Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-205/2022 28.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 03.07.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 3825,40 ABŞ dolları əsas borc, 1121,13 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 4946,53 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli 2(071)-507/2021 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizasının aparılması "xxxx" MMC-yə həvalə edilmiş, ekspertizası rəyi məhkəməyə daxil olanadək, iş üzrə icraat dayandırılmışdır. "xxxx" MMC-nin 22.10.2021-ci il tarixli 08-84/21 nömrəli ekspert rəyi mülki iş ilə birlikdə 10.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Hacıqabul rayon Məhkəməsinin 17.11.2021-ci il tarixli 2(071)-507/2021 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmiş və işin məhkəmə baxışı 14.12.2021-ci il tarixə saat 10:30-a təyin edilmişdir. Qərardadın surəti tərəflərə göndərilmişdir. Lakin İddiaçı ASC-nin nümayəndəsi göstərilən tarixdə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etməmiş və iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli 2(071)-507/2021 nömrəli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı ASC-nin nümayəndəsi Y.M.Babayev 22.12.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli 2(071)-507/2021 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 31.01.2022-ci il tarixli 2(071)-205/2022 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmiş və işin məhkəmə baxışı 28.02.2022-ci il tarixə saat 10:30-a edilmişdir. Qərardadın surəti tərəflərə göndərilmişdir. İddiaçı ASC-nin nümayəndəsi Y.M.Babayev ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının bankın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh arasında bağlanmış 17.02.2015-ci il tarixli 51-15-11-004369 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə qaytarmaq şərti ilə illik 28 faiz dərəcəsi ilə 4.331 ABŞ dolları kredit verilmişdir. Bundan başqa kredit müqaviləsinin 4.2-ci maddəsinə uyğun olaraq kreditin qaytarılması hər ayın 17-dən gec olmayaraq 150,94 ABŞ dolları məbləğində olmaqla kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəyə uyğun olaraq nəzərdə tutulmuşdur. Bank tərəfindən bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh kredit müqaviləsində göstərilən öhdəlikləri lazımınca icra etməmişdir. Cavabdeh 08.05.2018-ci il tarixə İddiaçı ASC-yə 3.825,40 ABŞ dolları əsas borcu, 1.121,13 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4.946,53 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, o, 17.02.2015ci il tarixli 51-15-11-004369 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən 48 ay müddətində qaytarmaq şərti ilə illik 28 faiz dərəcəsi ilə 4.331 ABŞ dolları kredit götürmüşdür. Götürdüyü 4.331 ABŞ dolları borc Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli fərmanına əsasən 0,7853 məzənnəsi ilə hesablanaraq 3.401 manat təşkil etmiş və o, banka 33 ay 150 manat ödəniş etmişdir. Hazırda bank qarşısında heç bir öhdəliyi yoxdur və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsinə dair ərizəsini nəzərdən keçirib, cavabdehin iddianı qəbul etmədiyinə dair izahatını dinləyib, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyini, iş materiallarında olan sənədləri araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlardan müəyyən edilir ki, tərəflər arasında bağlanmış 17.02.2015-ci il tarixli 51-15-11-004369 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh 48 ay müddətində qaytarmaq şərti ilə illik 28 faiz hesablanmaqla 4.331 ABŞ dolları kredit vermişdir. 08.05.2018-ci il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh 17.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 3.825,40 ABŞ dolları əsas borcu, 1121,13 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 4.946,53 ABŞ dolları borcu var. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş pulu cavabdehə vermişdir, cavabdeh isə aldığı borcu və hesablanan faizləri bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq banka vaxtında ödəmişdir, hazırda cavabdehin iddiaçıya borcu yoxdur. Çünki, "xxxx" MMC-nin 22.10.2021-ci il tarixli 08-84/21 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh arasında bağlanmış 17.02.2015-ci il tarixli 51-15-11-004369 saylı kredit müqaviləsinə əsasən Cavabdeh tərəfindən ödənişlər və müqavilə şərtləri nəzərə alınmaqla götürülmüş kredit məbləği üzrə qaytarılmayan əsas borc və ona hesablanmalı olan faiz məbləğləri müəyyən edilən zaman Cavabdeh bank qarşısında heç bir öhdəliyinin olmadığı müəyyən edilmişdir. Belə ki, Cavabdeh İddiaçı ASC-dən götürdüyü 4.331 ABŞ dolları borcu Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli fərmanına əsasən 0,7853 məzənnəsi ilə hesablanmış və Cavabdeh banka olan borcu 3.401 manat təşkil etmişdir. Hesabdan çıxarışa əsasən Cavabdeh İddiaçı ASC-yə 33 ay müddətində hər ay 150 manat ödəmişdir. Cavabdeh ödəniş qrafikində hesablanması nəzərdə tutulmuş faiz borcu 1542,13 manat olmuş, Cavabdeh ödəniş qəbzləri ilə faktiki olaraq ödənilmiş faiz borcu 1542,13 manat təşkil edir, fərq sıfr AZN təşkil edir. Kredit müqaviləsi üzrə verilmiş kreditin məbləği 3.401 manat; ödəniş qəbzləri ilə faktiki olaraq ödənilmiş əsas borc 3.407,87 manat təşkil edir. Fərq 6,87 manat (artıq ödəniş olunub). Tərəflər arasında bağlanmış 17.02.2015-ci il tarixdə 51-15-11-004369 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə borcu yoxdur. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Mülki Məcəllənin 529.4-cü maddəsinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Cavabdeh İddiaçı ASC-dən götürdüyü 4.331 ABŞ dolları borcu Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli fərmanına əsasən 0,7853 məzənnəsi ilə hesablanmış və Cavabdeh banka olan borcu 3.401 manat təşkil etmişdir. Hesabdan çıxarışa əsasən Cavabdeh İddiaçı ASC-yə 33 ay müddətində hər ay 150 manat ödəmişdir. Cavabdeh ödəniş qrafikində hesablanması nəzərdə tutulmuş faiz borcu 1542,13 manat olmuş, Cavabdeh ödəniş qəbzləri ilə faktiki olaraq ödənilmiş faiz borcu 1542,13 manat təşkil edir, yəni faiz borcu tam ödənilmişdir. Kredit müqaviləsi üzrə verilmiş kreditin məbləği 3.401 manat; ödəniş qəbzləri ilə faktiki olaraq ödənilmiş əsas borc 3.407,87 manat təşkil edir. Yəni əsas borcu da tam olaraq ödəmişdir və hazırda cavabdehin bank qarşısında heç bir öhdəliyi qalmamışdır. Odur ki, iddia əsassız olduğunldan rədd edilməlidir. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nın Cavabdeh qarşı “İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh arasında bağlanmış 17.02.2015-ci il tarixli 51-15-11-004369 saylı kredit müqaviləsi üzrə yaranmış 3825,40 ABŞ dolları əsas borc, 1121,13 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 4946,53 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-205/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-205/2022
28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver