Məhkəmə qərarları › İş №2(071)-1114/2025

Hacıqabul Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(071)-1114/2025

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1114/2025 04.02.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh borclu qaldığı 4000 (dörd min) manat əsas borc və 62 (altmış iki) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4062 (dörd min altmış iki) manat məbləğində pul vəsaitinin İddiaçınun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh Saqdəddin oğlu xx.xx.2025-ci ildə iddiaçıya müraciət edərək kənd təsərrüfatı ilə məşğul olduğu üçün ona pul lazım olduğunu əkin üçün xərclərinin yarandığı, hazırda suvarma və yer haqqı kirayəsi ilə əlaqədar borcunun yarandığını və bir ay ərzində borcunu qaytaracağını vəd vermişdir. Ona görə də, xx.xx.2025-ci ildə ona 4000 manat manat məbləğində olan borc pul verdi və bununla bağlı aralarında yazılı müqavilə imzaladılar. Həmin müqaviləni cavabdeh kənar təsirdən azad şəkildə öz iradəsi ifadəsi olaraq imzaladı. Cavabdeh götürdüyü borcu vəd verdiyi və yazılı müqavilədə göstərilən müddətdə ödəmədi, dəfələrlə bununla bağlı müraciət etsə də, bankdan kredit götürəcəyini, məhsulunun satılmadığını və s. bəhanələr edərək borcu verməkdən yayındı. Əksinə yenidən iddiaçıdan borc istədi. İddiaçı hiss etdi ki, cavabdeh pulu qaytarmaqdan yayınmaq üçün bu cür hərəkətlər edir və arada mütəmadi bununla bağlı mübahisələr yarandı. Odur ki, cavabdehin borclu qaldığı pulun tutulması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(071)-1114/2025 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Cavabdeh xx.xx.2026-cı il tarixdə teleqramla məhkəməyə müraciət edərək bildirmişdir ki, anasının səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Məhkəmə iclasında İddiaçı çıxışında bildirmişdir ki, iddianı müdafiə edir. Cavabdeh ona olan borcunun ödənilməsi barədə öhdəliyindən müxtəlif bəhanələr gətirərək yayınmışdır. İşə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında xx.xx.2025-ci il tarixdə bağlanmış Cavabdeh əl imzası ilə imzalanmış borc müqaviləsindən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh 4000 manat məbləğində borc pul verilmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Beləliklə, təqdim edilmiş müqavilə ilə təsdiq olunur ki, tərəflər arasında faktiki olaraq borc müqaviləsi bağlanmışdır. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək borc pul məbləğini cavabdehə vermişdir. Lakin cavabdeh həmin pulu təyin olunan vaxtda qaytarmamışdır. Borcun qaytarılması ilə bağlı tələblər olsa da, borcu verməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ödənilmiş dövlət rüsumunu qarşı tərəfdən tələb etdiyindən və iddia tələbi təmin olunduğundan ödənilmiş dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat əsas borc və 62 (altmış iki) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4062 (dörd min altmış iki) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həmin qətnamənin ləğvi üçün Hacıqabul Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar