Məhkəmə qərarları › İş №2(070)-8/2024

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-8/2024

06.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-8/2024 06.03.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Kərimov Namiq Saleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus 13165 manat pulun alınıb ona qaytarılması, ona vurduğu ziyana görə 2000 manat pulun ona ödənilməsi və ödədiyi 136 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci ildə hərbi xidmətdən qayıdandan sonra daxili işlər orqanlarında işə düzəlmək istəmişdir. X6 tanışı Akif Quliyev onlarda qonaq olarkən onu işə düzəltmək istədiyini bildirmişdir. O da oğlu Pərvizə bu barədə demişdir. Bir neçə saatdan sonra Pərviz atasına zəng edərək onu DİO-da mühafizə polisinə işə düzəldə biləcək tanışı olduğunu, bunun üçün 13000 manat pul lazım olduğunu, pulun yarısını əvvəlcədən, qalan hissəsini isə işə qəbul olunduqdan sonra vermək lazım olduğunu söyləmişdir. Təxminən 2019-cu ilin noyabr ayında Pərvizlə 7000 manat pulu və bir neçə sənədi götürüb Gəncə şəhərinə gedərək orada “Gəncə Mall” ticarət mərkəzinin yanında əvvəllər tanımadığı özünü Tovuz RPŞ-nin polis nəfəri Cavabdeh kimi təqdim edən şəxslə görüşmüşlər. Cavabdeh 3 ay ərzində işini həll edəcəyini bildirib 7000 manat pulu və sənədlərini götürmüşdür. Sonra birlikdə X3 İdarəsinin kadrlar şöbəsinin rəisi Sədaqət Hüseynovanın qəbuluna getmişlər. Sədaqət Hüseynova ona bir neçə sual verəndən sonra onun DİO-da mühaizə polisi kimi xidmət etməyinin mümkün olduğunu demişdir. Bundan bir müddət keçəndən sonra cavabdeh ona zəng edərək iş ilə əlaqədar 6000 manat pul istəmişdir. O, iki dəfəyə hər dəfə 3000 manat, cəmi 6000 manat pulu marşrut avtobusunun sürücüsü ilə ona göndərmişdir. Amil zəng edərək göndərdiyi pulu aldığını bildirmişdir. Bundan sonra o, hər dəfə ona zəng edib iş barədə soruşanda o, müxtəlif bəhanələr gətirərək işinin yaxın müddətdə həll olunacağını söyləmişdir. 2021-ci ilin yanvar ayına qədər onunla əlaqə saxlamışdır. Lakin, cavabdehin onu aldadaraq pulunu ələ keçirdiyini görüb müvafiq qurumlara şikayət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona qəti olaraq 1 il 6 ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəziffə tutma hüququndan məhrum edilməklə 03 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Beləliklə, cavabdeh məhkəmə hökmündə göstərildiyi kimi dələduzluq yolu ilə onun 13160 manat məbləğində pulunu mənimsəmişdir. O, pulunu dəfələrlə tələb etsə də cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. O, məcbur olub cavabdehə qarşı pul tələbinə dair iddia qaldırır. Bundan başqa o, hər dəfə istintaq orqanına və məhkəməyə gedibgələrkən xərc çəkmişdir. Cavabdehin qeyri-qanuni, cinayətkar hərəkəti nəticəsində nəinki o, eyni zamanda ailəsi və valideynləri də stress keçirmişdir. Cavabdehin ona vurduğu ziyana görə əlavə olaraq 2000 manat pul da tələb edir. Əslində xərcləri çox çıxmışdır. Lakin, dövlət rüsumunu ödəyə bilmədiyi üçün xərci olduğundan az göstərir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdeh ona 2100 manat qaytarmışdır. Əlavə 2000 manat tələbi ilə bağlı sübutu yoxdur. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Gəncə Şəhər Probasiya Şöbəsinin 06 mart 2024-cü il tarixli, 21-3/1- 351/2024 nömrəli məktubundan görünür ki, Cavabdeh 06 mart 2024-cü il tarixdə saat 11:30-da Xocalı Rayon Məhkəməsində keçiriləcək mülki məhkəmə iclasında iştirak etmək üçün Gəncə şəhərinin ərazi hüdudlarını tərk edərək Goranboy rayonuna getməsi barədə həmin tarixdə icazə qərarı qəbul edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 1(125)-4/2023 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən Cavabdeh təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 01 (bir) ay 16 (on altı) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 03 (üç) ay 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cavabdeh cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, Cavabdeh üzərinə cəza çəkdiyi müddətdə Gəncə şəhəri ərazi hüdudlarını, axşam saat 23:30-dan səhər saat 06:30-dək daimi yaşayış yeri olan ünvan 1 ünvanı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuş, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Cavabdeh məhkəmə iclas zalından dərhal həbsdən azad edilmiş, hökmün icrası təqsirləndirilən şəxs Cavabdeh yaşayış yeri üzrə icra qurumuna tapşırılmış, Cavabdeh təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmışdır; Gəncə Şəhər Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 1(125)-4/2023 nömrəli qərarının surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün hökm etdi hissəsində 3-cü abzasında “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 01 (bir) ay 16 (on altı) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 03 (üç) ay 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın” cümləsi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 01 (bir) ay 15 (on beş) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 03 (üç) ay ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın” cümləsi kimi oxunulması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 mart 2023-cü il tarixli, 1(125)-4/2023 nömrəli hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh Tovuz RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin sahənin polis nəfəri vəzifəsində işlədiyi müddətdə qulluq mövqeyinə görə ona olan inam və etibardan istifadə etməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə İddiaçı geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, X4 şöbəsinə işə düzəltməklə bağlı təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, vədini yerinə yetirilməsi müqabilində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2019-cu ilin noyabr ayının sonlarında Gəncə şəhəri, H.Əliyev prospekti 433 ünvanında yerləşən “Gəncə Mall”ın qarşısında İddiaçı ilə görüşüb 7000 manatı, daha sonra 2020-ci ilin yanvar ayının müxtəlif günlərində Tovuz-Gəncə işləyən, istintaqa məlum olmayan avtomobillə göndərilən 3000 manatı Gəncə şəhəri, Nizami küçəsi ünvanında yerləşən H.Əliyev parkının qarşısında, daha sonra həmin müddətdə istintaqa adı məlum olmayan avtomaşınla göndərilən 3000 manatı yenidən Gəncə şəhəri, Nizami küçəsi ünvanında yerləşən H.Əliyev parkının yaxınlığında, daha sonra həmin müddətdə X1 olduğu “Mercedes” “Sprinter” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə göndərilən 160 manatı isə ünvan 4 ünvanında yerləşən “Ramada Plaza” otelinin qarşısında vahid niyyətlə cəmi 13160 (on üç min yüz altmış) manat olan pulu öz qulluq mövqeyinə görə etibardan sui-istifadə edərək ələ keçirməklə xeyli miqdarda dələduzluq etmiş, eləcə də Daxili İşlər Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə maddi neməti rüşvət qismində verməyə İddiaçı ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə təhrik etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyan yuxarıda qeyd olunan cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir. İddia tələbinin maddi hüquqi əsası ilə bağlı məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələbinin əsası xüsusi hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və sair) irəli gəlir. Hazırkı mülki mübahisəyə münasibətdə iddia tələbinin əsasını delikt təşkil edir. Çünki, tərəflərin arasında hər hansı müqavilə yoxdur. Mülki hüquq pozuntusunun tərkibini mülkihüquqi məsuliyyətinin aşağıdakı ümumi şərtləri təşkil edir: 1. Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması (hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır); 2. Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi (Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur); 3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması (Baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir); 4. Hüququ pozan şəxsin təqsirinin olması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə iddia tələbinin cavabdehdən ona məxsus 13165 manat pulun alınıb iddiaçıya qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin məbləği ona vurulmuş zərər olaraq tələb edir. Lakin, Gəncə Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 1(125)-4/2023 nömrəli hökmü ilə müəyyən edilir ki, həmin məbləğ 13165 manat deyil, 13160 manatdır. İddiaçı isə məhkəmə iclasında həmin məbləğdən 2100 manat cavabdehin ona qaytardığını bildirmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə cavabdeh iddiaçıya 13160 manat zərər vurması və məhkəmə iclasında zərərin əvəzinin 2100 manat qaytarıldığı müəyyən edilmişdir. Odur ki, iddia həmin hissədə qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 11060 manat tutulmalıdır. Məhkəmə iddia tələbinin cavabdehdən ona vurduğu ziyana görə 2000 manat pulun iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbinin ziyan hissəsini onun hər dəfə istintaq orqanına və məhkəməyə gedib-gələrkən xərc çəkməsi ilə əsaslandırmışdır. Lakin, iddiaçı tələbinin həmin hissəsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11060 (on bir min altmış) manat vəsait və ödənilmiş 123.18 (yüz iyirmi üç manat on səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11060 (on bir min altmış) manat vəsait və ödənilmiş 123.18 (yüz iyirmi üç manat on səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar