Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-1229/2025 10.02.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X3 Mərkəzinin Cavabdeh qarşı “torpaq sahəsinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X3 Mərkəzinin Cavabdeh qarşı “torpaq sahəsinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Hacıqabul rayonu Kolanı kənd sakini Cavabdeh dövlətə dəymiş zərərin əvəzi 277,20 (iki yüz yetmiş yeddi manat iyirmi qəpik) manat məbləğində pul vəsaitinin tutulub 3 saylı X3 Mərkəzinin Sabirabad rayon filialının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 3 saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə Sabirabad meşəbəyliyinin 7 saylı meşə dolayının ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Sabirabad meşəbəyliyinin 7 saylı meşə dolayının 17-ci kvartalının ərazisində Hacıqabul rayonu Kolanı kənd sakini Cavabdeh məxsus olan 126 (yüz iyirmi altı) baş xırdabuynuzlu mal-qaranın otarması faktı müəyyən edilmişdir. Həmin fakt əsasında S.Rəhimovun, İ.İsgəndərovun və M.Kazımovun iştirakları ilə xx.xx.2025-ci il tarixində akt və protokol tərtib edilmiş, ərazinin koordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. Həmin faktla bağlı müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış materiala qərar qəbul edilərək X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 277,20 manat məbləğində Hacıqabul rayonu Kolanı kənd sakini Cavabdeh tərəfindən maddi zərərin vurulması müəyyən edilmişdir. Hacıqabul rayonu Kolanı kənd sakini Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün və könüllü olaraq maddi zərərin ödənilməsi barədə onun ünvanına xx.xx.2025-ci il tarixli, 3-14-99-3/2-404/2025 nömrəli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, hesablanmış 277,20 manat məbləğində dövlətə dəymiş maddi zərəri bu günə qədər ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında iddia ərizəsinin məzmununa uyğun çıxış edərək verilmiş suallara cavab olaraq bildirmişdir ki, 126 baş heyvanın hansı üsulla sayılması barədə sübutu və həmin ərazinin bizim quruma aid olması barədə xəritədən çıxarış mövcuddur. Nazirlər Kabinetinin qərarına əsasən 10 baş heyvan üçün 122 manatdan hesablanmışdır. İnzibati orqanın vurulmuş zərərlə bağlı sərəncam vermək hüququnun olub-olmamasını bilmir. Lakin, buna qədər digər rayon-şəhər məhkəmələrində də oxşar xarakterli mübahisələrdə iddia tələbi təmin edilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsi ilə razı deyildir. Verilmiş suallara əsasən o, əlavə olaraq bildirmişdir ki, dəymiş zərərin hesablanması ilə bağlı işlədiyi qurumun sərəncam vermək səlahiyyətinin olmasına baxmayaraq, faktiki olaraq təcrübədə tətbiq edilmir. Ona görə, işə aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsində baxılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etməyərək verilmiş suallara cavab olaraq bildirmişdir ki, 150 ildir ki, kənd camaatı həmin ərazidə heyvanları otarır. Həmin ərazi meşə deyil, yulğunluq və şoranlıqdır. Kəndin qırağında bənddən aşağı ərazidir. Həmin ərazi təxmini 100 hektar olsa da, yarısı satılmışıdr. Onun ümumi 3 inəyi, 10 qoyunu vardır. Ümumi camaatın isə 350 heyvanı həmin ərazidə olur. Meşəbəyi ondan qoyunların ona aid olub-olmamasını soruşaraq, şəklini çəkib getmişdir. Ona bu barədə ümumiyyətlə xəbərdarlıq olunmamışdır. Ondan başqa Elsevər adlı həmkəndlisinə məxsus heyvanların da şəkilləri çəkilmişdir. Hazırda iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə hesab edir ki, işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Qasımov X1 meşəbəyliyinin 7 saylı meşə dolayının 17-ci kvartalında dövlət meşə fondu torpaqlarında 126 baş iri buynuzlu mal-qaranı qanunsuz otararaq İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 002434 nömrəli aktdan müəyyən edilir ki, 3 saylı X3 Mərkəzinin əməkdaşları tərəfindən Sabirabad meşəbəyliyinin 7 saylı meşə dolayısına baxış keçirilmişdir. Baxış zamanı ərazidə xırdabuynuzlu mal-qaranın otarıldığı məlum olmuşdur. Şifahi məlumat əsasında xırdabuynuzlu mal-qaranın otaran şəxsin Hacıqabul rayonu Kolanı kənd sakini xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh olduğu müəyyən edilmişdir. Vətəndaşa həmin ərazidə otarmanın meşə qanunvericiliyinə zidd olduğu, bu səbəbdən barəsində akt və inzibati xəta haqqında protokol tərtib olunacağı bildirilmişdir. Lakin vətəndaş Cavabdeh mal-qara otardığı ərazinin onlara məxsus örüş yeri olduğunu iddia etmiş, akt və protokolun tərtibində iştirakdan imtina etmişdir. Bundan sonra xırdabuynuzlu mal-qara ərazidən uzaqlaşdırılmışdır. Akt 3 saylı X3 Mərkəzinin əməkdaşları, yəni meşəbəyi S.Rəhimzadə, gözətçilər İ.İsgəndərov və M.Kazımov tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan müəyyən edilir ki, törədilmiş inzibati xətaya görə vətəndaş Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə 400 (dörd yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarında olan 3 saylı X3 Mərkəzi tərəfindən tərtib edilmiş “X4 dəymiş ziyanın hesabatı”ndan müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 nömrəli Qərarı ilə təsdiq edilmiş tariflərə əsasən, meşə fonduna cəmi 277,20 (iki yüz yetmiş yeddi manat iyirmi qəpik) manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(071)-300/2025 saylı qərarından müəyyən edilir ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan 3 saylı X3 Mərkəzinin Sabirabad meşəbəyliyinin 7 saylı meşə dolayında qanun pozuntusu baş vermiş sahənin xəritədən çıxarışından müəyyən edilir ki, inzibati xətanın törədildiyi konkret koordinatlar (302232; 4438823) və sahənin yerləşdiyi ərazi vizual olaraq təsbit edilmişdir. Sözügedən xəritə çıxarışından müəyyən edilir ki, qanunsuz otarma faktının baş verdiyi sahə X4 daxil olan ərazidir və bu sahə sənəddə xüsusi işarə ilə qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 52-ci maddəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 oktyabr tarixli, 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qaydasının 4-cü bəndinə görə meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlə nəzarətini həyata keçirən səlahiyyətli şəxslər meşə qanunvericiliyinin tələblərinə fiziki və hüquq şəxslər tərəfindən əməl edilməməsini aşkar edərkən bu barədə müvafiq qaydada akt tərtib edirlər və hüquqpozmalar nəticəsində meşə təsərrüfatına dəyən zərəri və itkiləri müəyyən olunmuş nırx dərəcələri və cərimələr üzrə hesablayaraq, ümumi məbləğin ödənilməsinə sərəncam verirlər. Həmin Qaydanın 5-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər meşə təsərrüfatına dəyən zərər və itkilər barədə tərtib olunmuş aktla razılaşmadıqları halda mövcud qanunvericiliyə uyğun aidiyyət məhkəməyə şikayət edə bilərlər. Həmin Qaydanın 6-cı bəndinə əsasən meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və Azərbaycan Respublikası Meşə Məcəlləsinin pozulması ilə əlaqədar müəyyən olunmuı zərərin və itkilərin dəyəri müvafiq meşə təsərrüfatına ödənilir. 01 yanvar 2011-ci il tarixdən qüvvədə olan “İnzibati icraat haqqında” Azərbaycan Respublikas Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedura qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “inzibatı orqanların Təsnifatı”nın 17-ci bəndinə əsasən Azərbaycan Respublikası Meşə Təsərrrüfatı Mərkəzi inzibati orqandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbayca Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Yuxarıda sadalanan qanunvericiliyin normalarından görünür ki, 3 saylı X3 Mərkəzinın inzibati orqan olaraq 3 saylı X3 Mərkəzinin Sabirabad rayon filialına vurulmuş zərərin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi “nırx dərəcələri” əsasında hesablayaraq ödənilməsi barədə qanunla müəyyən edilmiş qaydada inzibati akt qəbul etmək səlahiyyəti vardır. Belə ki, cavabdeh tərəfindən dövlət meşə fondu torpaqlarında qanunsuz otarma faktı inzibati xəta kimi rəsmiləşdirilmiş, bu barədə inzibati xəta haqqında protokol tərtib olunmuş və nəticədə İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019cu il tarixli 30 nömrəli Qərarına əsasən X4 dəymiş zərər müvafiq tariflər üzrə hesablanmış və həmin məbləğin ödənilməsi müəyyən edilmişdir. Qanunvericilik – xüsusilə Meşə Məcəlləsi, Nazirlər Kabinetinin 1999-cu il 4 oktyabr tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalar və “İnzibati icraat haqqında” Qanunun müddəaları – meşə təsərrüfatına dəyən zərərin hesablanması və ödənilməsi məsələsini inzibati orqanın səlahiyyətinə aid edir. Belə olan halda, qeyd olunan normativ aktlara əsasən səlahiyyətli inzibati orqan hüquqpozmanı aşkar etdikdə akt tərtib edir, dəymiş zərəri müəyyən edilmiş nırx dərəcələri üzrə hesablayır və həmin məbləğin ödənilməsi barədə inzibati akt qəbul edir. Bu inzibati akt pul tələbi xarakteri daşıyır və “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinə əsasən məhkəmə qərarı olmadan birbaşa icra məmurlarına yönəldilə bilər. Yəni qanun inzibati orqana öz aktını icraya yönəltmək üçün ayrıca mülki iddia qaldırmaq səlahiyyəti və zərurəti nəzərdə tutmur. Digər tərəfdən, iş materiallarından görünür ki, inzibati tənbeh barədə qərar artıq məhkəmə tərəfindən yoxlanılmış və qüvvədə saxlanılmışdır. Bu isə onu göstərir ki, hüquqpozmanın mövcudluğu və inzibati məsuliyyət məsələsi artıq hüquqi qiymətini almışdır. Belə şəraitdə zərərin tutulması məsələsi də həmin inzibati icraatın tərkib hissəsi kimi həll edilməli və inzibati icra mexanizmi vasitəsilə təmin olunmalıdır. Hazırkı mübahisə isə tərəflər arasında klassik mülki-hüquqi öhdəlik münasibətindən deyil, dövlət orqanının səlahiyyətlərini həyata keçirməsi nəticəsində yaranmış inzibati-hüquqi münasibətdən qaynaqlanır. Buna görə də tələb mülki iddia predmeti kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Odur ki, qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, MPMnin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, iddiaçıya izah olunmalıdır ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X3 Mərkəzinin Cavabdeh qarşı “torpaq sahəsinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinetdən işə baxan Hacıqabul Rayon Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-1229/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-1229/2025
10.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver