Məhkəmə qərarları › İş №2(071)-126/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-126/2025

07.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-126/2025 07.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 900 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yaqubov X1 rayonu, Meyniman kəndində qeydiyyatda olmaqla yaşayır. İş üzrə Cavabdeh onun doğma əmisioğludur. O, dialez xəstəsi olduğu üçün xəstəlikdən əziyyət çəkir. 2022-ci ildə ona bu xəstəliyinin müalicəsi üçün iddiaçıdan 900 (doqquz yüz) manat pulu borc istədi, həmin vaxt onun imkanı olmadığı üçün təsərrüfatında olan 1 ədəd iribuynuzlu heyvanını 1000 (bir min) manata satıb, onun 900 (doqquz yüz) manat pulu iş üzrə Cavabdeh borc olaraq vermişdir. Həmin vaxtdan xeyli vaxt keçsə də, iş üzrə cavabdeh borcunu qaytarmır. Bununla bağlı o, aidiyyatı üzrə Hacıqabul rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hacıqabul rayon polis şöbəsində müvafiq araşdırma aparıldıqdan sonra ona xx.xx.2024-cü il tarixdə, 3-12- 78/2-Y-247xx/xx/2024 nömrəli məktubla bildirildi ki, şikayəti üzrə müvafiq araşdırma aparılmış və iş üzrə cavabdeh bununla bağlı izahat vermişdir. Hal-hazırda həmin əməldə cinayət və ya inzibati xətanın əlamətləri olmadığı üçün, mülki qaydada aidiyyati üzrə məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Hal-hazırda bu borcu dəfələrlə ondan geri istəsə də, o, müxtəlif bəhanələr gətirərək, həmin pulu geri qaytarmaqdan yayınmışdır. Bu səbəbdən cavabdehdə olan pulunun qaytarılması barədə dəfələrlə tələbi təmin edilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iş üzrə Cavabdeh onun doğma əmisioğludur. O, dialez xəstəsi olduğu üçün xəstəlikdən əziyyət çəkir. 2022-ci ildə ona bu xəstəliyinin müalicəsi üçün ondan 900 manat pulu borc istədi, həmin vaxt onun imkanı olmadığı üçün təsərrüfatında olan 1 ədəd iribuynuzlu heyvanını satıb, 900 manat pulu Cavabdeh borc olaraq vermişdir. Həmin vaxtdan xeyli vaxt keçsədə, iş üzrə cavabdeh borcunu qaytarmır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı onun əmisioğludur. O, dializ xəstəsidir. İddiaçıdan xəstəliyi ilə əlaqədar 900 manat borc pul almışdır. Lakin, bundan sonra iddiaçının ailə üzvlərini və bacısını özünə məxsus avtomobillə dəfələrlə Şirvan şəhərində yerləşən xəstəxanaya aparmış və hər dəfə göstərdiyi xidmətə görə onlardan az pul almış, məbləğin yerdə qalan hissəsinin isə borc məbləğindən çıxıldığını ehtimal etmişdir. Bununla əlaqədar özündə qeydlər aparmışdır. Hazırda onun iddiaçıya heç bir borcu qalmamışdır. Çünki o, iddiaçıya və onun bacısına uzun müddət taksi xidməti göstərmiş və xidmətin qarşılığında onlardan az pul almışdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən İddiaçı göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-12-78/2-Y-247xx/xx/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı şikayəti üzrə müvafiq araşdırma aparılmış və iş üzrə cavabdeh bununla bağlı izahat vermişdir. Hal-hazırda həmin əməldə cinayət və ya inzibati xətanın əlamətləri olmadığı üçün, mülki qaydada aidiyyati üzrə məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. İş materiallarında olan hazırki mülki iş üzrə Cavabdeh Hacıqabul Rayon Polis Şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatından müəyyən edilir ki, İddiaçı tanıyır. Onun qohumudur. Onunla münasibəti normaldır. Heç bir düşmənçilik və ədavəti yoxdur. 2021-ci il tarixdə dializ xəstəsi olduğu üçün maddi vəziyyəti pis olmuş, müalicə olunmaq üçün maddi vəsait lazım olduğundan İddiaçı 900 manat borc almışdır. Həmin pulla bir müddət müalicə olunmuş və səhhətində yaxşılaşma olmuşdur. Həmin vaxt aralarında olan şifahi razılaşmaya əsasən həmin pulun qarşılığında onun dializ xəstəsi olan bacısı X5 rayon Mərkəzi xəstəxanasına, Şirvan şəhər mərkəzi xəstəxanasına və Bakı şəhərində müxtəlif xəstəxanalara aparmış, bu hesablar əsasında İddiaçı ona 1300 manat borcu olmuşdur. Lakin oda həmin borcu verməkdən imtina etmişdir. Əvvəlki məhkəmə iclasları zamanı şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, iddiaçı onun həyat yoldaşıdır. Cavabdeh isə həyat yoldaşının əmisi oğludur. Cavabdeh dializ xəstəsidir. O, dializ olunması üçün iddiaçıdan borc pul istəmiş, həyat yoldaşı özünə məxsus iribuynuzlu heyvanı sataraq pulunu Cavabdeh vermişdir. Uzun müddətdir ki, Samil pulu qaytarmır. Cavabdeh bildirir ki, onlara olan borcunu iddiaçının ailəsinə taksi fəaliyyəti göstərərək ödəyib, amma yalan danışır. O iddiaçını və onun ailəsini avtomobillə Şirvan şəhərinə və Hacıqabul şəhərində müxtəlif yerlərə apararkən onlardan bunun əvəzində gediş haqqı almışdır. Cavabdeh borc məbləğini qaytarmamaq üçün müxtəlif bəhanələr gətirir. Əvvəlki məhkəmə iclasları zamanı şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, iddiaçı onun əmisioğludur. Cavabdeh isə qardaşıdır. Qardaşı dializ xəstəsidir, o dializ olunması üçün böyük qardaşı əmisioğlu Mərhəmətdən borc pul istəmişdir. İddiaçı özünə məxsus iribuynuzlu heyvanı sataraq 900 manat pulu cavabdehə vermişdir. Sonradan o, Rusiya Federasiyasına getmiş, həmin borc məbləğinin qaytarılmasından məlumatı olmamışdır. Lakin, indi xatırlamadığı vaxtda o, qardaşından İddiaçı olan borcunun qaytardığını soruşmuş, cavabdeh həmin məbləğin müqabilində iddiaçıya və onun ailə üzvlərinə taksi xidməti göstərdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Məhkəmə iclası zamanı, cavabdeh iddiaçıdan 900 manat məbləğdə borc pulun aldığını etiraf etmiş, lakin həmin borc məbləğinin qaytarılmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə tərəfindən işin faktiki halları belə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 2022-ci ildə, sonuncunun dializ müalicəsi ilə əlaqədar maddi çətinlik yaşaması səbəbilə, 900 (doqquz yüz) manat məbləğində borc vəsaiti vermişdir. İddiaçı tərəfindən borcun geri qaytarılması dəfələrlə tələb edilsə də, cavabdeh müxtəlif bəhanələrlə öhdəliyini yerinə yetirməkdən boyun qaçırmışdır. Bununla əlaqədar olaraq, iddiaçı Hacıqabul Rayon Polis Şöbəsinə müraciət etmiş, lakin borcun qaytarılması təmin olunmadığından, mülki qaydada məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında tərəflərin izahatları və iş materialları araşdırılarkən, Cavabdeh iddia edilən borc məbləğini iddiaçıdan alması təsdiq olunmuş, lakin borcun qaytarılması ilə bağlı hər hansı hüquqi cəhətdən etibarlı sübut təqdim edilməmişdir. Cavabdeh məhkəmə iclasında öz müdafiəsi zamanı borcun taksi fəaliyyəti ilə məşğul olmaqla qaytarıldığını bildirmiş, lakin bunu təsdiq edəcək heç bir sənəd, bank köçürməsi, qəbz və ya digər hüquqi əhəmiyyətli sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin müvafiq normalarına əsasən, iddianı və ya etirazı təsdiq etmək yükü həmin iddianı irəli sürən tərəfin üzərinə düşür. Cavabdeh tərəfindən borcun qaytarıldığına dair hər hansı yazılı və ya digər hüquqi qüvvəyə malik sübutların olmaması səbəbilə, onun bu barədə irəli sürdüyü arqumentlər əsaslı hesab edilmir və məhkəmə tərəfindən qəbul olunmur. Bu baxımdan, işin hallarına və mövcud hüquqi tənzimləmələrə əsasən, iddiaçının iddiasının təmin edilməsinin hüquqi əsası mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə iclasında araşdırılmış iddiaçının və cavabdehin izahatı, habelə işin digər materialları ilə müəyyən olundu ki, Cavabdeh İddiaçı borc almışdır və öhdəsini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddia təmin edilməli, 900 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar