Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-107/2023 21.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X2 Nazim oğlunun sədrliyi, Səlimov Günel Rauf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “KİA CEED” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə bağlı ona vurduğu maddi zərərə görə 1120 manat pulun və dövlət rüsumu kimi ödədiyi 32 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus "KİA CEED" minik markalı **-DT- *** dövlət qeydiyyat nişanlı avtomobilində yaranmış nasazlıqla bağlı avtomobilini Hacıqabul rayonunda avtomobil ustası kimi fəaliyyət göstərən İxtiyar adlı şəxsin yanına apararaq avtomobilində problemin olduğunu bildirmişdir. Bundan sonra Cavabdeh onun avtomobilinə baxaraq ona yaranmış nasazlığı aradan qaldırabiləcəyini və bunun üçün yeni ehtiyat hissələr lazım olduğunu bildirmişdir. O, ustanın məsləhət gördüyü ehtiyat hissələrini Bakı şəhəri, Babək prospektində yerləşən avtomobil ehtiyat hissələri mağazalarından almış və həmin ehtiyat hissələrinin alınması üçün 500 manat pul ödəmişdir. O, avtomobili üçün lazım olan ehtiyat hissələrini almağa gedən zaman usta ona zəng edərək antifriz şlankını zədələndiyini, narahatçılığa əsas olmadığını və o gələnə kimi düzəldəcəyini bildirmişdir. O, ehtiyat hissələrini alıb gəldikdən sonra usta cırdığı şlankı dəyişdiyini bildirmişdir. O, cavabdehin dəyişdirilməsi üçün ona məsləhət gördüyü ehtiyat hissələri (çaşqa, feredo və vilka) 2 ay əvvəl Bakı şəhərində avtomobilini təmir etdirərkən əvəz edilmişdir. 2022-ci ilin oktyabr ayında cavabdeh "KİA CEED" minik markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmir etmiş və o, təmirdən sonra maşını sürüb evə gedərkən mühərrik antifriz çatışmazlığından qaynatmışdır. Bundan sonra o, telefonla cavabdehi yığaraq bu barədə ona bildirmiş və axan antifrizin əvəzinə antifriz əlavə edib etmədiyini soruşmuşdur. Cavabdeh isə ona and içərək cəmi 1 stəkan antifiriz axdığını, qorxulu bir şey olmadığını və bunun avtomobilə heç bir ziyanının olmadığını bildirərək avtomobili sürə biləcəyini bildirmişdir. Bundan sonra o, avtomobili sürmüş və motorun prodladkası yanmışdır. Mühərrikin prokladkasını başqa bir ustada düzəldərək nasazlığı aradan qaldırmış və bu barədə cavabdehə məlumat vermişdir. Mühərrik qaynatdıqdan 3 gün sonra cavabdehin təmir etdiyi hissədən yenidən səslər gəlməyə başlamışdır. O, avtomobili yenidən cavabdehin yanına aparmış, lakin orada avtmobildən səs gəlməmişdir. Bundan sonra o, səslərin arabir gəldiyini bildirmiş, usta isə ona “sənə elə gəlir ki, səs gəlir, sür get əgər səs gəlsə gətirərsən təmir edərəm” demişdir. Bundan 20 gün sonra isə cavabdehin təmir işləri apardığı hissə sıradan çıxmışdır. O, yenidən cavabdehin yanında gələrək kapotu açmış və cavabdehin səsə qulaq asmasını istəmişdir. Cavabdeh isə mühərrikdən səs gəldiyi halda ona səs eşitmədiyini bildirmişdir. Buna baxmayaraq ərtafındakı şəxslər onun iradı ilə razılaşaraq mühərrikdən səs gəlməsini təsdiq etmişlər. Bu dəfə isə cavabdeh maşının padvesnoyunda problem olduğunu bildirdikdə o, cavabdehədən padvesnoyda problem olduğu halda nə üçün ona 2 ay bundan əvvəl yeni ehtiyat hissələrinin aldırmasının səbəbini soruşmuşdur. Sonradan isə cavabdehə aralarında narazılıq olmaması üçün padvesnoyu dəyişməyə görə ondan usta pulu almamasını təklif etsə də, cavabdeh onunla razılaşmamış, əksinə onun üstünə hücum çəkərək onu vurmaq istəmiş və ona get əlindən gələni elə demişdir. O, məsələ ilə bağlı Hacıqabul RPŞ müraciət etsə də, ona məsələ mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. O, ehtiyat hissələri üçün 500 manat, cavabdehə təmir xərci olaraq 120 manat, mühərrikdə yaranmış nasazlıqlar, mühərrikdə dəyişdiyi detallar və yağ yemənin aradan qaldırılması üçün ümumilikdə 570 manat vəsait olmaqla, ümumilikdə cavabdehin təqsiri nəticəsində ona 1120 manat maddi ziyan dəymişdir. Cavabdehlə bu məsələ ilə bağlı aralarında razılıq əldə olunmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, o, avtomobilini cavabdehin yanına təmir etmək üçün aparmamışdan təxminən 2 ay əvvəl avtomobilinin sürətlər qutusunun müəyyən detallarını dəyişmişdir. Avtomobilinin sürətlər qutusundan səs gəldiyinə görə cavabdehin işlədiyi avtomobili təmiri məntəqəsinə getmişdir. Orada olarkən cavabdeh avtomobildə olan səsə qulaq asdıqdan sonra avtomobili düzəldəbiləcəyini demiş və o da razılaşmışdır. Bundan sonra cavabdeh avtomobilin sürətlər qutusuna aid detalları sökmüş və həmin detalların dəyişdirilməli olduğunu demişdir. O, avtomobili cavabdehin yanında qoyub detalları almaq üçün getmişdir. Həmin vaxt cavabdeh ona zəng edərək avtomobilin mühərrərikin suyuna aid rezin borunu bilmədən deşdiyini, lakin yenisi ilə əvəz etdiyini bildirmişdir. Sürətlər qutusunun detallarını aldıqdan sonra avtomobil təmir sexinə geri gəlmiş və cavabdeh həmin detalları avtomobilin üzərinə quraşdıraraq avtomobili ona təhvil vermişdir. Həmin vaxt o, cavabdehə başqa detallar tapa bilmədiyini, ancaq bu detalları ala bildiyini demişdir. Cavabdeh yeni alınmış detalları avtomobilin üzərinə yığaraq avtomobili təmir etdikdən sonra avtomobilin sürətlər qutusundan gələn səs artıq yoxa çıxmışdır. Həmin vaxt o, cavabdehə 120 manat zəhmət haqqı vermişdir. Cavabdehini yanından ayrılqıdan sonra yaşadığı evə gedərkən avtomobilin mühərrikində temperaturun yüksəldiyini görüb dərhal cavabdehə zəng etmiş, lakin cavabdeh bildirmişdir ki, mühərrikin soyudulması üçün nəzərdə tutulan sudan cəmi bir stəkan axmışdır, bir stəkan su əlavə edib avtomobili idarə etsin. O, cavabdehin dediyini elədikdən sonra avtomobili idarə etməyə davam etmişdir. Bundan bir müddət sonra avtomobilin mühərrikində nasazlıq yaranmağa başlamış, avtomobilin mühərriki yağ yeməyə başlamışdır. O, avtomobilin mühərrikində yaranmış nasazlığı öz vəsaiti hesabına artıq aradan qaldırmışdır. Cavabdehin avtomobilini təmir etməsindən təxminən 20 gün keçdikdən sonra avtomobilin sürətlər qutusundan yenidən səs gəlməyə başlamışdır. O, bununla bağlı yenidən cavabdehin yanına getmiş və iradını bildirmiş, həmin vaxt orada olan başqa şəxs həmin səsin avtomobilin başqa detalından, yəni padvisnoyundan gəldiyini demişdir. Bununla bağlı cavabdehə iradını bildirdikdə, cavabdeh onun üzərinə hücum çəkərək onu vurmaq istəmiş və avtomobilini təmir etməkdən imtina etmişdir. Odur ki, cavabdehdən usta haqqı kimi ödədiyini 120 manat pulu, sürətlər qutusuna aid detalları səbəbsiz yerə aldırdığına görə həmin detallara görə çəkdiyi 500 manat pulu və avtomobilin mühərrikində yaranmış nasazlığın aradan qaldırılması üçün çəkdiyi xərcin əvəzi kimi 570 manat pulu cavabdehdən tələb edir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı avtomobili onun yanına gətirərək probleminin olduğunu, yəni avtomobilin sürətlər qutusundan səs gəldiyini bildirmişdir. O, avtomobili müayinə etdikdən sonra sürətlər qutusunda problemin olduğunu müəyyən etmişdir. Daha sonra sürətlər qutusunu təmir edən zaman avtomobilin üzərindən çıxan detalların original detallar olmadığını, səsin həmin detallara görə gəldiyini görmüşdür. Bu barədə iddiaçıya məlumat verərək orginal ehtiyyat hissələri almasını tapşırsa da, iddiaçı yenidən avtomobilin üstündən çıxan ehtiyyat hissələrinin eynisini alıb gətirmişdir. O, həmin ehtiyyat hissələrinin orginal olmadığını həmin vaxt iddiaçıya da bildirmişdir. İddiaçı isə başqa detallar tapa bilmədiyini, aldığı detalları avtomobilə quraşdırmasını tələb etmişdir. İddiaçı ehtiyyat hissələrini almağa getdikdən sonra o, ehtiyyatsızlıqdan avtomobilin su şlankını zədələmiş və o, həmin şlankı yenisi ilə əvəz edənə kimi oradan cüzi miqdarda, təxminən 300 qram antifriz axmışdır. O. bu barədə zəng edərək dərhal iddiaçıya məlumat vermişdir. Daha sonra avtomobili təmir etmiş və iddiaçıya təhvil vermişdir. İddiaçı getdikdən sonra axşam saat 21:00-da ona zəng edərək avtomobilinin mühərrikinin temperaturunun qalxdığını bildirdikdə o, qorxulu heç bir şeyin olmadığını bildirərək axan antifrizin əvəzinə bir stəkan su tökməsini məsləhət bilmişdir. İddiaçı 10 gün sonra yenidən onun yanına gələrək sürətlər qutusundan səs gəldiyini bildirsə də, müayinə zamanı avtomobildən hər hansı səs gəlməmişdir. Bundan sonra iddiaçı müxtəlif bəhanələrlə 2-3 dəfə onun yanına gəlmişdir. O, avtomobilin üzərindən çıxan ehtiyyat hissələrinin tam yararsız olduğunu, iddiaçının aldığı ehtiyyat hissələrinin də, keyfiyyətsiz olduğunu, bu barədə iddiaçıya məlumat verdiyini, keyfiyyətsiz ehtiyyat hissələrinə görə məsuliyyət daşımadığını, iddiaçının ona təmirə görə zəhməthaqqı kimi 100 manat verdiyini, 20 manat isə təmir sexində işləyən köməkçiyə verdiyini, avtomobilin mühərrikində yaranmış nasazlığın isə onun təmir etdiyi hissə ilə heç bir əlaqəsinin olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş etdi İş materiallarında olan Talış kənd İnzibati Ərazi Vahidi Üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 oktyabr 2022-ci il tarixli 303 nömrəli arayışdan müəyyən edilir ki, Cavadov X1 rayonunun Talış kəndində yaşayır və qeydiyyatdadır. İş materiallarında olan AD 955915 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "KİA CEED" minik markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sahibi İddiaçıdur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, tərəflər arasında şifahi formada bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, iddiaçıya məxsus "KİA CEED" minik markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlər qutusunda yaranmış səs ilə əlaqədar iddiaçı avtomobili təmiri fəaliyyəti ilə məşğul olan cavabdehə müraciət etmişdir. Cavabdeh avtomobili müayinə etdikdən sonra avtombilin sürətlər qutusunun bəzi detallarının (çaşqa, feredo və vilka) original olmadığını, avtomobildən gələn səsin məhz həmin ehtiyat hissələrindən qaynaqlandığını bildirmişdir. İddiaçı həmin vaxt qeyd edilən ehtiyat hissələrinin təxminən iki ay əvvəl dəyişdirildiyini bildirsə də, cavabdehin həmin detalların original olmadığını və bu səbəbdən səs elədiyini demişdir. Bundan sonra tərəflər həmin detalların yenisi ilə əvəz edilməsi ilə bağlı qarşılıqlı razılığa gəlmişlər və görüləcək işin müqabilində iddiaçı cavabdehə 120 manat muzd verəcəyini öhdəsinə götürmüşdür. İddiaçı sürətlər qutusunun yeni detallarını alıb gətirdikdən sonra cavabdeh ona aldığı ehtiyat hissələrinin də original olmadığını demiş, lakin iddiaçı başqa ehtiyat hissələri tapa bilmədiyini, aldığı detalların avtomobilin üzərinə quraşdırmasını demişdir. Cavabdeh iddiaçının aldığı yeni ehtiyat hissələrini avtomobilə quraşdırıb təmiri başa çatdırdıqdan sonra avtomobilin sürətlər qutusunda əvvəllər mövcud olan nasazlıq (səs) aradan qalxmışdır. İddiaçı bildirir ki, avtomobilin təmirindən təxminən 20 gün ərzində onun avtomobilinin sürətlər qutusunda yenidən əvvəlki səs gəlməyə başlamış, eyni zamanda mühərrikin soyudulması üçün nəzərdə tutulan su borusunun cavabdeh tərəfindən təmir zamanı cırılması nəticəsində su azalması baş vermiş və bunun nəticəsində avtomobilin mühərrikində nasazlıq yaranmışdır. Odur ki, o, avtomobilin mühərrikində yaranmış nasazlığın aradan qaldırılması üçün çəkdiyi xərcin əvəzinin, sürətlər qutusunun yeni detallarının alınmasına görə çəkdiyi xərcin əvəzinin və cavabdehə muzd kimi ödədiyi pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 768.1-ci maddəsinə əsasən podratçı sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda, sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda sifarişçini vaxtında xəbərdar etməyə borcludur. 772.2-ci maddəsinə əsasən materialın təsadüfən məhv olması və ya zədələnməsi riski materialı vermiş tərəfin üzərinə düşür. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq və yuxarıda sadalan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə əvvəla qeyd edir ki, iddiaçının özünün izahatından aydın olur ki, o, cavabdehlə podrat müqaviləsini bağlamamışdan təxminən iki ay əvvəl özünə məxsus avtomobilin sürətlər qutusunun detallarını dəyişmiş və iki aylıq istifadə müddətindən sonra həmin hissədən səs gəlməyə başlamışdır. Cavabdeh isə avtomobili təmir edərkən avtomobilin üzərindən çıxan həmin ehtiyat hissələrinin original olmadığını iddiaçıya bildirmiş və ona yeni və original ehtiyat hissələrini almasını tövsiyyə etmişdir. Buna baxmayaraq, iddiaçı yenidən original olmayan ehtiyyat hissələrini almış və başqa ehtiyat hissəsi tapa bilmədiyini demişdir. Cavabdehin xəbərdarlıq etməsinə baxmayaraq, iddiaçı aldığı ehtiyat hissələrinin avtomobilin üzərinə quraşdırılmasını təkid etmişdir. Avtomobilin təmiri başa çatdıqdan sonra isə sürətlər qutusunda əvvəllər mövcud olan nasazlıq (səs) aradan qalxmışdır. Bu isə cavabdehin avtomobilin nasazlığı ilə bağlı gəldiyi qənaətin və apardığı təmir işinin düzgün olduğunu göstərir. Lakin, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, cavabdeh iddiaçıya məxsus avtomobili məhz onun (iddiaçının) aldığı ehtiyyat hissələri ilə təmir etdiyindən və bu zaman ona aldığı ehtiyyat hissələrinin keyfiyyətsiz olması (original olmadığı) barədə vaxtında məlumat verdiyindən, iddiaçıya məxsus avtomobilin sürətlər qutusunda sonradan yaranan problemə görə (səsə görə) cavabdeh məsuliyyət daşımır. Bu səbəbdən iddiaçı sürətlər qutusunun ehtiyat hissələrinin alınmasına görə çəkdiyi xərcin əvəzini və təmir üçün ödədiyi xidmət haqqının əvəzini cavabdehdən tələb etməkdə haqlı deyildir. Bundan başqa, iddiaçı tələbində avtomobilin təmiri zamanı cavabdehin mühərrikin su şlankını zədələməsi nəticəsində mühərrikdən antifriz axıtdığını, bu səbəbdən avtomobilinin mühərrikinin qaynatdığını və ona maddi ziyan dəydiyini göstərsə də, məhkəmə qeyd edir ki, ümumi məlum olan haldır ki, hər bir avtomobildə onun mühərrikinin istilik dərəcəsini göstərən göstərici mövcuddur və sürücü avtomobili idarə edərkən hər zaman həmin göstəricini diqqətdə saxlamalıdır. Yəni, avtomobilin mühərrikində su azalması baş verdikdə və ya digər hər hansı səbəbdən mühərrikin istilik dərəcəsi yüksəldikdə sürücü dərhal avtomobili saxlamalı və mühərriki söndürməlidir. İddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan görünür ki, o, avtomobili cavabdehin işlədiyi təmir sexindən götürdükdən sonra həmin gün yaşadığı evə gedərkən avtomobilin mühərrikində temperaturun yüksəldiyini görüb dərhal cavabdehə zəng etmiş, lakin cavabdeh bildirmişdir ki, mühərrikin soyudulması üçün nəzərdə tutulan sudan cəmi bir stəkan axmışdır, bir stəkan su əlavə edib avtomobili idarə etsin. O, cavabdehin dediyini elədikdən sonra avtomobili idarə etməyə davam etmişdir. Bundan bir müddət sonra avtomobilin mühərrikində nasazlıq yaranmağa başlamış, avtomobilin mühərriki yağ yeməyə başlamışdır. O, avtomobilin mühərrikində yaranmış nasazlığı öz vəsaiti hesabına artıq aradan qaldırmışdır. Lakin, cavabdeh avtomobilin mühərrikində yaranmış nasazlığa görə həqiqətən 570 manat vəsait xərcləməsini və avtomobilin mühərrikində yaranmış nasazlığın məhz cavabdehin təqsirli hərəkəti nəticəsində (mühərrikin soyudulması üçün nəzərdə tutulan su şlankının cırılması) baş verməsini, yəni cavabdehin hərəkəti ilə mühərrikdə yaranmış nasazlıq (yağın azalması və s.) arasında səbəbli əlaqə olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilməməli olduğundan, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 32 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(071)-107/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-107/2023
21.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver