Məhkəmə qərarları › İş №2(070)-62/2024

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-62/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-62/2024 08.05.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Kərimov Namiq Saleh oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada LPO İddiaçı ASC-nin xeyrinə 3966,17 manat əsas, 21,37 manat faiz, cəmi 3987,54 manat məbləğində vəsaitin və ödənilmiş 60 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış LM022000061 nömrəli, xx.xx.2020-ci il tarixli restrukturizasiya müqaviləsinə əsasən cavabdehin banka olan 5000 manat borcu 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir. Cavabdeh1 banka olan borcu restrukturizasiya edilərkən Cavabdeh2 ilə bank arasında xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Restrukturizasiya müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********525 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəli pozulmuşdur. Cavabdeh1 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 3987,54 manat (3966,17 manat əsas, 21,37 manat faiz, 0 manat cərimə borcu) təşkil edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə mürаciət еdərək, işə onların iştirаkı оlmаdаn bахılmаsını və iddiаnın təmin еdilməsi bаrədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. Məhkəmə, Azərbaycan Rеspublikası Mülki-Prosеssual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, LM022000061 nömrəli restrukturizasiya müqaviləsindən görünür ki, LPO İddiaçı ASC Cavabdeh1 60 ay müddətinə, illik 1 faiz olmaqla 5000 manat kredit verməyi, Cavabdeh1 həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəlik götürmüşdür; xx.xx.2020-ci il tarixli, LM022000061 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin kimi Cavabdeh1 xx.xx.2020-ci il tarixli, LM022000061 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür; xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli, LM022000061 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2023-cü il tarixə 3966,17 manat əsas, 21,37 manat faiz, cəmi 3987,54 manat məbləğində borcu vardır; X1 ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 60 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 LPO İddiaçı ASC tərəfindən xx.xx.2020-ci il tarixli, LM022000061 nömrəli restrukturizasiya müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixədək, illik 1 faiz olmaqla 5000 manat məbləğində kredit verilmiş, Cavabdeh2 borclunun öhdəliyini icra etməsi üçün zamin kimi müəyyən edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Həmçinin, Cavabdeh2 da zamin olduğu üçün əsas borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehlər öhdəliklərini icra etməmiş, bununla da kreditora ziyan vurmuşlar. Buna görə də cavabdehlər öhdəliklərinin pozuntusu üçün kreditor qarşısında məsuliyyət daşımalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə 3966,17 manat əsas, 21,37 manat faiz, cəmi 3987,54 manat borc və ödənilmiş 60 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə 3966,17 manat əsas, 21,37 manat faiz, cəmi 3987,54 manat borc və ödənilmiş 60 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar