Məhkəmə qərarları › İş №2(071)-110/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-110/2025

22.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-110/2025 22.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Haciqabul Rayon Məhkəməsinin 2(071)-298/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş, xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 160 manat aliment miqdari dəyişdirilərək, borclu Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin alınıb ona yəni, X3 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ilə rəsmi nikah münasibətinə girərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X8 adlı iki uşaqları anadan olmuşdur. Hacıqabul Rayon Məhkəməsinin qətnaməsi ilə nikah pozulmuş və bir uşağın yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün 160 manat olmaqla, cəmi 320 manat aliment müəyyən edilmişdir. Lakin xx.xx.2006-ci il təvəllüdlü X6 hal-hazırda hərbi xidmətdə olduğu üçün ona təyin olunmuş 160 manat aliment kəsilmişdir. Hal-hazırda bir uşağın 160 manatla saxlanılması müasir dövrün tələbatlarını ödəmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək bildirdi ki, uşaq anasının yanında qalır və alimentin artırılmasını istəyir. Aliment məbləğinin artırılaraq 235 manat olmağını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X8 doğulmuşdur. xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatmışdır. İş materiallarından görünür ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(071)-298/2023 saylı qətnaməsi ilə, iddia qismən təmin edilərək, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(071)-156/14 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 30 may 2006-ci il təvəllüdlü X6 və 07 mart 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1 madəsinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği isə hazırda uşağın saxlanılması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən uşaqların saxlanılması üçün tutulacaq alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat və 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi toplanılmaqla həmin məbləğdə dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(071)-298/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar