Məhkəmə qərarları › İş №2(070)-67/2023

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-67/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-67/2023 31.03.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulmasına dair iddia ərizəsi üzrə mülki işə, Xocalı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizənin ləğv edilməsi, cavabdehdən xeyirlərinə 4,490.68 manat kredit borcu, 413.54 manat faiz borcu və 131.13 manat məbləğində cərimə, habelə ödənilmiş 70.35 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, cavabdeh aylıq faiz dərəcəsi 1.75 % olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 5,000 manat məbləğində kredit götürmüşdür. O, ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 509.32 manat ödəniş etmiş və onun iddiaçıya 4,490.68 manat məbləğində kredit borcu qalmışdır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. O, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 146 gün üçün hesablanmış faiz borcu 413.54 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərinə ödəməlidir. xx.xx.2022-ci il tarixə 146 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 131.13 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Lakin, iddiaçı təşkilatın nümayəndəsi Aidə Osmanlı məhkəməyə teleqram göndərərək, iclasda üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlə isə telefonla əlaqə saxlanılmış, o isə bildirmişdir ki, borcla razıdır, məhkəməyə heç bir etirazı yoxdur və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 11 mart 2022-ci il tarixli, 030A********** saylı kredit müqaviləsindən müəyyən olunur ki, cavabdeh, aylıq faiz dərəcəsi 1.75 % olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 5,000 manat məbləğində kredit götürmüşdür. Maliyyə arayışlarından müəyyən olunur ki, 11 mart 2022-ci il tarixli 030A********** saylı kredit müqaviləsi üzrə 4,490.68 manat əsas kredit borcu, 413.54 manat faiz borcu var, 131.13 manat cərimə hesablanmışdır. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, təqdim olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı QSC, Cavabdehlə bağlanmış kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi icra edərək sonuncuya kredit müqaviləsində qeyd edilən məbləğdə pulu versə də, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və bunun nəticəsində iddia tələbində qeyd edilən məbləğdə borc yaranmışdır. İddia ərizəsində qeyd edilən kredit müqavilələri üzrə yaranmış əsas və faiz borcunun əsassızlığına, habelə hesablanmış cərimənin tənasübsüzlüyünə dəlalət edən hər hansı sübut müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, yaranmış borc, qeyd edilən məbləğdə cərimə, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, tərəflər arasında bağlanmış həmin müqavilə ləğv edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 11 mart 2022-ci il tarixli, 030A********** saylı kredit müqaviləsi üzrə 4,490.68 manat əsas, 413.54 manat faiz borcu, 131.13 manat cərimə, habelə 70.35 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 5,105 (beş min yüz beş) manat 70 (yetmiş) qəpik İddiaçı QSC-nin xeyrinə tutulsun. Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 11 mart 2022-ci il tarixli 030A********** saylı kredit müqaviləsi ləğv edilsin. Qətnamədən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar