Məhkəmə qərarları › İş №2(071)-1095/2023

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-1095/2023

02.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-1095/2023 02.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, İddiaçı cavabdeh 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın etibarsız hesab edilməsi və əsassız hesablanmış inzibati cərimənin silinməsi tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdeh 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İnzibati tənbeh vermə haqqında olan MN №1389534 saylı xx.xx.2023-cü il tarixli qərarın etibarsız hesab edilməsi və tətbiq edilmiş 600 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır, o, ailəsi ilə birlikdə Hacıqabul rayonu, Atbulaq kəndində yaşayır. O traktor sürücüsü işləyir, xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu, Kürçülü kənd sakinlərinin və şəhid ailələrinin təşəbbüsü və xahişi əsasında kürçülü kəndində yaşayan şəhid ailəsinin yaşadığı küçənin təmiri (abadlıq işlərinin görülməsi) üçün kürçülü kəndinə yollanmışdır. Həmin kəndə Qalmaz adlanan ərazidən qrabel daşınarkən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi cənab X3 icazəsiz bu hərəkətləri etməyin qanunsuz olduğunu bildirib və iş dərhal saxlanılaraq daşınmış qrabeli geri qaytararaq o da geri qayıdıb. Lakin daha sonradan ona inzibati tənbeh vermə haqqında MN №1389534 saylı qərar gəlib. Qərarda 250 m2 həcmində qum yükləndiyi və İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 600 manat məbləğində cərimə tənbeh növünün tətbiq edildiyi bildirilmişdir. Lakin orada ona xəbərdarlıq edilmiş, dərhal daşnan qrabel geri qaytarılmış, heçbir abadlıq işi görülmədən iş dərhal saxlanılmış və evlərinə geri qaytarılmışlar. Belə ki, onun barəsində tərtib olunmuş, İnzibati tənbeh vermə haqqında MN №1389534 saylı xx.xx.2023-cü il tarixli qərar əsassız olaraq tərtib olunmuşdur və 600 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında olan MN №1389534 saylı xx.xx.2023-cü il tarixli qərarı mübahisələndirmişdir. Halbuki, səlahiyyətli orqanının “inzibati tənbeh vermə haqqında” qərarının mülki mühakimə icraatı qaydasında mübahisələndirilərək baxılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmin qərardan yalnız İnzibati Xətalar Məcəlləsinin müddəalarına uyğun olaraq şikayət verildikdə, qeyd olunan şikayətə İXM-in 17-ci fəslində nəzərdə tutulmuş “inzibati xəta haqqında qərara yenidən baxılma” qaydasında baxıla bilər. Belə ki, Azərbaycan Respublikası İXM-in 17-ci fəsli “İnzibati xəta haqqında qərara yenidən baxılma” adlanır. Həmin fəsildə nəzərdə tutulan İXM-in 129.1.3, 129.1.5 və 130.1ci maddələrinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət (şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə), səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Odur ki, məhkəmə hesab edir ki, səlahiyyətli orqanın “inzibati tənbeh vermə haqqında” qərarından verilən şikayətə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, İddiaçı həmin qərardan İXM-in müddəalarına uyğun olaraq yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263 və 264cü maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdeh 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi qarşı “inzibati tenbeh vermə haqqında qərarın etibarsız hesab edilməsi və əsassız hesablanmış inzibati cərimənin silinməsi tələbi”nə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı barəsində qəbul edilmiş “inzibati tənbeh vermə haqqında qərar”dan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəalarına uyğun olaraq yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar