Məhkəmə qərarları › İş №2(071)-1020/2024

Hacıqabul Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(071)-1020/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1020/2024 05.11.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 60 manat məbləğində pulun iddiaçı Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, Kürdəmir rayon Ərəbqubalı kəndində yaşayır. Özünəməxsus torpaq sahəsi mövcuddur. Öz torpaq sahəsində nar məhsulu yetişdirərək ailəsini dolandırır. 2023-cü il nar məhsulunun yetişmiş olduğu vaxtlarında satmaq qərarına gəlmişdir. Hacıqabul rayon Udulu kənd sakini Cavabdeh onun nar məhsullarına baxmış və alacağını bildirmişdir. Sentyabr-oktyabr ayları ərzində Cavabdeh İddiaçı məxsus nar məhsulunu almışdır. Cavabdeh məhsulu götürmüş və narı satdıqdan sonra pulunu verəcəyini bildirmişdir. İddiaçı onunla razılaşmışdır. Cavabdeh İddiaçı 4.000 manat dəyərində olan nar məhsulunu almışdır. Budan sonra iddiaçı cavabdehlə dəfələrlə əlaqə saxlayaraq narın pulunu geri qaytarmasını xahiş etmiş lakin, cavabdeh hər dəfə yalan vədlərlə iddiaçını aldatmağa çalışmışdır. İddiaçı məcbur qalaraq Kürdəmir RPŞ-yə müraciət etmişdir. Onun müraciəti əsasında araşdırma aparılmış lakin, onun müraciəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-1020/2024 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, keçən ilin sentyabr-oktyabr aylarında Cavabdeh ümumi dəyəri 4000 manat olan nar məhsulunu almışdır. Həmin nar məhsullarının 1 yeşiyi 10 manata qiymətləndirilmişdir. Satılmış narların neçə yeşikdən ibarət olmasını xatırlamır. Nar məhsulunun yeşiklərə yığılaraq satışını əri və oğlu həyata keçirmiş, o, danışıqlarda iştirak etməmişdir. Özü, gəlini və nəvələri ilə birlikdə həmin narları ağaclardan yığmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirdi ki, o, iddiaçının oğludur. Cavabdeh tanıyır. Ötən il onun yaşadığı kəndə gələrək nar məhsulu almışdır. Bundan qabaq da nar almış və pulunu vermişdir. Lakin, ötən il aldığı narların pulunu hələ də verməmişdir. Narlar Cavabdeh təhvil verilərkən Şahid2 da orada iştirak etmişdir. Narların olduğu yeşiklərin bir ədədinin qiyməti təxminən 10-12 manat olmuşdur. Cavabdehə neçə yeşik nar satıldığını xatırlamır. Lakin atasının verdiyi məlumatdan bilir ki, hazırda cavabdehin 4000 manat məbləğində borcu vardır. Həmin nar məhsullarının dəyərini onun atası və Cavabdeh birlikdə hesablamışlar. Cavabdeh narları almağa gələrkən özü ilə birlikdə narları daşıması üçün işçi də gətirmişdir və o, həmin işçiləri tanımır. Cavabdehin Hacıqabul rayonun Udulu kəndindən olduğunu eşitmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-86/2-11063/2024 nömrəli məktubdan müəyyən edilir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə teleqram vasitəsi ilə Kürdəmir rayon Polis Şöbəsinə etdiyi müraciət polis əməkdaşları tərəfindən araşdırılmışdır. Aparılan araşdırma zamanı Kürdəmir rayon Polis Şöbəsinə etdiyi müraciətlə bağlı göstərilən xüsusatlar mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Ərəbqubalı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 209 nömrəli arayışdan müəyyən edilir ki, İddiaçı hazırda Kürdəmir rayonunun Ərəbqubalı kənd icra nümayəndəliyində qeydiyyatda olmaqla, Çöl-Qubalı kəndində yaşayır. İddiaçı özünəməxsus 1,08 ha torpaq sahəsində 980 ədəd bar verən nar bağı vardır. Məhkəmə, iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, tərəflər arasında şifahi qaydada bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 4000 manat dəyərində olan nar məhsulunu almış, aldığı məhsulun dəyərini iddiaçıya ödəməmiş və 4000 manat borcu vardır. Hazırda cavabdeh iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırır. İş materiallarından da görünür ki, İddiaçı özünəməxsus 1,08 ha torpaq sahəsində 980 ədəd bar verən nar bağı vardır. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər də cavabdehin iddiaçıya borcunun olduğunu, onların yanında iddiaçının cavabdehdən borcunu tələb etdiyini bildirmişlər. Cavabdeh isə aldığı əşyaların dəyərini iddiaçıya tam ödəməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəyə görə Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.i 1091.2-ci maddəyə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəyə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəyə görə əsassız varlanma nəticəsində əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü maddəyə görə əsassız varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında faktiki şifahi qaydada bağlanmış nisyə-alqı satqı müqaviləsi bağlamaq niyyətində olmuşlar. Lakin müqavilənin formasına uyğun tərtib edilmədən razılığa gəlinmiş və bu razılaşmadan irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Həmin razılaşma üzrə iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, belə ki, o, razılaşma predmeti olan məhsulu cavabdehə vermiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni aldığı məhsulun dəyərini iddiaçının ondan vaxtaşırı tələb etməsinə baxmayaraq vaxtında ödəməmişdir. Onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Bununla da o, əsassız olaraq iddiaçıya münasibətdə varlanmışdır. Odur ki, iddiaçı cavabdehdən satdığı malların dəyərinin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilməli, 4000 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4.000 (dörd min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 60 (altmış) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra on gün müddətində cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həmin qətnamənin ləğvi üçün Hacıqabul Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar