Məhkəmə qərarları › İş №2(071)-1045/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1045/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1045/2023 31.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, Səlimov Günel Rauf qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2900 manat məbləğində pulun, 50 manat dövlət rüsumunun və 120 manat vəkil xidməti haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh alıcı kimi tanımış və aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. xx.xx.2021-ci ildə cavabdeh ona müraciət edərək ondan 30 qram nisyə qızıl alıb və həmin qızıl-zinət əşyasının pulunu hər ayın 30-da aylıq 200 manat ödəyəcəyini bildirib və bununla bağlı yazılı sənəd imzalayıb. Daha sonra, borclu 200+200 olmaqla cəmi 400 manat ödəniş edib və hazırda ona 2900 manat borcu qalıb. Qalan borc məbləğinin ödənilməsi ilə bağlı dəfələrlə şifahi xəbərdarlıq etməyinə baxmayaraq, pul ona qaytarılmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, tərəflər arasında qızıl əşyalarının alqı-satqısına dair razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən iddiaçı cavabdehə 3300 manat dəyərində qızıl əşyalarını nisyə satmışdır. Cavabdeh aldığı əşyaların dəyərinin 400 manat hissəsini ödəsə də, qalan 2900 manat borcunu bugünədək iddiaçıya ödəməmişdir. Bundan başqa, iddiaçı hüquqi yardım göstərilməsi üçün onunla müqavilə bağlamış və vəkil bürosunun hesabına hüquqi yardıma görə 120 manat pul ödəmiş, eyni zamanda iddia ərizəsinin verilməsi üçün 50 manat dövlət rüsumu ödəmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilən hazırlıq iclasında Cavabdeh məhkəməyə ərizə verərək bildirmişdir ki, iddiaçı Giləxanım Mehdiyevadan ümumilikdə 4000 manatlıq qızılzinət əşyaları almış və 4000 manat borcundan bir dəfə 1500 manat, daha sonra isə 200 manat olmaqla, ümumilikdə borcundan 1700 manat pulu iddiaçıya qaytarmışdır. Onun iddiaçıya 2300 manat borcu qalmışdır. Məhkəmənin baxış iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, o, iddiaçıdan iki dəfə qızıl-zinət əşyaları almışdır. Birinci dəfə iddiaçıdan 3300 manat dəyərində qızıl əşyaları almış və aldığı əşyaların dəyərinin 400 manat hissəsini iddiaçıya ödəmiş və həmin borcundan 2900 manat borcu qalmışdır. Daha sonra iddiaçıdan yenidən 1100 manat dəyərində qızıl əşyaları almış və bununla da onun iddiaçıya 4000 manat borcu yaranmışdır. Həmin borcun 1500 manat və 200 manat olmaqla, cəmi 1700 manat hissəsini ödəmiş, onun iddiaçıya 2300 manat borcu qalmışdır. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, o, İddiaçı dəyəri 3300 manat olan 30 qr qızıl almış, borcu hər ay ayın 30-na kimi 200 manat qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə dəyəri 3300 manat olan qızıl-zinət əşyalarının nisyə alqısatıqısına dair şifahi müqavilə bağlanmışdır. Müqavilə şərtinə əsasən cavabdeh hər ay aldığı əşyaların dəyərinin 200 manat hissəsini ödəməli idi. Cavabdeh aldığı əşyaların dəyərinin 400 manat hissəsini iddiaçıya ödəmiş, qalan 2900 manat borcunu isə ödəməmişdir. Cavabdeh isə bildirir ki, bundan sonra iddiaçıdan əlavə olaraq 1100 manat dəyərində qızıl-əşyası almış və ümumi borcu 4000 manat təşkil etmişdir. Daha sonra borcundan 1500 manat və 200 manat olmaqla, cəmi 1700 manat ödəmiş və onun iddiaçıya 2300 manat borcu qalmışdır. Mülki Prosesual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından məhkəmə hesab edir ki, nisyə satılmış əşyaların dəyərinin ödənilməsini sübut etmək vəzifəsini cavabdeh daşıyır. Cavabdeh məhkəmə iclasında iddiaçıdan iki dəfə qızıl əşyaları aldığı və birinci alqı-satqı nəticəsində iddiaçıya 2900 manat borcu qaldığını etiraf etmişdir. Cavabdeh daha sonra izahatında iddiaçıdan əlavə olaraq 1100 manat dəyərində qızıl əşyası aldığını, ümumi borcunun 4000 manat təşkil etdiyini, həmin borcun 1700 manat hissəsini iddiaçıya ödədiyini və borcunun 2300 manat qaldığını bildirsə də, bunları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. İddiaçı cavabdehin aldığı qızıl əşyasına görə borcunun 2900 manat olduğunu bildirir. Belə olan vəziyyətdə cavabdehin iddiaçıya daha az məbləğdə borcunun olmasını sübut etmək vəzifəsini cavabdeh daşıyır, lakin cavabdeh iddiaçıya qarşı pul öhdəliyini icra etməsinə dair (1700 manat pulun ödənilməsinə dair) iddiaçıdan hər hansı sübut tələb etməmiş, məhkəməyə də öhdəliyini icra etməsinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında şifahi qaydada bağlanmış nisyə-alqı satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları cavabdehə satmış, lakin cavabdeh üzərinə düşən öhdəliyi, yəni aldığı əşyaların dəyərini iddiaçıya tam ödəməmişdir. Onun iddiaçı qarşısında icra edilməmiş 2900 manat pul öhdəliyi vardır. Odur ki, iddiaçı cavabdehdən satdığı əşyaların dəyərinin ödənilməmiş hissəsini, yəni 2900 manat pul vəsaitini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6 və 115.0.6-cı maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə nümayəndələrə və vəkillərə verilməli olan məbləğlər də daxildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 120 manat vəkil xidməti haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2900 (iki min doqquz yüz) manat pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat pul və ödənilmiş vəkil xidmət haqqının əvəzi kimi 120 (yüz iyirmi) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar