Məhkəmə qərarları › İş №2(071)-1076/2024

Hacıqabul Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(071)-1076/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1076/2024 06.11.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 1100 manat məbləğində kirayə haqqı borcunun, 229,88 manat məbləğində kommunal xidmətlərə görə borcunun və 34 manat məbləğində ödədiyi dövlət rüsumunun, cəmi 1364 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, H.Seyidzadə küçəsi 24 A, mənzil 48 mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzil orada yaşamadığına görə boş olmuşdur. 2023-cü ilin noyabr ayının 24-də qonşusu 46 saylı mənzildə yaşayan Cəmilə xanım ona zəng vuraraq qucağında körpə uşağı olan bir qadının həmin evdə kirayədə qalmaq istədiyini bildirmişdir. O, həmin evə getmiş adının Nisə olduğunu sonradan bildiyi qadının körpə uşaqla onu gözləyidiyini görmüşdür. O, Cavabdeh ondan evdə kimin qalacağını soruşanda sonuncu ailəsi ilə birlikdə qalacağını bildirmişdir. Yoldaşının harada olduğunu soruşan zaman onun Şamaxı rayonunda işlədiyinə görə orada olduğunu və bir-iki günə gələcəyini bildirmişdir. Onunla kirayə haqqını aya 350 manata razılaşmış və 250 manatını verərək qalanında bir-iki günə verəcəyini bildirmişdir. Qucağında körpə uşağı olduğunu nəzərə alaraq onunla razılaşmışdır. Lakin həyat yoldaşı gələn kimi ona xəbər verməsini və sənədləşmə işini yəni kirayə müqaviləsini həyat yoldaşı ilə bağlayacağını bildirmişdir. Bir neçə gündən sonra o, Cavabdeh həyat yoldaşı barədə maraqlandıqda sonuncu həyat yoldaşının oğurluq etdiyinə görə axtarışda olduğunu ona görə də gələ bilmədiyini bildirmişdir. O, Cavabdeh kirayə pulunu verə bilmədiyinə görə evdən çıxmasını xahiş etmiş, sonuncu anasının torpaqlarını satdığını və pulu alan kimi bütün borcunu ödəyəcəyini bildirmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixində öz xətti ilə ona olan borcunun məbləğini göstərməklə və onu nə vaxt ödəyəcəyi barədə yazılı iltizam vermişdir. May ayının 24-də növbəti ayın pulunu ödəməli imiş. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək kirayə haqqını ödəməkdən yayınmışdır. Cari ilin iyulun 10-da isə Cavabdeh ona heç bir xəbər vermədən qonşuları da, aldadaraq əşyalarını yığıb mənzili təhvil vermədən çıxıb getmişdir. Cavabdeh mənzildə qaldığı zaman komunal xidmətlərə, suya 153 manat, qaza 69,84 manat, işığa isə 7,04 manat borcu yaranmışdır. Ona Cavabdeh tərəfindən maddi ziyan dəymişdir. Buna görə də, məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, mülki işə qiyabi şəkildə baxılmasını razı olduğunu bildirərək bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materillarından görünür ki, tərəflər arasında kirayə münasibətləri olmuş və əqd şifahi formada bağlanmışdır. Lakin, cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləsinin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Həmin Məcəllənin 685.2-ci maddəsinə əsasən krayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Həmin Məcəllənin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329-cu maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, Cavabdeh İddiaçı məxsus evdə aylıq 350 manat kirayə haqqı ödəmək şərti ilə orada qalmışdır. Daha sonra cavabdeh kirayə pulunu və evdə yaşadığı müddət ərzində kommunal pulunu ödəməkdən yayınmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli 1100 manat məbləğində kirayə haqqı borcunun, 229,88 manat məbləğində kommunal xidmətlərə görə borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34 manat olmaqla, cəmi 1363,88 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 54 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 238-245, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1100 manat məbləğində kirayə haqqı borcunun, 229,88 manat məbləğində kommunal xidmətlərə görə borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34 manat olmaqla, cəmi 1363,88 (bir min üç yüz altmış üç manat səksən səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin rəsmi qaydada verildiyi vaxtdan sonra 10 (on) gün müddətində onun ləğvi barədə Hacıqabul Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra qiyabi qətnamənin rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay ərzində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar