Məhkəmə qərarları › İş №2(071)-145/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-145/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-145/2024 25.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5120 manat məbləğində pulun və 72 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birlikdə Hacıqabul rayon sakini 1986-cı il təvəllüdlü Cavabdeh ilə uzun müddətdir səmimi münasibətləri var. Əvvəllər iş yoldaşı olmuşlar. Hər zaman münasibətləri normal olmuşdur. Qeyd edir ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi (Dələduzluq) ilə itdiham olunub. X1 işdən çıxarıldıqdan sonra Bakı şəhərində fəaliyyət göstərən "Logistika və nəqliyyat" daşımaçılığı şirkətində menecer vəzifəsində işləyir. xx.xx.2023-ci il tarixində Cavabdeh ona telefonla zəng edərək bildirmişdir ki, təmsil etdiyi daşımaçılıq şirkətinin TİR-ları gömrükdə saxlanılıb, təcili olaraq 10 günlük müddətə 2460 (iki min dörd yüz altımış) manat borc pul istəmişdir. İddiaçı Cavabdeh aldığı pulu vaxtında qaytara bilməyəcəyi təqdirdə təminat olaraq nəyi qoya biləcəyini soruşmuşdur. Cavabdeh öhdəliyi vaxtında icra etməyəcəyi təqdirdə təminat olaraq özünə məxsus 77AG345 dövlət qeydiyyat nömrə nişanlı KİA minik maşınını göstərmişdir. Qeyd edir ki, Cavabdeh vəd verdiyi öhdəliyi vaxtında icra edə bilməmişdir. Dəfələrlə Cavabdeh zəng etmiş, o, zənglərə cavab verməmişdir. Bundan hiddətlənərək Hacıqabul rayonunda yerləşən evlərinə getmiş, anası Həmidova Səkinə bildirmişdir ki, onlarında zənglərinə cavab vermir. Daha sonra Cavabdeh onların evlərinin qarşısında görərək aldığı borc pulun təcili şəkildə ödəməsini tələb etmişdir. Daha sonra bununla bağlı DİN-nin və Baş Prokurorluğun qaynar xətlərinə zəng edərək şikayət etmişdir. Bundan sonra Elçin müxtəlif zamanlarda ona ödəmələr etmişdir (toplamda 500 manat). Bundan sonra Elçin xx.xx.2023-ci il tarixində əlavə olaraq ondan 1160 (bir min yüz altımış) manat və xx.xx.2023-ci il tarixində 2000 (iki min) manat pul almışdır. Sonda iddiaçı cavabdehdən 5120 manat pulun tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək verilən iddianı etiraf edərək bildirdi ki, həqiqətən də, o, müxtəlif vaxtlarda İddiaçı borc almış və həmin borcu qaytara bilməmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2023cü il tarixli qəbzdən görünür ki, o, tanışı İddiaçı aldığı 2460 manat pulu vaxtında qaytarmadığı üçün vaxt istəmiş və həmin pulu xx.xx.2023-cü il tarixdə qaytaracağına söz vermişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2023cü il tarixli qəbzdən görünür ki, o, tanışı İddiaçı 2460 amanat borc pul almış və həmin borc pulu xx.xx.2023-cü il tarixdə qaytaracağına söz verir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, o, tanışı İddiaçı xx.xx.2023-cü il tarixdə 2000 manat borc pul almış və həmin borc pulu xx.xx.2023-cü il tarixdə qaytaracağına söz verir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2023cü il tarixli qəbzdən görünür ki, o, tanışı İddiaçı 1160 amanat borc pul almış və həmin borc pulu xx.xx.2023-cü il tarixdə qaytaracağına söz verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, ümumilikdə 5120 manat məbləğində pulun borc kimi cavabdehə verilməsini təsdiq edən sübutlarını, yəni cavabdehin özü tərəfindən tərtib edilmiş və imzalanmış ərizəni məhkəməyə təqdim etmişdir. Cavabdeh isə iddiaçıdan 5120 manat borc pul aldığını etiraf edən ərizəni məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə iclasında araşdırılmış iddiaçının və cavabdehin izahatı, habelə işin digər materialları ilə müəyyən olundu ki, Cavabdeh İddiaçı borc almışdır və öhdəsini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddia təmin edilməli, 5120 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 72 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5120 manat (beş min yüz iyirmi) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 72 (yetmiş iki) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar