Məhkəmə qərarları › İş №2(071)-164/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-164/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-164/2022 29.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Mərhum X2nun qanun üzrə vərəsəsi olan arvadı - Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin mərhum X2nun qanun üzrə vərəsəsi olan arvadı - Cavabdeh qarşı “vəfat etmiş şəxsin kredit borcunun vərəsəsindən tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC mərhum X2nun qanun üzrə vərəsəsi olan arvadı - Cavabdeh qarşı “vəfat etmiş şəxsin kredit borcunun vərəsəsindən tutulması” tələbinə dair iddia ərizəsi ilə 27.12.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə X5 arasında bağlanmış 17.10.2019-cu il tarixli BPM**********09 nömrəli kredit müqavilə üzrə yaranmış 7.999 manat əsas borc, ödənilmiş 99,99 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 8.099,39 manat pulun mərhum X2nun qanun üzrə vərəsəsi olan cavabdeh - arvadı Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 29.03.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. X1 qanun üzrə vərəsəsi olan cavabdeh - arvadı Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, mərhum əri X3 17.10.2019-cu il tarixli kredit müqaviləyə əsasən İddiaçı ASC-yə 7.999 manat əsas borcu olmasını etiraf edir. O, 2-ci dərəcəli Hipertoniya xəstəsidir və maddi imkanı yoxdur. X1 İddiaçı ASC-yə olan borcunu hissə-hissə hər ay 50 manat olmaqla ödəməyə etiraz etmir. Məhkəmə, iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsinə dair ərizəsini, cavabdeh X3 qanun üzrə vərəsəsi olan cavabdeh - arvadı Cavabdeh iddianı qəbul etməsinə dair izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı ASC-nin ilə X5 arasında bağlanmış 17.10.2019-cu il tarixli BPM**********09 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan X4 41 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 10.000 manat kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. X2 16.06.2020-ci il tarixdə vəfat etmişdir. Hacıqabul rayon Notariat ofisi tərəfindən verilmiş 05.10.2021-ci il tarixli 603 nömrəli məktubdan və ona əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilir ki, X1 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi arvadı Cavabdeh X1 qanun üzrə birinci növbə vərəsəsidir və o, miras əmlakdan 1/1 hissədə pay almışdır. Real Hospital tərəfindən verilmiş 22.02.2022-ci il tarixli çıxarışdan müəyyən edilir ki, Cavabdeh 2-ci dərəcəli Hipertoniya xəstəsidir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16.10.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən vərəsəsin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin mərhum borcalan X5, daha sonra isə onun qanun üzrə vərəsəsi olan Cavabdeh müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişlər. İş materiallarından müəyyən edilir ki, X1 17.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 7.999 manat əsas borc, 98,94 manat faiz borcu olmaqla, cəmi 2.930,74 manat borcu var. Həmin borc mərhumun vərəsəsindən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə X5 arasında bağlanmış 17.10.2019-cu il tarixli BPM**********09 nömrəli kredit müqavilə üzrə yaranmış 7.999 manat əsas borc, ödənilmiş 99,99 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 8.099,39 manat pul mərhum X2nun qanun üzrə vərəsəsi olan cavabdeh - arvadı Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə mərhum X5 arasında bağlanmış 17.10.2019-cu il tarixli BPM**********09 nömrəli kredit müqavilə üzrə yaranmış 7.999 manat əsas borc, ödənilmiş 99,99 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 8.099,39 (səkkiz min doxsan doqquz manat otuz doqquz qəpik) manat pul mərhum X2nun qanun üzrə vərəsəsi olan cavabdeh - arvadı Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar