Məhkəmə qərarları › İş №2(071)-1143/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1143/2024

10.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1143/2024 10.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(071)-416/2023 saylı qətnaməsinə əsasən cavabdehdən tutulan aliment məbləğinin miqdarının artılaraq hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuşdur. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(071)-416/2023 saylı qətnaməsi ilə, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 180 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda iddiaçı heç bir yerdə işləmir, pensiya, təqaüd, eləcə də digər gəlir yeri yoxdur. Buna görə də, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(071)- 416/2023 saylı qətnaməsi ilə təyin edilmiş 180 manat alimentin artırılaraq, 235 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, cavabdeh hazırda evlidir. Cavabdehlə nikahından 3 uşağı var. Həmin uşaqlardan ikisi artıq yetkinlik yaşına çatıb. Əvvəlki məhkəmə qətnaməsi ilə, cavabdeh ona hər ay, hər uşağa 100 manat olmaqla, cəmi 300 manat məbləğində aliment ödəmişdir. Hazırda cavabdehin ona 80 manat aliment borcu vardır. Hazırda övladlarından yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X5 xəstədir. Qızının saxlanılması ilə yanaşı müalicə xərcləri də kifayət qədər vəsait tələb edir ki, buna görə maddi cəhətdən çətinlik çəkir. Hesab edir ki, cavabdeh digər övladları yetkinlik yaşına çatanadək 300 manat aliment ödəmək iqtidarında olmuşdursa, hazırda yetkinlik yaşına çatmayan bir övladı üçün 235 manat ödəmək iqtidarındadır. Göstərilənlərə əsasən iddianın təmin olunaraq, alimentin məbləğinin artırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh xx.xx.2024-cü il tarixində məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, xəstə olduğu üçün məhkəmə prosesində iştirak edə bilməyəcəkdir. Məhkəməyə göndərmiş olduğu etiraz məktubunun nəzərə alınmasını və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Cavabdeh xx.xx.2024-cü il tarixli yazılı etirazı xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. O, etirazda bildirilmişdir ki, İddiaçı ilə 2002-ci ildə faktiki nikaha daxil olsa da, nikahları 13 dekabr 2017-ci il tarixdə Hacıqabul rayon qeydiyyat şöbəsində 108 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Həmin nikahdan üç övladı doğulmuşdur. 2017-ci ildə ailə münasibətləri pozulduğu üçün 2020-ci ilədək faktiki olaraq ayrı yaşamışlar. 2020ci ilin may ayında iddiaçı nikahın pozulması ilə bağlı Hacıqabul Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli 2(071)-364/2022 saylı qətnaməsi ilə nikah pozulmuş, eyni zamanda hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 300 manat alimentin tutulması qət edilmişdir. Aylıq qazancının 400 manat olmasına baxmayaraq, məhkəmə qətnaməsinə əsasən, uşaqlarına alimenti vaxtı-vaxtında ödəmişdir. 2 oğlu yetkinlik yaşına çatdığından onlara münasibətdə artıq aliment ödəmir. Hal-hazırda yalnız bir uşağa görə məhkəmə qətnaməsinə əsasən 180 manat aliment ödəyir. Əlavə olaraq qeyd etmişdir ki, tərəflər ailə həyatı qurduqdan sonra iddiaçının atasına məxsus olan fərdi yaşayış evində yaşamışlar. Daha sonra o, həmin həyətdə 3 otaqdan ibarət ev tikmiş, hətta İmkansızlıqdan dam örtüyünü yekunlaşdıra bilməmişdir. Həmin yarım tikili iddiaçının sahibliyində qalmışdır. Hazırda onun mülkiyyətində hər hansı yaşayış evi yoxdur. Hal-hazırda Bakı şəhərində kirayədə yaşayır. Aldığı 400 manat əmək haqqının 200 manatını kirayə pulu ödəyir. Ona görə də, hal-hazırda 235 manat alimentin ödənilməsinə imkanı yoxdur. Odur ki, maddi imkanı olmadığından məhkəmə iclasında iştirak edə bilmir və etirazı nəzərə alınaraq iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin yazılı etirazını və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(071)-416/2023 saylı qətnaməsindən müəyyən edilir ki, Hacıqabul Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2(071)-364/2020 saylı qətnaməsi ilə 03 dekabr 2009-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarı artırılmış, 03 dekabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 180 (yüz səksən) manat sabit pul məbiəğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemində olan məlumatlarından çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh işəgötürən fiziki şəxs X4 (VÖEN **********) tabeliyində aşbaz vəzifəsində çalışır və aylıq əmək haqqı 86,25 (səksən altı manat iyirmi beş qəpik) manat təşkil edir. Məhkəmə cavabdehin xx.xx.2024-cü il tarixli yazılı etirazına münasibətdə bildirir ki, cavabdeh burada aylıq qazancının 400 manat olduğunu, hazırda Bakı şəhərində kirayədə yaşadığını və maddi imkanlarının məhdud olduğunu bildirmişdir. Lakin məhkəmənin qənaətinə görə, cavabdehin təqdim etdiyi məlumatlar onun faktiki maddi vəziyyətini tam əks etdirmir. Belə ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(071)- 364/2022 saylı qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulduğunu, hər ay, hər uşaq üçün 100 manat olmaqla, 300 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsinin qət edildiyini bildirmişdir. Cavabdehin həmin dövrdə aylıq gəlirinin 400 manat olduğunu iddia etməsinə baxmayaraq, məhkəməyə təqdim olunana faktlar göstərir ki, cavabdeh 300 manat aliment ödəməklə yanaşı, öz yaşayış xərclərini də təmin etmişdir. Bu hal cavabdehin göstərdiyi gəlir məbləğinin real olmadığını və onun əlavə gəlir mənbələrinin mövcudluğunu ehtimal etməyə əsas verir. Məhkəmə hesab edir ki, 400 manat əmək haqqı ilə həm kirayə haqqının ödənilməsi, həm 300 manat sabit pul məbləğində alimentin ödənilməsi, həm də şəxsi dolanışığın təmin olunması iqtisadi baxımdan qeyri-mümkündür. Bu baxımdan cavabdehin gəlirlərinin yalnız rəsmi qeyd edilən məbləğlə məhdud olmadığını, onun əlavə gəlir mənbələrinin olduğunu düşünmək üçün yetərli əsaslar mövcuddur. Bundan əlavə, iddiaçının mövcud şəraitini də nəzərə almaq zəruridir. İddiaçı məhkəməyə təqdim etdiyi müraciətdə heç bir gəlirinin olmadığını, uşağın saxlanılması üçün xərclərin artdığını və dolanışıq tələblərinin təmin edilməsində çətinlik çəkdiyini qeyd etmişdir. Uşağın yaşının artması ilə onun təhsil, qidalanma və digər gündəlik ehtiyaclarının daha çox maddi vəsait tələb etdiyi məhkəməyə məlumdur. Nəticə etibarilə, məhkəmə cavabdehin real gəlirlərinin gizlədilməsi ehtimalını, iddiaçının və uşağın artan xərclərini, eləcə də tərəflərin mövcud maddi vəziyyətini nəzərə alaraq alimentin məbləğinin 235 manat məbləğində artırılmasını qanuni və əsaslı hesab edir. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(071)-416/2023 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(071)-416/2023 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar