir. Yəni həmin məbləği hissə-hissə ödəməyə gücü çatır. Göstərilənlərə dair ərizə təqdim edərək ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçınə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(010)-370/2023 nömrəli hökmündən görünür ki, Cavabdeh CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmış, üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və s. vəzifələr qoyulmuşdur; İddiaçı icra məmuru X2 və məhkum Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin elektron nəzarət vasitəsinə baxış keçirilməsinə dair Protokol”dan görünür ki, mobil qurğu işləmir, enerjiyə taxılanda açılmır, ekranın içərisində su dənəcikləri açıq aşkar görünür. Məhkum mobil qurğunu əlindən suya saldığını bildirmişdir. Elektron nəzarət vasitəsi yararsız vəziyyətə düşdüyündən dəyişdirilməlidir; İddiaçı icra məmuru X2 və məhkum Cavabdeh tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin elektron nəzarət vasitəsinə baxış keçirilməsinə dair Protokol”dan görünür ki, komplekt nasazdır, mobil qurğu işləmir. Bu səbəbdən 35639309 nömrəli mobil qurğu və 03608 nömrəli qolbaq təhvil götürülmüş, məhkuma yeni 35628608 nömrəli mobil qurğu və 37668 nömrəli qolbaq təhvil verilmişdir; “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” mütəxəssis rəyindən görünür ki, istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə Cavabdeh təhvil verilmiş 35639309 nömrəli elektron nəzarət vasitəsi nasaz vəziyyətə salınmışdır. Təmiri mümkün deyildir, istifadəyə tam yararsızdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsi tərəfindən verilmiş “Attenti” markalı nəzarət vasitələri haqqında maliyyə arayışından görünür ki, “Attenti” markalı ağıllı elektron qolbağın dəyəri 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manatdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-370/2023 nömrəli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 2 il 8 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş İddiaçı icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Cavabdeh (məhkum) Cavabdeh ayağına elektron qolbaq bağlanmış, həmçinin mobil qurğu da ona təhvil verilmişdir. Cavabdeh (məhkum) Cavabdeh cəzasını çəkdiyi müddətdə mobil qurğunu yararsız vəziyyətə salmışdır. Odur ki, cavabdeh (məhkum) Cavabdeh mobil qurğunun dəyəri alınaraq dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli, 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o, yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, MPM-in 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.14-cü maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, 42,78 (qırx iki manat yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat vəsait və 42,78 (qırx iki manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu dövlət nəfinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat vəsait və 42,78 (qırx iki manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar