Məhkəmə qərarları › İş №2(071)-214/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-214/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-214/2023 03.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada dəymiş maddi ziyan kimi 5282 manat pulun, mütəxəssis rəyin verilməsi ilə bağlı göstərilmiş xidmətə görə ödənilmiş 300 manat və dövlət rüsumu kimi ödənilmiş 64 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təxminən 8-9 ay əvvəl Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksinin 21 nömrəli binasındakı 39 saylı mənzili təmirsiz vəziyyətdə aldıqdan sonra həmin mənzili təmir etməyə başlamışdır. 2022-ci ilin iyul ayında iş yoldaşı Röyalın vasitəsilə tapdığı Cavabdeh1 və Cavabdeh2 adlı ustalarla telefon əlaqəsi saxladıqdan sonra həmin mənzilə aparıb təmir işi ilə bağlı razılaşmışlar. Həmin ustalar ondan 4000 manat pulun qarşılığında mənzili tam təmir edib təhvil verəcəklərini bildirdilər. O, cavabdehlərlə razılaşmışdır. Cavabdehlər işə başladıqdan sonra isə Cavabdeh1 və Cavabdeh2 bir ay ərzində hissə-hissə 3000 manat pul vermişdir. Axrıncı dəfə o, 13 avqust 2022-ci il tarixdə saat təxminən 12 radələrində həmin mənzilə baş çəkməyə getmişdir. O, ustaların orada olmadıqlarını görüb Nadirə zəng etmişdir, mənzildəki təmir işlərini nə üçün gecikdirdiklərini soruşmuşdur. Nadir isə ona təmir üçün lazım olan materialı gec verdiyini bəhanə edib, başqa yerdə götürdükləri işi qutardıqdan sonra onun mənzilini təmirini davam etdirəcəklər. O da Nadirin bu sözündən sonra mənzilin açarının bir nüsxəsi Nadirdə olduğuna görə cavabdehlərin mənzilinə girməsinə mane olmaq üçün mənzilin giriş qapısının kilidini dəyişdirmişdir. Daha sonra isə Qarabağ bölgəsinə iş yerinə getmişdir. Bundan bir neçə gün sonra həyat yoldaşı Vəfa Mirzəliyeva ona zəng edib həmin mənzilə baş çəkməyə gələndə mənzilin giriş qapısının kilidinin sındırıldığını və mənzildəki təmir alətlərinin yerində olmadığını bildirmişdir. Bundan sonra onlar polisə müraciət etmişlər və məlum olmuşdur ki, giriş qapısını yararsız hala salan və mənzildən əşyaları götürən elə cavabdeh olan ustalar olmuşlar. Bildirir ki, ustaların ona məxsus mənzildə götürdükləri təmir işləri çox kefiyyətsiz olmuşdur. Həmin mənzilin yenidən təmirə ehtiyyacı vardır. Onların gördükləri işləri aradan qaldırmadan yenidən evin təmiri mümkün deyildir. Onun aldığı bütün materiallar məhv edilmişdir. Ona ümumilikdə dəymiş ziyanın məbləği 5282 manat təşkil edir. Bununla bağlı o, mütəxəssisə müraciət etmişdir və müvafiq mütəxəssis rəyi almışdır. Həmin rəydədə ona dəymiş ziyanın məbləği 5282 manat təşkil edir. Bundan başqa həmin rəylə bağlı xidmət göstərilməsi üçün "xxxx" MMC-yə 300 manat ödəniş etmişdir. Yuxarıda göstərdiyi hallara görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onların məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edərək, mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, iddiaçı onun əridir. Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksinin 21 nömrəli binasındakı 39 saylı mənzil onlara məxsusdur. Həmin mənzilin 4000 manat müqabilində tam şəkildə təmir edilməsi ilə bağlı iddiaçı ilə cavabdehlər arasında razılıq əldə edilmişdir. İddiaçı həmin məblin 3000 manat hissəsini cavabdehlərə ödəmişdir. Bir müddət sonra cavabdehlər tərəfindən görülən təmir işlərinin keyfiyyətsiz olmasını görmüşlər. Həmin vaxt cavabdehlər başqa bir iş götürüb, onların evindəki işləri yarımçıq qoymuşlar. Bir gün mənzilə baş çəkməyə gələndə mənzilin giriş qapısının kilidinin sındırıldığını və mənzildəki təmir alətlərinin yerində olmadığını görmüşdür. Bundan sonra o, iddiaçı ilə polisə müraciət etmişlər və məlum olmuşdur ki, giriş qapısını yararsız hala salan və mənzildən əşyaları götürən elə cavabdeh olan ustalar olmuşlar. İş materiallarında olan Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, araşdırma zamanı Cavabdeh1 və Cavabdeh2 mənzildən müxtəlif əşyaların oğurlanması halı öz təsdiqini tapmadığından, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh1 izahatında bildirmişdir ki, təxminən 5 il olar ki, təmir tikinti işləri ilə məşğul olur. Cavabdeh2 ilə bir neçə il olar ki birlikdə işləyir. 2022-ci ilin iyul ayında o, mobil telefonunun internet sosial şəbəkəsindəki “Tikinti və Təmir qrupundan Vladik adlı şəxsin mənzilini təmir etdirmək üçün usta axtardığını görüb zəng etmişdir. Elə həmin gün Seymurla birlikdə Xırdalan şəhəri, AAAF-Park yaşayış kompleksində görüşmüş və mənzilə gedib görəcəyi təmir işləri ilə maraqlanmışdır. O, Vladikin mənzilini 4000 manata tam təmir etmək barədə razılığa gəlib işə başlamışdır. Təxminən bir ay ərzində hissə-hissə olmaqla ondan cəmi 3000 manat pul almışdır. 10 avqust 2022-ci il tarixdə o, Vladikə zəng edib təmir üçün elektrik naqili və bəzi materiallar lazım olduğunu deyib, təcili təmin etməsini xahiş etmişdir. Lakin, Vladik onlara lazım olan materialları gətirmədiyinə görə o və Seymur işi yarımçıq qoyub 13 avqust 2022-ci il tarixdə yaşadıqları rayona getmişlər. Elə həmin gün Vladik ona zəng edərək harada olduqlarını, lazım olan materialları gətirdiyini demişdir. O da Vladikə materialları gec gətirdiyini irad tutmuş, 15 avqust 2022-ci il tarixdə gəlib işə başlayacağını söyləmişdir. Vladikdə “elə mənə bu lazımdır” deyib telefonu söndürmüşdür. Bundan sonra o, Vladikə nə qədər zəng etsə də, Vladik onun zənglərinə cavab verməmişdir. 15 avqust 2022-ci il tarixdə saat 12 radələrində o və Seymur AAAF-Park yaşayış kompleksinə Vladikin mənzilindəki təmir işlərini davam etdirməyə getmişdir. Həmin vaxtı qapını onda olan açarla açmaq istəsələr də, kilidin dəyişdirildiyini görüb Vladikə zəng etmişdir. Lakin, Vladik onların zənginə cavab verməmişdir. Bundan sonra o, Vladikin onun usta kimi mənzilində işlətmək istəmədiyini düşünüb orada olan təmir alətlərini götürmək istəmiş və yenə Vladikə zəng edib qapını açmasını söyləmək istəmişdir. Lakin, Vladik yenə onun zənglərinə cavab verməmişdir. Bundan sonra o, məcbur olub mənzilin kilidini sındırıb içəriyə daxil olub oradakı alətləri götürüb oradan birbaşa yaşadığı evə getmişdir. Bundan təxminən 10 gün sonra polisdən ona zəng edib Vladikin mənzilindən oğurluq etmələri barədə şikayət edildiyini bildirmişlər. O və Seymur Vladikin mənzilindən heç nə oğurlamamış, sadəcə giriş qapısını kilidini sındırıb orada olan təmir alətlərini götürmüşlər. Araşdırma zamanı izahatı alınmış Cavabdeh2 da Cavabdeh1 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan “X3 və Ekpertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərəfindən verilmiş 28 noyabr 2022-ci il tarixli 238 nömrəli rəydən görünür ki, tədqiqat Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanda “AAAF-PARK” yaşayış massivinin 21 saylı küçəsində inşa edilmiş 3 saylı binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 76,3 kv.m olan 2 otaqlı 39 nömrəli mənzildə təmir zamanı dəyən ziyanı və mənzilin təmirlər çəkiləcək xərc üzrə aparılır. Mütəxəssis Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanda “AAAF-PARK” yaşayış massivinin 21 saylı küçəsində inşa edilmiş 3 saylı binanın 5-ci mərtəbəsində yerləşən umümi sahəsi 76,3 kv.m olan 2 otaqlı 39 nömrəli mənzilə baxış keçirmiş və müvafiq ölçmələr aparılmışdır. Baxış zamanı müəyyən olundu ki, 1 saylı dəhliz otağının sağ tərəf divarındakı şpakliyovka tamamilə boşdur bir çox hissəsi isə artıq qopmuşdur. Mənzilin giriş qapısı yararsız vəziyyətə salmış, qapının yan hissələri daxildən və çöl hissədən şpaklovka ilə üzlənməmişdir. Mənzilin 2 saylı otağının sağ tərəf divarı tamamilə üzlənməmiş, pəncərə boşluğu şpaklovka ilə şpaklovkalanmamış, künclük (poduqa) texnologiyaya uyğun şəkildə vurulmamış, birləşmə yerləri və üzərindəki naxışlar bir birinə uyğun gəlmir. 3 saylı mətbəx otağının divarlarında çatlamış və qopmuş şpaklyovkaları qoparılmış digər hissələr yenidən şpaklyokvalanması üçün girintili-çıxıntılı vəziyyətə gətirilmişdir (çıxankalanmışdır). Həmin otağın da pəncərə boşluğu düzəldilməmiş, pəncərələrin yuxarı qövsvari hissəsi düzgün işlənməmişdir. Otağın tavanda quraşdırılmış alçipan düzgün vurulmamışdır. Belə ki, tavanın sol tərəf hissəsi sağ tərəf hissəsinə nisbətən 7-8 sm hündürdür. Ümumiyyətlə alçıpanın alt hissəsinin profil dəmirləri düzgün quraşdırılmadığından alçıpanın bir çox yerlərində tərpənmə əyilmə halları müşahidə olundu. Qeyd olunur ki, həmin otağın tavanına çəkilmiş elektrik xətti şpaklyovkanın altında qalmışdır. Şpaklyovka qalınlığı normadan dəfələrlə artıq vurulduğu üçün elektrik yuvaları təxminən 3-6 sm dərinlikdə qalmışdır. Hamamın divarları suvanmamış, kafel-metlax, asma tavan quraşdırılmamışdır. Beləliklə toplanmış məlumatlar nəzərə alınmaqla Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanda “AAAF-PARK” yaşayış massivinin 21 saylı küçəsində inşa edilmiş 3 saylı binanın 5-ci mərtəbəsində yerləşən umümi sahəsi 76,3 kv.m olan 2 otaqlı 39 nömrəli mənzilə dəymiş ziyanı və təmirə çəkiləcək xərcləri müəyyən edilməsi üçün smeta cədvəli tərtib olunmuşdur. Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanda “AAAF- PARK” yaşayış massivinin 21 saylı küçəsində inşa edilmiş 3 saylı binanın 5-ci mərtəbəsində yerləşən umümi sahəsi 76,3 kv.m olan 2 otaqlı 39 nömrəli mənzilə dəymiş ziyanın və təmirə çəkiləcək xərcləri təqribən 5282 manat təşkil edir. Məhkəmə, iddiaçının izahatını və şahidin ifadəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, iddiaçı ilə cavabdehlər arasında mənzilin tam şəkildə təmir edilib təhvil verilməsi ilə bağlı şifahi qaydada podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehlər mənzili tam şəkildə təmir edib iddiaçıya verməli, iddiaçı ilə şərtləşdirilmiş 4000 manat pulu cavabdehlərə verməli idi. Mənzilin təmiri gedişində iddiaçı müqavilə üzrə müəyyənləşdirilmiş muzdun 3000 manat hissəsini hissə-hissə cavabdehlərə vermişdir. Bunu təhqiqat araşdırması zamanı cavabdehlər də öz izahatlarını etiraf etmişlər. Hazırda iddiaçı cavabdehlər tərəfindən görülmüş təmir işlərinin keyfiyyətsiz olmasını əsas gətirərək və bununla bağlı mütəxəssis rəyini təqdim edərək, müqavilədən imtina etməklə mənzilin təmiri zamanı ona dəymiş ziyanı və çəkiləcək xərcləri cavabdehlərdən müştərək qaydada tələb edir. Təhqiqat araşdırması zamanı cavabdehlər izahatlarında müqaviləyə bilavasitə iddiaçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində xitam verildiyini bildirsələr də, məhkəmə cavabdehlərin bununla bağlı fikirlərini ağlabatan hesab etmir. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında mənzilin tam şəkildə təmir edilməsi ilə bağlı 4000 manat muzdun ödənilməsi razılaşdırılmış, iddiaçı isə həmin məbləğin 3000 manat hissəsini müqavilənin icrası gedişində cavabdehlərə artıq ödəmişdir. Belə olan vəziyyətdə iddiaçının hər hansı digər səbəbdən müqavilədən imtina etmək istəməsi məntiqli görünmür. Əksinə, cavabdehlər tərəfindən aparılmış təmir işlərinin keyfiyyətsiz olması ilə əlaqədar iddiaçının müqavilədən imtina etmiş olması daha ağlabatan görünür. Digər tərəfdən, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, cavabdehlər tərəfindən iddiaçıya aid mənzildə təmir işləri tamamilə keyfiyyətsiz görülmüş, görülmüş işlərin əksər hissəsi tamamilə sökülməli, yeni təmir materialları alınmaqla həmin işlər yenidən görülməli, mənzilə dəymiş ziyan və təmirə çəkiləcək xərclər ümumilikdə 5282,10 manat təşkil edir. Cavabdehlər tərəfindən görülmüş işlərdə iddiaçının hər hansı marağı mövcud deyildir. Belə olan halda, iddiaçı mənzilinə dəymiş ziyanı və mənzilə çəkiləcək təmir xərclərini cavabdehlərdən tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə qeyd edir ki, tərəflər arasında mənzilin tam şəkildə təmir edilməsi ilə bağlı 4000 manat muzdun ödənilməsi razılaşdırılmış, iddiaçı isə həmin məbləğin 3000 manat hissəsini müqavilənin icrası gedişində cavabdehlərə ödəmiş, 1000 manat pulu isə ödəməmişdir. Mütəxəssis rəyində isə cavabdehlər tərəfindən görülmüş işlərin sökülməsi və söküntünün daşınması da daxil olmaqla, mənzilin təmir olunması üçün 5282 manat pul vəsaitinin lazım olduğu qeyd edilir. Belə olan olan vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə şərtləşdirilmiş muzdun 1000 manat hissəsini cavabdehlərə ödəmədiyindən, mənzilin tam şəkildə təmir olunması üçün tələb olunan 5282 manat pul vəsaitindən 1000 manat çıxılmaqla, qalan məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mütəxəssisə ödənilən vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq hesablanmaqla, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4282 (dörd min iki yüz səksən iki) manat pul, ödənilmiş mütəxəssis xərcinin əvəzi kimi 243,20 manat (iki yüz qırx üç manat, iyirmi qəpik), ödənilmiş dövlət rüsumunun əvəzi kimi 51,88 manat (əlli bir manat, səksən səkkiz qəpik) pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar