Məhkəmə qərarları › İş №2(070)-30/2024

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-30/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-30/2024 24.01.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Aslanova Röya Ramiz qızının katibliyi, Cavabdeh nümayəndəsi Hüseynov Ehtibar Qara oğlunun iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3800 AZN əsas, 1257.7 AZN faiz, 218.02 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5275.72 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 73.16 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29 % ödəmək şərtilə kredit ayrılmışdır. Kreditin ilkin limiti 1000 manat məbləğində təyin edilir. Müqavilənin 4.2.16-cı bəndinə əsasən borcverən bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin, cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 30 oktyabr 2023-cü il tarixinə "xxxx" KB ASC-yə 3800 AZN əsas, 1257,7 AZN faiz, 218,02 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5275,72 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Hüseynov Ehtibar Qara oğlu iddia tələbini qismən etiraf edərək bildirdi ki, iddia tələbini əsas və faiz borcu hissəsində qəbul edir. Cavabdeh onun oğludur. Oğlu həqiqətən bankdan kredit götürmüşdür. Lakin, oğlunun maddi vəziyyəti aşağı olduğundan ödəniş edə bilmir. Məhkəmədən tələb olunan cərimə borcunun azaldılmasını xahiş edir. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş edərək buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə gəlməmişlər. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiklərini və onların iştiraki olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Rеspublikası Mülki-Prosеssual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 9610ssSTB2/20 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" KB ASC Cavabdeh illik 29 faiz olmaqla ilkin olaraq 1000 manat kredit verməyi, Cavabdeh həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəlik götürmüşdür; "xxxx" KB ASC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 9610ssSTB2/22 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" KB ASC-yə 3800 AZN əsas, 1257.7 AZN faiz, 218.02 AZN cərimə, cəmi 5275.72 AZN kredit borcu vardır; xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən iddiaçı "xxxx" KB ASC məhkəmədə iddia qaldırmaq üçün 72.76 manat məbləğində dövlət rüsumu və 0.4 manat məbləğində bank xərci ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 9610ssSTB2/22 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 29% ödəmək şərtilə ilkin olaraq 1000 manat məbləğində kredit limiti ayrılmışdır. Lakin, cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-ci il tarixə "xxxx" KB ASC-yə 3800 AZN əsas, 1257.7 AZN faiz, 218.02 AZN cərimə, cəmi 5275.72 AZN borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Qeyd olunmalıdır ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, Cavabdeh öhdəliyini icra etməmiş, bununla da kreditora ziyan vurmuşdur. Buna görə də, borclu öhdəliyinin pozuntusu üçün bank qarşısında məsuliyyət daşımalıdır. Məhkəmə iddia tələbinin müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 218.02 manat məbləğində cərimə hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3800 manat əsas, 1257.7 manat faiz, 10 manat cərimə, cəmi 5067.7 manat borc və 70.68 manat dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3800 manat əsas, 1257.7 manat faiz, 10 manat cərimə, cəmi 5067.7 manat borc və 70.68 manat dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar