Məhkəmə qərarları › İş №2(071)-103/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-103/2023

09.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-103/2023 09.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X13 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli İŞ № 2(071)- 421/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, cavabdeh ilə birgə nikahlarından doğulmuş 19 avqust 2015-ci il təvəllüdlü X3 və 28 aprel 2017- ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay, hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh el adəti ilə ailə həyatı quraraq, nikahlarını 27 may 2014-cü il tarixdə Hacıqabul rayon Qeydiyyat Şöbəsində rəsmi qeyd etdirmişlər. Hacıqabul rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(071)-421/2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış 27 may 2014-cü il tarixli nikah pozulmuş, birgə nikahlarından doğulmuş - 19 avqust 2015-ci il təvəllüdlü X7 və 28 aprel 2017-ci il təvəllüdlü X8 onun himayəsində saxlanılmış və hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat aliment müəyyən edilmişdir. Hazırda o, iki azyaşlı uşağı ilə birlikdə valideynlərinin himayəsində yaşayır və cavabdeh hər ay hər uşağa 100 manat ödəyir. Lakin, cavabdehin ödədiyi məbləğ uşaqların saxlanılmasına kifayət etmir. Cavabdeh Rusiya Federasiyasında tikinti sahəsində işləyir və bundan başqa da gəlirləri vardır. Bunda baxmayaraq cavabdeh müəyyən edilmiş 200 manat alimentdən əlavə heç bir yardım ödəmir. Cavabdehin ödədiyi aliment ümumilikdə uşaqların zəruri xərclərinə çatmır, uşaqların saxlanmasında maddi cəhətdən əziyyət çəkir, özü heç bir yerdə işləmir. Bu səbəbdən alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi - atası X6 iddianı qismən qəbul edərək izahatında bildirdi ki, oğlu ilə keçmiş gəlini İddiaçı 27 may 2014-cü il tarixdə ailə həyatı qurmuşlar. Birgə nikahlarından iki uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən məhkəmənin qətnaməsi ilə nikahları pozulmuş, uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 100 manat aliment məbləği təyin edilmişdir. Oğlu Cavabdeh 8 aydır ki, Rusiya Federasiyasına işləməyə getsə də, hələki heç bir qazanc əldə etməmişdir. Bu səbəbdən o, oğlunun aliment borcunu pensiyasından vaxtı-vaxtında ödəyir və ayda bir dəfə nəvələri ilə görüşür. O, nəvələrinə hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat aliment ödəməyə razıdır və iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli, AZ-İV 303184 nömrəli və xx.xx.2017-ci il tarixli, AZ-İV 303185 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 19 avqust 2015-ci il təvəllüdlü X7 və 28 aprel 2017-ci il təvəllüdlü X8 adında iki uşaqları doğulmuşdur. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(071)-421/2021 saylı qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış 27 may 2014cü il tarixli nikahın pozulması, birgə nikahlarından doğulmuş - 19 avqust 2015-ci il təvəllüdlü X3 və 28 aprel 2017-ci il təvəllüdlü X5 anaları İddiaçı himayəsində saxlanılmaları və Cavabdeh hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra, cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin baş verməsi müəyyən edilməmişdir. Cavabdehin maddi vəziyyətində dəyişiklik olmasa da, həmin vaxtla müqayisədə ölkə ərazisində olan qiymət artımı, bununla yanaşı uşaqların həmin vaxtla müqayisədə böyüməsi və məktəbə getmələri ilə bağlı yaranan əlavə xərclər və iddiaçının heç bir yerdə işləməməsi səbəbindən uşaqların saxlanılmasında çətinlik çəkməsi, eləcə də həmin vaxtdan bugünə kimi uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun dəyişməsi alimentim məbləğinin artırılmasına əsas verir. Belə ki, Azərbaycan Respublikasında 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edildiyi halda, 2021-ci il üçün bu məbləğ 175 manat həddində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artmış hissəsinə mütənasib olaraq artırılmalı və hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilən qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(071)-421/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 19 avqust 2015-ci il təvəllüdlü X3 və 28 aprel 2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. 19 avqust 2015-ci il təvəllüdlü X3 və 28 aprel 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar