Məhkəmə qərarları › İş №2(071)-261/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-261/2022

12.04.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-261/2022 12.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı iştirak ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi, mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə 04.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh (Salyan RQİİ) tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktın etibarsız hesab edilməsi və onun abonent hesabına əlavə edilmiş 432 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi və əlavələrin edilməsi barədə ərizəsi ilə 24.02.2022ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh (Salyan RQİİ) tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktın, qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” 27.09.2021-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, onun abonent hesabına əlavə edilmiş 432 manat debitor borcun silinməsi və Cavabdeh Qaz İstismar Sahəsinin əməkdaşları müdir Anar Əhmədov, SQ və SX-nin rəisi Səmədov Amil, TQQ və SX nəzarətçisi Mirzəyev Mirzağa və çilingər Qurbanov Şücaətdinin cinayətkar əməlləri haqqında ona vurduqları maddi, mənəvi psixoloji sarsıntıya görə 1.000 manat maddi təzminat ödəmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Hacıqabul rayonu 2-ci Udulu kəndində yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. O, təbii qazdan istifadə edir və verilmiş bildirişlərə əsasən qazın dəyərini vaxtı-vaxtında ödəyir. Belə ki, 27.09.2021-ci il tarixdə qaz idarəsinin işçiləri gəlib onun evinə quraşdırılmış 1002AQ**********1 saylı qaz sayğacını açaraq özləri ilə aparmışlar. Eyni zamanda qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında ******* saylı akt tərtib etmişlər. O, evə gələndə qaz sayğacının yanında qaz idarəsinin əməkdaşlarının qaz sayğacına nəsə etdiklərini görmüş və nə etdiklərini soruşduqda qaz idarəsinin əməkdaşları ona sayğacın istismar müddətinin bitdiyini, yeni sıfırdan mexaniki qaz sayğacı ilə əvəzləndiyini bildirmişlər. Onun evinə yeni qaz sayğacı quraşdırılmış və aktda növbəti dövlət yoxlaması olması göstərilmişdir. O, bu səbəbdən həmin aktı imzalamışdır. Lakin sonradan qaz idarəsinin işçiləri onların evinə gələrək ona sayğacın keçən qazın həcmini qeyd etmədiyini bildirərək təbii qazdan istifadə qaydasını pozması barədə xəbərdarlıq etmişlər və bu barədə ******* nömrəli akt tərtib etmişlər. O, həmin aktı imzalamaqdan imtina etmişdir. Çünki, o, və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Ona əsassız olaraq 432 manat cərimə hesablanmışdır. O, sayğaca müdaxilə etməmişdir, təbii qazdan istifadə etməsinə görə ödənişləri vaxtı-vaxtında ödəmişdir, sayğacın istismar müddəti 5 il olmasına baxmayarq 11 il fasiləsiz işləmişdir, sayğacın istismar müddəti bitmişdir. Onun təqsiri olmadan istismar müddəti bitmiş sayğacda olan hər hansı nasazlığa görə cərimə ödəməli deyildir. Odur ki, iddia ərizəsinin və iddia ərizəsinə əlavənin təmin edilməsini xahiş edir. Cavabdeh İB-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı yaşadığı Hacıqabul rayonu 2-ci Udulu kəndində yerləşən fərdi yaşayış evinə təbii qazın sərfiyyatını müəyyən etmək üçün əvvəllər İtron tipli G-4 1002AQ**********1 nömrəli elektron qaz sayğacı quraşdırılmışdır. 27.09.2021-ci il tarixdə göstərilən qaz sayğacı, Zenner tipli G-4 markalı **********8 nömrəli sayğac ilə əvəz edilmişdir. X3 İstismar İdarəsinin Hacıqabul Xidmət Sahəsindən İddiaçı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 27.09.2021-ci il tarixli ******* nömrəli akt verilmişdir. Aktda smart tipli sayğacın istismar müddəti bitdiyinə görə sayğacın dəyişdirildiyi və yeni mexaniki sayğac qoyulduğu göstərilmişdir. Cavabdeh tərəfindən verilmiş 30.11.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların labaratoriyasının 29.10.2021-ci il tarixli MSK29/1710-04121-1 nömrəli rəyinə əsasən G4 markalı 1002AQ**********1 nömrəli sayğaca baxış keçirilmilş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü kənar təsir nəticəsində gövdədən qopub. Beləliklə qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (4 x 12 x 90=4320 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. X3 İstismar İdarəsi tərəfindən verilmiş bildirişdən müəyyən edilir ki, İddiaçı 211,69 manat borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İddiaçı yaşadığı fərdi yaşayış evində işlətdiyi təbii qazın dəyərini hər ay sayğacın göstəricisi üzrə ödəsə də, tərtib edilmiş aktda sayğaca müdaxilə olunub-olunmaması göstərilməmiş, xətanın əmələ gəlmə səbəbi müəyyən edilməmişdir. Köhnə sayğac dəyişdirilərkən və yenisi quraşdırılarkən iddiaçıya bildirilməmiş, bundan onun xəbəri olmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur. Belə ki, İtron tipli G-4 markalı 1002AQ**********1 nömrəli elektron qaz sayğacı 27.09.2021-ci il tarixdə istifadə müddəti bitmə səbəbindən Zenner tipli G-4 markalı **********8 nömrəli sayğac ilə əvəz edilmiş, qaz sayğacı dəyişdirilərkən Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında tərtib edilmiş 27.09.2021-ci il tarixli ******* nömrəli saylı aktda sayğacın dəyişdirilməsi səbəbi kimi istifadə müddətinin bitməsi göstərilmişdir. Bundan başqa həmin aktda sayğaca müdaxilə olunması barədə hər hansı qeyd edilməmiş və həmin akt əsasında iddiaçıya hər hansı borc yazılmamışdır. Müddəti bitmiş məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edildiyinə görə, iddiaçıdan dəyişdirilmiş qaz sayğacına görə pul təldəb edilməsi qanunsuz və əsassızdır. Çünki, istehlakçının təqsiri nəticəsində qaz sayğacına müdaxilə edilməsi sübuta yetirilməmişdir. Qaz sayğacı evin kənarında, yəni iddiaçının evindən kənarda küçədə quraşdırıldığına görə iddiaçı qaz sayğacına görə cavabdehlik daşımır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. İddiaçının iddia tələbi - 27.09.2021-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və maddi və mənəvi ziyan tələbi hissəsində rədd edilməlidir. Çünki, 27.09.2021-ci il tarixli ******* nömrəli akta əsasən qaz sayğacı dəyişdirilmiş və həmin akt əsasında hər hansı bir cərimə yazılmamışdır. İddiaçı bu hadisə nəticəsində hər hansı fiziki və mənəvi iztirablar çəkməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 27.09.2021-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında əsassız hesablanmış 432 manat borc istehlakçı İddiaçı (abunə kodu **********00940) hesabından silinməlidir. İddia tələbi - Cavabdeh (Salyan RQİİ) tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” 27.09.2021-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, maddi və mənəvi ziyan tələbi hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 27.09.2021-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilsin və həmin akt əsasında əsassız hesablanmış 432 (dörd yüz otuz iki) manat borc istehlakçı İddiaçı (abunə kodu **********00940) hesabından silinsin. İddia tələbi - Cavabdeh (Salyan RQİİ) tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” 27.09.2021-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, maddi və mənəvi ziyan tələbi hissəsində rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar