Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-144/2025 23.12.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək "xxxx" QSC-yə vurulmuş zərərə görə 2733,10 (iki min yeddi yüz otuz üç manat on qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2781,10 (iki min yeddi yüz səksən bir manat on qəpik) manat məbləğində pulun yetkinlik yaşına çatmayan X3 qanuni nümayəndəsi Cavabdeh tutularaq "xxxx" QSCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü il tarixində saat 20:34 radələrində 731 saylı Ağstafa-Bakı marşrutu ilə hərəkət edən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus DŞİ-001 nömrəli sürətli sərnişin qatarı Pirsaat-Atbulaq mənzilinin 118-ci km piket 3-də, hərəkətdə olarkən sözügedən qatarın hərəkət istiqamətinin sol tərəfindən 1-ci vaqonuna daş atılması nəticəsində qatarın şüşə hissəsi əhəmiyyətli dərəcədə zədələnmişdir. Hadisə nəticəsində ADY-yə 2733,10 (iki min yeddi yüz otuz üç manat 10 qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X4 Polis İdarəsinin Biləcəri X10 İstintaq və Təhqiqat bölməsində araşdırma aparılmışdır. X12 Şöbəsindən ADY-yə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-15-1-1/2-1583/2024 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixində saat 20:30 radələrində DŞİ-001 nömrəli sürətli elektrik qatarı Pirsaat - Atbulaq istiqamətinin 118-ci km piket 3-də hərəkətdə olarkən 1-ci vaqonun yan şüşəsinə kənardan daş atılması nəticəsində yan şüşə hissəsinə zərər verən şəxsin xx.xx.2014-cü İl təvəllüdlü X6 olması müəyyən olunmuşdur. Bununla əlaqədar, onun valideyni Cavabdeh bölməyə dəvət olunmuş və onun iştirakı ilə X3 izahatı alınmışdır. X6 verdiyi izahatında qatarın yan şüşəsinə daş atdığını etiraf etmişdir. Sözügedən qatar İsveçrənin son texnologiyaları əsasında istehsal edilmiş ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarı olmaqla, 2015-ci ildə Azərbaycan Respublikasına gətirilərək istismara verilmişdir. Sözügedən qatarlar həm bölgələrimizdə həmçinin də, Sumqayıt - Pirşağı - Bakı marşrutu ilə hərəkət edərək paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılmasında, o cümlədən sərnişinlərin mənzil başına vaxt itkisi olmadan təhlükəsiz və rahat bir şəkildə çatmalarına böyük töhfə verir. Lakin baş vermiş hadisə nəticəsində qatarın hərəkət qrafikində ləngimə yaranmış və bu hal haqlı olaraq yüzlərlə sərnişin tərəfindən narazılıqla qarşılanmışdır. Daha sonra iddiaçı "xxxx" QSC iddia tələbinin həcminin artırılması barədə ərizə verərək Cavabdeh iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 14.466,49 manat pul vəsaitinin və ödənilmiş 133,04 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 14.599,53 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında ərizənin məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC-nin mütəxəssis rəyini əsaslı hesab etmir. Belə ki, məhkəməyə sübut qismində təqdim etmiş olduğu və "xxxx" QSC-nin əlaqəli şəkildə fəaliyyət göstərdiyi istehsalçı “Stadler” adlı isveç şirkəti tərəfindən rəsmi qaydada təsdiq edilmiş hesabatında dəymiş maddi zərərin ümumi məbləğinin mütəxəssis rəyindən daha çox olduğunu qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, "xxxx" QSC qatarlara lazım olan ehtiyat hissələrinin təminatçısı kimi birbaşa “Stadler” adlı isveç şirkəti ilə əlaqədədir. Bu baxımdan sözügedən hesabatda qeyd edilən ehtiyat hissələrinin maddi dəyərini daha real hesab edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, keçirilmiş əlavə ekspertizanın, yəni “X5” MMC-nin rəyində qatarın zədələnmiş hissələrindən biri olan şüşəsinə münasibət bildirilməmiş, həmin hissənin dəyəri rəydə öz əksini tapmamışdır. Odur ki, sözügedən şüşənin dəyərinin “Stadler” adlı isveç şirkəti tərəfindən verilmiş qiymətləndirmə aktında göstərilmiş dəyərdə, yəni 1060 avro məbləğində müəyyən edilməsini və yekun qərar qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir. Bundan başqa bildirmişdir ki, “DŞİ-001” saylı sərnişin qatarı artıq təmir olunmuş və faktiki istifadəyə yararlı vəziyyətə gətirilmişdir. Belə ki, istismara yararsız vəziyyətə düşmüş detallar sökülmüş və Cəmiyyətin ehtiyatında olan digər qatarlardan lazımlı hissələr alınaraq əlavə edilmişdir. Vurulmuş maddi ziyanın hissə-hissə ödənilməsi məsələsində cavabdehlə Cəmiyyət arasında danışıqlar aparılmamış, Cavabdeh "xxxx" QSC-yə rəsmi müraciət göndərməmiş, halbuki tərəfə Cəmiyyətin rəhbərinin qəbuluna yazılması və iddia tələbinə münasibətdə razılıq əldə edilməsi təklif edilmişdir. Lakin, qarşı tərəfdən belə bir addım atılmadığından məsələyə münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Həm qiymətləndirmə barədə hesabat ilə, həm də iddia ərizəsi ilə razı deyildir. Övladı qatar yoluna daş düzməmişdir. O, araşdırma zamanı izahat yazmış və imzalamışdır. İzahat yazarkən ona qarşı təzyiq olmamışdır. İddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil qiymətləndirici “X5” MMC-nin eksperti X8 ifadəsində bildirmişdir ki, mülki iş üzrə təyin edilmiş ekspertizanın aparılması zamanı zərər vurulmuş qatarın şüşəsi ilə bağlı eksperiza mərkəzinə təqdim edilmiş iş materiallarında bununla bağlı heç bir qeydiyyat aparılmamış, material təqdim edilməmiş, sadəcə olaraq iddia ərizəsində şüşə ilə bağlı ümumi məsələlər qeyd edilmişdir. Məhkəmə tərəfindən mərkəzə təqdim olunmuş iş materiallarındakı baxış protokolu, aktlar və s. tədqiq edildikə qatarın əsasən alt hissəsinə zərər dəydiyi müəyyənləşdirilmiş və buna uyğun olaraq qiymələndirilmə aparılmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, "xxxx" MMC-nin hesabatı ilə tanış olmuş, həmin hesabatda internet informasiya ehtiyatlarında olan dəyərlər əsasında rəy tərtib olunsa da, bunu əsaslı hesab etmir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" QSC-nin balansında olan “DŞİ-001” saylı sürətli sərnişin qatarının ehtiyat hissələri “Stadler” adlı isveç şirkəti tərəfindən təchiz edilmişdir. Həmin ehtiyat hissələrinin dəyəri isə dolayısıyla şirkətin satdığı detalların dəyəri ilə müqayisə edilərək yekun rəy tərtib edilmişdir. Hesab edir ki, zərər görmüş detalların məhz həmin şirkətdən alınması və onunla təchiz edilməsi məqsədəuyğundur. Çünki, fiziki şəxslərin qatar hissələrinin alışında və satışında maraqlı olmadığı nəzərə alındıqda, bunu normal hal kimi qəbul edir. Qeyd etmişdir ki, rəy tərtib olunan zaman sadəcə ehtiyat hissələrinin dəyəri müəyyənləşdirilmiş, buraya daşınma və gömrük xərcləri kimi əlavə xərclər əlavə edilməmişdir. Eyni zamanda bildirmişdir ki, "xxxx" QSC-nin balansında olan qatarlar “Stadler” şirkəti tərəfindən zəmanətlə verildiyindən həmin qatarlara digər istehsalçı ölkələrə məxsus qatarların detallarını qoymaq sözügedən zəmanətin itirilməsinə səbəb ola bilər. Bununla yanaşı, digər istehsalçılara məxsus detalları həmin qatara qoymaq qatarın təhlükəsiz idarə edilməsinə real təhlükə yarada və gələcəkdə ciddi qəza şəraitlərinin yaranmasına səbəb ola bilər. Qatarın zərər görmüş detallarının yenidən bərpası məsələsinə münasibətdə bildirmişdir ki, yekun rəy tərtib edilməmişdən əvvəl "xxxx" QSCnin texniki şöbəsi ilə əlaqə saxlanılmış, “DŞİ-001” saylı sərnişin qatarına baxış keçirilməsi üçün icazə istənilsə də, şöbənin əməkdaşları qatarın artıq təmir olunduğunu və hazırda istismarda olduğunu bildirmişdir. Məhkəmə iclası zamanı "xxxx" MMC-nin mütəxəssisi X2 ilə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə aparılan videokonfrans zamanı verilmiş suallara cavab olaraq bildirmişdir ki, aparılmış araşdırma zamanı məlumatlar əsasən açıq informasiya mənbələrindən əldə edilmiş, "xxxx" QSC-nin balansında olan “DŞİ-001” saylı sürətli sərnişin qatarının ehtiyat hissələrinə uyğun digər detalların axtarılması zamanı müxtəlif istehsalçı ölkələrin müxtəlif keyfiyyətdə olan detalları araşdırılmışdır. Bu zaman həmin detalların orta dəyərləri müəyyən edilmiş və bu barədə hesabatda müvafiq qeydiyyat aparılmışdır. Əlavə olaraq bildirmişdir ki, göstərilmiş ehtiyat hissələri əsasən 3 ölkə istehsal edir ki, bunların da satış məbləğləri arasında müəyyən dərəcədə fərqlər olur. Belə olan halda ekspertiza mərkəzi həmin detalların orta satış qiymətini, həmçinin gömrük və digər xərclərini də müəyyən edərək hər bir detal üçün ayrıca qiymət müəyyənləşdirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında şahid qismində cəlb edilərək dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində hərəkət vasitələrinin təmiri departamentində maliyyə şöbəsinin baş iqtisadçısı vəzifəsində işləyir. “Stadler” şirkəti öz saytında qatarın hansısa detalını satmır. "xxxx" MMC-nin qiymətləndirmə barədə hesabatında informasiya mənbələri hissəsində qeyd edilən şirkət saytları hazırki işin halları ilə bağlı deyil və həmin detallar oradan alına bilməz. Zədələnən qatar 2023-cü il istehsalı olan qatardır. Həmin qatarın ehtiyyat hissələri ancaq “Stadler” şirkətinin özündən alınır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə nəticəsində zədələnən qatara digər ehtiyat qatardan detal çıxarılaraq qatarın hərəkətinin dayanmaması üçün qoyulmuşdur. Ehtiyat hissəsinin çıxarıldığı həmin qatarla bağlı isə “Stadler” şirkəti hələ onlara detal göndərməmişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin X4 Polis İdarəsinin Biləcəri st. XPŞ-nin İstintaq və Təhqiqat Qrupunun baş təhqiqatçısı polis mayoru X1 icraatında olmuş HK-1/83 nömrəli material üzrə aparılmış araşdırma nəticəsində toplanmış iş materiallarının təsdiq edilmiş surəti xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmuş, həmin materiala və əlavə edilmiş fotoşəkillərə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, 30 oktyabr 2024-cü il tarixdə saat 19:17 radələrində 734 saylı Bakı-Ağstafa marşrutu ilə hərəkət edən və "xxxx" QSCnin balansında olan “DŞİ-001” saylı sürətli sərnişin qatarı Hacıqabul rayonu Atbulaq qəsəbəsinin ərazisi olmaqla, Atbulaq-Pirsaat dəmir yolu mənzilinin 111-ci km-nin piket 2də hərəkətdə olarkən dəmir yolu relyslərinin üzərinə azyaşlı xx.xx.2014-cü il təvəllüdlü X6 tərəfindən mişar daşları düzüldüyündən qatar təcili tormozlama etsə də, məsafə qısa olduğuna görə hadisənin qarşısını almaq mümkün olmamış və qatar hərəkətini saat 19:17də dayandırmış, qatarın baş vaqonunun alt ehtiyat hissələri əhəmiyyətli dərəcədə zədələndiyi üçün saat 19:33-də qatar boş mənzilə göndərilmişdir. Hadisə nəticəsində sözügedən qatara 11.733,39 manat məbləğində maddi ziyan dəymiş olduğu qeyd edilmişdir. Materiala əlavə edilmiş “lokomotivə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən edilir ki, lokomotivə müvafiq qaydada baxış keçirilmiş, keçirilən baxış zamanı “DŞİ-001” nömrəli sürətli sərnişin elektrik qatarının alt ehtiyat hissələrində zədələnmə olması aşkar edilmiş, eləcə də hadisə yerinin isə Hacıqabul rayonu Atbulaq qəsəbəsi ərazisi olmaqla, Atbulaq-Pirsaat dəmir yolu mənzilinin 111-ci km-nin piket 2-də baş verməsi müəyyən edilmişdir. Materiala əlavə edilmiş və iş üzrə atası Cavabdeh iştirakı ilə izahatı alınmış xx.xx.2014-cü ildə Hacıqabul şəhərində anadan olmuş, Hacıqabul rayonu Nəvahi qəsəbəsində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan yetkinlik yaşına çatmayan X6 bildirmişdir ki, yaşadığı evin qarşısından dəmir yolu xətti keçir. 11 oktyabr 2024-cü il tarixdə təxminən saat 20:30 radələrində o, yaşadığı evin qarşısından keçən dəmir yolu xəttinin kənarında oynayarkən ətrafda dəmir yolu xətinin yaxınlığında bir neçə baş xırdabuynuzlu heyvanların olduğunu görmüş və yerdən kiçik ölçülü daş parçaları götürüb həmin xırdabuynuzlu heyvanlara tərəf atmağa başlamışdır. Bu zaman Hacıqabul istiqamətindən üzü ona tərəf sürətli sərnişin elektrik qatarının gəldiyini görmüşdür. O, kiçik ölçülü daş parcalarını xırdabuynuzlu heyvanlara tərəf atarkən həmin daş parçalarından biri ehtiyatsızlıqdan hərəkətdə olan qatarın sol tərəfindən şüşəsinə dəymiş və qatar siqnal verməyə başlamışdır. O da bundan qorxaraq dərhal yaşadığı evə getmişdir. Etdiyi əməli səmimi etiraf etmiş, atdığı kiçik ölçülü daş parçası ehtiyatsızlıqdan hərəkətdə olan qatarın şüşəsinə dəymiş, məqsədi qatara daş atmaq olmamışdır. Əməlinə görə üzr istəmiş və gələcəkdə bu cür hallara yol verməyəcəyinə söz vermişdir. Hadisə zamanı onun yanında başqa heç kim olmamış, orada tək olmuş, xırdabuynuzlu heyvanlara tərəf daş atmasını heç kim görməmişdir. Hadisə zamanı onun dəmir yolu xəttinin yaxınlığında olan xırdabuynuzlu heyvanlara tərəf daş atmasının elə bir səbəbi olmamış, sadəcə olaraq maraq üçün həmin heyvanlara tərəf kiçik ölçülü daş atmışdır. O, xırdabuynuzlu heyvanlara tərəf daş atan zaman hərəkətdə olan qatarın gəldiyini görmüş, lakin atdığı daşın qatarın şüşəsinə dəyəcəyini düşünməmiş və bu səbəbdən də daş atmasını dayandırmamışdır. Hərəkətdə olan qatara daş atması nəticəsində həmin qatara nə kimi ziyan dəyməsi barədə məlumatı olmamış, eləcə də xəsarət alan şəxs olmamışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmış (əmtəəşünaslıq üzrə mütəxəssis rəyinin alınmasına dair) və tədqiqatın aparılması "xxxx" MMC-nin mütəxəssislərinə həvalə olunmuşdur. xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 0181 saylı məktubu ilə qiymətləndirmə barədə hesabat və mülki iş materialları məhkəməyə daxil olmuşdur. Rəyin nəticəvi hissəsində "xxxx" QSC-yə vurulmuş maddi zərərin məbləğinin 6300 manat olduğu qeyd edilmişdir. İş materiallarında olan və iddiaçının nümayəndəsinin bildirdiyinə görə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus qatarların istehsalçısı olan, “Stadler” adlı isveç şirkəti tərəfindən rəsmi qaydada təsdiq edilmiş hesabatdan müəyyən edilir ki, Cavabdeh iddiaçıya vurulmuş maddi ziyanın nəticəsi olaraq zərər dəymiş qatar detallarının siyahısı və onların dəyəri qeyd edilmişdir. Həmin detalların dəyəri avro valyutası ilə göstərilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə keçirilmiş ilkin ekspertiza rəyinə münasibətdə məhkəməyə etiraz göndərərək qeyd etmişdir ki, məhkəmənin 11 mart 2025-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmış (əmtəəşünaslıq üzrə mütəxəssis rəyinin alınmasına dair) və tədqiqatın aparılması "xxxx" MMC-nin mütəxəssislərinə həvalə olunmuşdur. "xxxx" MMC tərəfindən 10 iyun 2025-ci il tarixli məhkəməyə daxil olmuş ekspertiza rəyinə etiraz edir. Eyni zamanda ADY olaraq iddia ərizəsində göstərilən ümumilikdə 14.599,53 (on dörd min beş yüz doxsan doqquz manat əlli üç qəpik) manatlıq ziyan məbləğinin sübut kimi təqdim edilmiş sənədlərlə əsaslandırılmışdır. Belə ki, həmin ziyanın məbləği istehsalçı zavod “Stadler” şirkəti ilə bağlanmış müqavilələrə əsasən müəyyən edilmişdir və konkret olaraq həmin markalı qatarlara uyğun orijinal ehtiyat hissələrinin qiymətlərini əks etdirir. "xxxx" MMC tərəfindən təqdim edilmiş 6.300 (altı min üç yüz) manatlıq məbləğ isə qeyri-dəqiq və yalnış müqayisələrə əsaslanır. Çünki, ekspert rəyində ADY tərəfindən təqdim edilmiş sənədlər deyil, (istehsalçı şirkətlə bağlanmış müqavilə, həmçinin ehtiyyat hissələrinin real bazar qiyməti, qeyd edilən ehtiyyat hissələrinin gömrük rəsmiləşdirilməsi və həmin ehtiyyat hissələrinə dair istehsalçı şirkətə edilmiş sorğu və.s) “Stadler” markalı qatarlara uyğun olmayan, fərqli istehsalçıların veb saytlarından götürülən qiymətlərə istinad edilmiş və ziyanın real həcmi tam qiymətləndirilməmişdir. “Stadler” markalı sürətli elektrik qatarlarına yalnız həmin istehsalçıdan alınan uyğun ehtiyyat hissələri quraşdırıla bilər və onların alternativi yoxdur. Bu baxımdan ekspertin digər markalarla müqayisəsi texniki və hüquqi cəhətdən əsassız hesab edir. Qeyd olunanları nəzərə alaraq, müstəqil ekspert rəyinin qeyri-dəqiq və əsasız olduğundan iş üzrə təkrar məhkəmə ekspertizasının təyin edilməsini və ziyanın real həcminin yenidən qiymətləndirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Nəticədə, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmış (əmtəəşünaslıq üzrə mütəxəssis rəyinin alınmasına dair) və tədqiqatın aparılması “X5” MMC-nin mütəxəssislərinə həvalə olunmuşdur. Bundan sonra “X5” MMC-nin xx.xx.2025-ci il tarixli, TEM/R-01-008/25 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. Ekspert rəyində aparılmış araşdırmalar, təqdim olunmuş rəsmi sənədlər və istehsalçı məlumatları əsasında müəyyən edilmişdir ki, baş vermiş hadisə nəticəsində "xxxx" QSC-nin balansında olan “DŞİ-001” saylı sürətli sərnişin qatarına maddi ziyan dəymişdir. Zərər, əsasən qatarın anten sistemi və soplo mexanizmi ilə bağlı ehtiyat hissələrinin zədələnməsi nəticəsində yaranmışdır. Rəydə zədələnmiş hissələrin təmir edilməsi, yenisi ilə əvəz olunması və bərpası üçün tələb olunan xərclər ayrı-ayrılıqda hesablanmış, cədvəl şəklində göstərilmişdir. Həmin hissələrə anten qoruyucu lövhə (780 manat), lövhənin montaj künclükləri (430 manat), antenna (5100 manat), soplo (1800 manat), soplo kronşteyni (2230 manat), soplo qoruyucu lövhəsi (400 manat) və soplo qızdırıcı kabelinin tutacağı (460 manat) daxildir. Ekspert hesablamalarına əsasən, qeyd olunan ehtiyat hissələri üzrə ümumi maddi zərərin məbləği 11.200 (on bir min iki yüz) manat təşkil edir. Bu məbləğin real bazar qiymətlərinə, texniki tələblərə uyğun hesablandığı, eyni zamanda “Stadler” isveç şirkəti tərəfindən təqdim edilmiş və rəsmi qaydada təsdiq edilmiş ehtiyat hissələrinin dəyəri ilə müqayisəli şəkildə ekspert rəyində əsaslandırılmışdır. Beləliklə, ekspert rəyindən “DŞİ-001” saylı sürətli sərnişin qatarına dəymiş ümumi maddi zərərin mövcudluğu və onun dəqiq pul ifadəsində həcmi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən müəyyən edilir ki, bu müqavilə "xxxx" QSC (Alıcı) ilə İsveçrənin “Stadler Service AG” (Satıcı) şirkəti arasında 10 sentyabr 2019-cu il tarixində bağlanmışdır. Müqavilə, ümumi dəyəri 115 820 avro (DAP Bakı şərti ilə) təşkil edən müxtəlif ehtiyat hissələrinin - 8600 avro dəyərində maşinist kabinasının ön şüşələrinin, 890 avro giriş qapısı şüşələrinin, 1099 avro yuxarı mərtəbə salon şüşələrinin, 1466 avro sərnişin salonunun yuxarı mərtəbəsinin təhlükəsizlik şüşələrinin, 1060 avro sərnişin salonunun aşağı mərtəbə şüşələrinin, 1299 avro sərnişin salonunun aşağı mərtəbəsinin təhlükəsizlik (təcili yardım) şüşələrinin, hər biri 986 avro dəyərində olmaqla sol və sağ üçbucaq izolyasiya şüşələrinin, hər biri 986 avo dəyərində olmaqla, sol və sağ yan pəncərə üçün izolyasiya şüşələrinin dəyəri müəyyənləşdirilmişdir. Müqavilə, 100% əvvəlcədən ödəniş əsasında satınalınmasını tənzimləyir. Sənədə əsasən, malların çatdırılması spesifikasiyada qeyd olunan 8 ilə 30 həftəlik müddətlər ərzində icra edilməli, Satıcı məhsullara 1 il zəmanət verməli və gecikmə halında hər həftə üçün 0.25% (maksimum 10%) məbləğində cərimə ödənməlidir. Eyni zamanda müqavilə İsveçrə qanunvericiliyinə tabedir və hər hansı ziddiyyət yarandıqda İngilis dili versiyasının üstünlüyü müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarına və proses iştirakçılarının ifadələrinə əsasən müəyyən edilmişdir ki, 2024-cü ilin oktyabr ayında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan “DŞİ-001” saylı sürətli sərnişin elektrik qatarı Bakı–Ağstafa və əks istiqamətdə hərəkətdə olarkən Hacıqabul rayonu ərazisində bir neçə hadisəyə məruz qalmışdır. Aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, xx.xx.2014-cü il təvəllüdlü, yetkinlik yaşına çatmayan X6 dəmir yolu xəttinin yaxınlığında olarkən ehtiyatsız davranışı nəticəsində daş parçalarını hərəkətdə olan qatar istiqamətinə atmış, nəticədə qatarın şüşə elementlərinə və alt ehtiyat hissələrinə əhəmiyyətli dərəcədə zərər dəymişdir. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılmış, baxış protokolları tərtib edilmiş, fotoşəkillər əlavə edilmiş, yetkinlik yaşına çatmayan şəxsin izahatı alınmış və faktiki hallar obyektiv sübutlarla təsdiqlənmişdir. İş materiallarından, o cümlədən “lokomotivə baxış keçirilməsi haqqında” protokoldan və materiallardan görünür ki, zərər əsasən qatarın alt konstruktiv elementlərinə, habelə sərnişin salonunun şüşə hissələrinə dəymiş, bu səbəbdən qatarın hərəkəti müvəqqəti dayandırılmış və texniki baxımdan istismara yararsız vəziyyətə düşmüşdür. Beləliklə, iş üzrə faktiki hallar yetərli sübutlarla təsdiq olunmuş, dəymiş zərərin real və mövcud olduğu, həmçinin həmin zərərin məhz cavabdehin övladının hərəkətləri nəticəsində baş verdiyi məhkəmə baxışı zamanı tam şəkildə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə mülki hüquq pozuntusu birbaşa olaraq xx.xx.2014-cü il təvəllüdlü X6 tərəfindən törədilmişdir. Lakin həmin şəxs hadisə zamanı yetkinlik yaşına çatmadığından, onun mülki-hüquqi məsuliyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları əsasında qiymətləndirilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1103.1-ci maddəsinə əsasən on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Qanunvericiliyə əsasən, 7 yaşından 14 yaşınadək olan şəxslər xırda məişət əqdləri, notarial qaydada qeydə alınması nəzərdə tutulmayan, dövlət qeydiyatına alınmayan əqdləri bağlaya bilərlər. Buna baxmayaraq on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Məhkəmə hesab edir ki, valideynin məsuliyyəti bu halda təqsirli davranışın nəticələrinin aradan qaldırılmasına yönəlmiş obyektiv mülki məsuliyyətdir və bu məsuliyyətin tətbiqi həm qanunun tələblərinə, həm də hüquqi ədalət prinsipinə uyğundur. Məhkəmə qeyd edir ki, iş üzrə dəymiş zərərin həcminin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən iki dəfə ekspertiza təyin edilmişdir. İlkin olaraq "xxxx" MMC tərəfindən təqdim edilmiş rəyində zərərin məbləği 6.300 manat olaraq göstərilmişdir. Lakin, iddiaçı tərəfindən həmin rəyin qeyri-dəqiq və natamam olduğu, real texniki və istehsalçı məlumatlarına əsaslanmadığı əsaslı şəkildə qeyd edilmişdir. Belə ki, "xxxx" MMC-nin rəyində ehtiyat hissələrinin qiyməti açıq internet mənbələrindən götürülmüş, lakin “DŞİ-001” saylı sürətli sərnişin qatarının yalnız istehsalçı “Stadler” şirkətinə məxsus orijinal ehtiyat hissələri ilə təchiz olunması zərurəti nəzərə alınmamışdır. Bu hal isə rəyin obyektivliyini və etibarlılığını şübhə altına almışdır. Məhz bu səbəbdən məhkəmə tərəfindən təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması “X5” MMC-yə həvalə olunmuşdur. “X5” MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyində zərərin həcmi geniş texniki araşdırma və istehsalçı məlumatları əsasında müəyyən edilmişdir. Həmin rəyə əsasən, qatarın anten sistemi, soplo mexanizmi və digər alt ehtiyat hissələrinin zədələnməsi nəticəsində dəymiş maddi zərərin məbləği 11.200 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, bu rəy əvvəlki rəy ilə müqayisədə daha əsaslı, obyektiv və real bazar dəyərlərinə uyğun olmaqla yanaşı, istehsalçı “Stadler” şirkətinin texniki tələblərini və ehtiyat hissələrinin spesifik xüsusiyyətlərini nəzərə almışdır. Buna görə də, birinci və ikinci iddia tələblərinin ümumi məzmunu üzrə dəymiş zərərin hesablanmasında “X5” MMC-nin rəyi əsas sübut kimi qəbul edilməlidir. Məhkəmənin qənaətinə görə, iddiaçı "xxxx" QSC-nin eyni keyfiyyətdə və orijinal ehtiyat hissələrinin dəyərini tələb etməsi, ilk növbədə, İsveçrənin yüksək texnologiyaları əsasında istehsal edilmiş “DŞİ-001” nömrəli sürətli elektrik qatarının texniki təhlükəsizlik standartlarının qorunması ilə əlaqədardır. İddiaçının mövqeyinə görə, qatarın hərəkətinin təhlükəsizliyini təmin etmək və istehsalçı tərəfindən verilən rəsmi zəmanətin itirilməsinin qarşısını almaq üçün zədələnmiş detalların məhz orijinal “Stadler” şirkətinə məxsus ehtiyat hissələri ilə əvəz olunması mütləqdir. Çünki fərqli markalara aid alternativ detalların istifadəsi gələcəkdə ciddi qəza riskləri yarada bilər. Bu tələb həmçinin rəsmi alqı-satqı müqavilələrinə və ekspert rəyinə əsaslanaraq, qeyri-dəqiq internet mənbələrindən götürülmüş qiymətlərin deyil, məhz istehsalçı zavodun təsdiq etdiyi real bazar dəyərlərinin tətbiq olunması ilə hüquqi qüvvə qazanır. Beləliklə, iddiaçı tərəf eyni keyfiyyətli məhsul tələbi ilə həm dövlət əmlakına vurulmuş real maddi ziyanın tam bərpasını, həm də sərnişin daşınması prosesində texniki etibarlılığın ən yüksək səviyyədə saxlanılmasını hədəfləyir. Məhkəmə tərəfindən araşdırılan ekspert rəylərindən və “X5” MMC-nin eksperti tərəfindən verilmiş izahatdan açıq şəkildə görünür ki, aparılmış ekspertiza zamanı sərnişin salonunun aşağı mərtəbə şüşəsinin zədələnməsi ilə bağlı ayrıca qiymətləndirmə aparılmamış, bu hissə üzrə maddi dəyər rəyə daxil edilməmişdir. Ekspertin izahatında da qeyd olunmuşdur ki, həmin şüşə ilə bağlı ekspertizaya təqdim edilmiş materiallar mövcud olmamışdır. Lakin iş materiallarında olan və "xxxx" QSC ilə istehsalçı “Stadler Service AG” şirkəti arasında bağlanmış alqı-satqı müqaviləsindən müəyyən edilir ki, sərnişin salonunun aşağı mərtəbə şüşəsinin bir ədədinin dəyəri 1066 avro təşkil edir. Bu müqavilə rəsmi sənəd olmaqla, real və orijinal ehtiyat hissələrinin qiymətini əks etdirir və məhkəmə üçün etibarlı sübut hesab olunur. Məhkəmə hesab edir ki, ekspertiza zamanı bu hissəyə münasibət bildirilməməsi həmin şüşənin zərər siyahısından çıxarılması üçün əsas ola bilməz. Əksinə, mövcud müqavilə və istehsalçı qiymətləri nəzərə alınmaqla, aşağı mərtəbə şüşəsinin dəyərinin ayrıca olaraq 1066 avro məbləğində zərər kimi qəbul edilməsi hüquqi və faktiki baxımdan əsaslıdır. Odur ki, dəymiş ümumi zərərin hesablanması zamanı “X5” MMC tərəfindən təqdim olmuş rəydə göstərilən 11.200 manatla yanaşı, xx.xx.2025-ci il tarixinə olan məzənnəyə uyğun olaraq 1060 avronun manat qarşılığı (1 euro ≈ 2 manat), yəni 2120 manat da əlavə edilməli, yekun maddi zərərin xərci isə 13.320 (on üç min üç yüz iyirmi) manat məbləğində müəyyənləşdirilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 129,96 (yüz iyirmi doqquz manat doxsan altı qəpik) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 13.320 (on üç min üç yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 129,96 (yüz iyirmi doqquz manat doxsan altı qəpik) manat məbləğində pul iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin, işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizaları iddiaçı tərəfin yazılı və şifahi vəsatətləri əsasında keçirildiyindən müstəqil qiymətləndirici “X5” MMC tərəfindən keçirilmiş ekspertizanın xərci olan 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən “X5” MMCnin xeyrinə tutulmalı, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müstəqil qiymətləndirici "xxxx" MMC-yə ödənilmiş ekspertiza xərci iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 13.320 (on üç min üç yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 129,96 (yüz iyirmi doqquz manat doxsan altı qəpik) manat məbləğində pul iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Müstəqil qiymətləndirici “X5” MMC tərəfindən keçirilmiş ekspertizanın xərci olan 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən “X5” MMC-nin xeyrinə tutulsun. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müstəqil qiymətləndirici "xxxx" MMCyə ödənilmiş ekspetiza xərci iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-144/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-144/2025
23.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver