Məhkəmə qərarları › İş №2(071)-1103/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1103/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1103/2023 11.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, Səlimov Günel Rauf qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6540 manat məbləğində pulun, 87 manat dövlət rüsumunun və 120 manat vəkil xidməti haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh alıcı kimi tanımış və aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. xx.xx.2020-ci ildə cavabdeh ona müraciət edərək ondan 52 qram nisyə qızıl alıb və həmin qızıl-zinət əşyasının pulunu aylıq ödəyəcəyini bildirib və bununla bağlı yazılı sənəd imzalayıb. Daha sonra, borclu 700+250 olmaqla ödəniş edib və hazırda ona 6540 manat borcu qalıb. Qalan borc məbləğinin ödənilməsi ilə bağlı dəfələrlə şifahi xəbərdarlıq etməyinə baxmayaraq, pul ona qaytarılmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianın həcminin azaldılması barədə ərizə verərək bildirdi ki, iddia məhkəməyə verildikdən və məhkəmənin baxış mərhələsində cavabdeh müəyyən ödənişlər etmiş və tərəflər arasında razılıq əldə olunmuşdur. Odur ki, cavabdehdən 3600 manat məbləğində pulun, 87 manat dövlət rüsumunun və 120 manat vəkil xidməti haqqının tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2020ci il tarixli qəbzdən görünür ki, o, İddiaçı dəyəri 6540 manat olan 52 qr qızıl əşyasını nisyə almışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə dəyəri 6540 manat olan qızıl-zinət əşyalarının nisyə alqısatıqısına dair şifahi müqavilə bağlanmışdır. Müqavilə şərtinə əsasən cavabdeh aldığı əşyaların dəyərinin ödəməli idi. Məhkəmənin baxış iclasında iddiaçının nümayəndəsi iddianın həcminin azaldılması barədə ərizə verərək 6540 manat puldan cavabdehin müəyyən ödənişlər etdiyini və 3600 manat borcunun qaldığını bildirmişdir. Mülki Prosesual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından məhkəmə hesab edir ki, nisyə satılmış əşyaların dəyərinin ödənilməsini sübut etmək vəzifəsini cavabdeh daşıyır. İddiaçının nümayəndəsi məhkəmə iclasında cavabdehin 3600 manat borcu qaldığını bildirmişdir. Cavabdeh isə borcunu ödəməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında şifahi qaydada bağlanmış nisyə-alqı satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları cavabdehə satmış, lakin cavabdeh üzərinə düşən öhdəliyi, yəni aldığı əşyaların dəyərini iddiaçıya tam ödəməmişdir. Onun iddiaçı qarşısında icra edilməmiş 3600 manat pul öhdəliyi vardır. Odur ki, iddiaçı cavabdehdən satdığı əşyaların dəyərinin ödənilməmiş hissəsini, yəni 3600 manat pul vəsaitini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6 və 115.0.6-cı maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə nümayəndələrə və vəkillərə verilməli olan məbləğlər də daxildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 87 manat dövlət rüsumu və 120 manat vəkil xidməti haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 3600 (üç min altı yüz) manat pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 87 (səksən yeddi) manat pul və ödənilmiş vəkil xidmət haqqının əvəzi kimi 120 (yüz iyirmi) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar