Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1077/2024 05.11.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-ci il tarixdə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay 400 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(071)-984/2016 saylı qətnaməsinə əsasən onunla cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli 27 saylı nikah pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 iddiaçının himayəsində saxlanılmış və xx.xx.2016-cı ildən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Qeyd edilmişdir ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(071)-984/2016 saylı qətnaməsi ilə qət edilmiş alimentin məbləği uşağın maddi ehtiyaclarinin ödənilməsi üçün kifayət etmir. Belə ki, cavabdeh uşağın saxlanılmasında və digər ehtiyaclarının qarşılanmasında qətnamə ilə müyyən edilmiş alimentdən savayı heç bir köməklik göstərmir. Bu səbəbdən də Hacıqabul rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarının artırılmasını xahiş edir. İddiaçı Cavabdeh ilə hazırkı mübahisənin məhkəmədən kənar mediasiya yolu ilə həll edilməsinə nail olmağa çalışsa da, bu mükün olmamışdır. Bu səbəblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X4 artıq 14 yaşı var və onun aylıq xərcləri, o cümlədən təhsil, geyim və.s maddi xərcləri kifayət qədər artmışdır. Cavabdeh isə alimentdən başqa bu xərclərin ödənməsində heç bir halda iştirak etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, iddianın müdafiə edir və təmin olunmasını xahiş edir. O, verilən suallara əsasən əlavə olaraq bildirmişdir ki, hazırda kənd orta məktəbdə işləyir və 321 manat əmək haqqı alır. İkinci nikahından doğulmuş 3 övladı var. Həyat yoldaşı isə bərbər fəaliyyəti ilə məşğul olur. İkinci Qarabağ müharibəsindən öncə cavabdeh ümumiyyətlə uşağın saxlanılmasında iştirak etməmiş və kifayət qədər borcu hesablanmışdır. Daha sonra cavabdeh müharibədə iştirak etdiyi üçün ona təqaüd verildiyindən icra şöbəsi tərəfindən aliment borcu onun təqaüdünə yönəldilərək tutuluşdur. Tutulma zamanı ona aylıq 280 manat aliment ödənilmişdir. Bir neçə ay öncə qeyd olunan aliment borcu bitdiyindən yenidən qətnaməyə əsasən əsas aliment məbləği olan 117 manat ona ödənilir. Həmin məbləğ isə ona uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, himayəsində daha iki övladı var. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, cavabdeh onun oğludur, övladının müharibə iştirak etməsi ilə bağlı əililiyi yaranmışdır, onun müalicəsində çətinlik çəkdiyi üçün banklara kredit borcu vardır. Uzun müddətdir ki, xəstədir. Artıq 4 ildir ki, xəstəxanalarda qalır. Xəstəliyin müalicəsi kifayət qədər xərcləri var. Hazırda 6000 manatlıq borcu var və onu da ödəməyə imkanları yoxdur. 2-ci “Qarabağ müharibəsi”nin iştirakçısıdır və xəsarətini müharibə zamanı almışdır. Tələb olunan 235 manat aliment məbləği ödəməyə gələcəkdə razı ola bilər, lakin, indiki vəziyyətdə göstərilən məbləğə cavabdehin gücü çatmır. Əvvəlki aliment borcuna görə cavabdehin kartından aylıq 280 manat məbləğində pul tutulurdu. Etiraf edir ki, hal-hazırda cavabdeh 1.000 manatdan yuxarı pensiya alır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(071)-984/2016 saylı qətnaməsindən müəyyən edilir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında əlavə edilmiş “Elektron Məhkəmə İnformasiya Sistemi”dən çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh 2 növ – Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün, Müstəqilliyinin və X3 ilə əlaqədar 2-ci qrup (400 manat) və əlilliyə görə 2-ci qrup (710 manat 48 qəpik), ümumilikdə 1110,48 (bir min yüz on manat qırx səkkiz qəpik) manat pensiya alır. İş materiallarında əlavə edilmiş “Elektron Məhkəmə İnformasiya Sistemi”dən çıxarışa əsasən müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsində katibə-makinaçı vəzifəsində işləyir və 374 manat əmək haqqı alır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin Həkim Psixiatr Komissiyasının xx.xx.2024cü il tarixli 230 nömrəli rəyinə əsasən, “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə" əmrinə uyğun Cavabdeh Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmiş Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ona Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi tez-tez dekompensasiyalar, özünə xəsarətlərlə (F 62.0) diaqnozu qoyulmuşdur. Məhkəmə uşağın mənafeyini, alimentin təyin edildiyi vaxta – 2016-cı ilə münasibətdə ümumi sosial həyatda olan dəyişikliyi nəzərə alaraq qeyd edir ki, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilməlidir. Məhkəmə nəzərə alır ki, bu kateqoriya işlərə baxılarkən istər uşaqların hüquq və mənafelərini, istərsə də valideynlərin hüquq və mənafeləri gözlənilməlidir. Belə ki, gələcəkdə yerinə yetirilməsi real olaraq mümkün olmayan aliment miqdarının müəyyən edilməsi həm də qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Bu baxımdan məhkəmə, cavabdehin üzərinə yerinə yetirilməsi qeyrimümkün olan öhdəliyin müəyyən edilməsini qanunazidd hal hesab edir. Belə ki, işin hallarından göründüyü kimi Cavabdeh 117 manat alimenti ödəyir. İddiaçı isə hazırda cavabdehdən hər ay 400 manat məbləğində aliment tələb edir. Odur ki, məhkəmə cavabdehin əlillik vəziyyəti və müharibə nəticəsində yaranmış davamlı psixoloji və fiziki problemləri, onun əmək qabiliyyətinin ciddi şəkildə məhdudlaşdırılmasına səbəb olmuşdur. Həkim rəyinə əsasən, cavabdeh mütəmadi dekompensasiyalar və şəxsi xəsarətlərin nəticələri ilə üzləşməkdədir. Bu baxımdan, alimentin artırılması ilə bağlı verilən qərarda cavabdehin mövcud sağlamlıq və maliyyə vəziyyəti də nəzərə alınmalıdır. Cavabdehin 1110 manat 48 qəpik məbləğində pensiya aldığı məhkəməyə məlumdur. Beləliklə, məhkəmə, uşağın saxlanılmasını hər iki valideyinin borcu olmasını da nəzərə alaraq hesab edir ki, alimentin məbləği qismən artırılaraq 180 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunur ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Hazırda “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-984/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2010-cı il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2010-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-984/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2010-cı il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2010-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-1077/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1077/2024
05.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver