Məhkəmə qərarları › İş №2(071)-279/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-279/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-279/2025 30.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 12.660 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı “pul” tələbinə dair iddiasının iddia müddəti tətbiq olunaraq rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, o, Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1A-da yaşayır. 1983-cü ildən 2024-cü ilin fevral ayınadək olan müddət ərzində Hacıqabul rayon mərkəzi xəstəxanasında işləmiş və həmin vaxtdan təqaüdə çıxımışdır. X1 onunla birlikdə xəstəxanada işləmişdir. 2014-cü ilin iyun ayında özünə məxsus qızıl-zinət əşyalarını satmışdır. Mətanət ona qonşusu oğlu üçün toy etdiyini, satdığı qızıl-zinət əşyasını ona verməyi, həmin qızıl-zinət əşyalarını satıb pulunu verəcəyini demişdir. Mətanətin dediyinə razı olub özünə məxsus üzərində birliyant qaşları olan üzük-sıraq dəstini Mətanətə vermiş və 2000 manat pul müqabilində satmasını bildirmişdir. Mətanət pulu vermədiyi üçün qızılın pulunu istədikdə müxtəlif bəhanələr gətirmişdir. Mətanətin yaşadığı evə getdikdə Mətanət ona Şirvan şəhərində bir nəfər şəxs borclu olduğu üçün həmin şəxs onu məhkəməyə verdiyinə görə ondan aldığı qızılları satıb həmin şəxsin borcunu ödədiyini bildirmişdir. Mətanət ona möhlət verməyi, onun pulunu ödəcəyini demişdir. Mətanətin dediyinə razı olmuşdur. Mətanət ona qızılları banka girov qoyub əvəzində kredit götürməyi, krediti ödədikdən sonra onun qızıllarını bankdan girovdan çıxarıb qaytaracağını təklif etdikdə Mətanətin təklifinə razı olmuşdur. 2015-ci ilin mart ayında oğlu X3 və Mətanətlə bildikdə Şirvan şəhərinə getmişdir. Özünə məxsus 113 qram qızıl-zinət əşyalarını Şirvan şəhərində yerləşən Repsublika Banka girov qoymuşdur. Bunun müqabilində Mətanət 2200 manat kredit götürmüş və həmin pulun 2000 manatını ona vermişdir. Bundan bir müddət sonra Mətanət onun yaşadığı evə gedib krediti ödəmədiyi üçün onun banka girov qoyduğu qızıl-zinət əşyaları satışa çıxarılıb satıldığını, Almaniya Respublikasında yaşayan bacısı pul və qızıl göndərəcəyini, onun qızılın qaytaracağın demişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki o, Hacıqabul şəhəri M.B.Nadim küçəsi ev 15-də yaşayır. 1982-ci ildən Hacıqabul rayon mərkəzi xəstəxanasında lobarant vəzifəsində işləyirdi. İddiaçı Qafir qızı onunla birlikdə Hacıqabul rayon mərkəzi xəstəxanasında lobarant işləmiş və hazırda Kəmalə təqaüddədir. Onun Kəmalə ilə düşmənçiliyi və ədavəti olmamışdır. 2013-cü ildə Kəmalə oğlu Əli üçün kreditlə avtomobil almışdır. Kəmalə ona oğlu Əlini Dəmiryol İdarəsində işə düzəltmək istədiyini, kredit götürmək üçün banka müraciət etdikdə bankdan ona krediti olduğundan əlavə kredit verilmədiyini demişdir. Kəmalə qızıl-zinət əşyalarını Şirvan şəhəri ərazisində yerləşən Respublika Bankına onun adına girov qoymuş, həmin qızıl-zinət əşyalarının müqabilində bankdan 2200 manat kredit götürüb Kəmaləyə vermişdir. Bank krediti ona AZN-lə versə də, ABŞ dolları ilə hesablamışdır. Həmin ərəfələrdə ABŞ dollarının kursu 78 manatdan 105 manata qalxdığı üçün kreditin aylıq ödəniş pulu qalxdığına görə Kəmaləyə ABŞ dollarının kursu qalxdığını, kreditin aylıq ödənişi qalxdığı üçün bankdan götürdüyü pulu qaytarıb qızılları bankdan girovdan çıxarmağı xahiş etmişdir. Kəmalə bankdan götürdüyü 2200 manat pulu oğlunun işinin düzəltmək üçün verdiyini bildirmişdir. Kəmalə kreditin ödənişinin vaxtı çatdıqda aylıq krediti ödəmədiyi üçün bankdan narahat olunduğuna görə 9 ay, hər ay 150 manat olmaqla banka ümumilikdə 1350 manat pul ödəmişdir. Sonra krediti ödəyə bilmədiyindən Kəmalənin özünə və mərhum qardaşı Asifə krediti ödəyə bilmədiyi barədə malumat vermişdir. Kəmaləyə krediti ödəyə bilmədiyi halda banka girov qoyulmuş qızıl-zinət əşyalarının batacağını demişdir. Asif ona Kəmalənin kreditini ödəməməyi məsləhət vermişdir. Şirvan şəhər Məhkəməsindən ona banka olan kredit borcunu ödəmədiyi üçün bankda girovda olan qızıl-zinət əşyalarının satışa çıxması barədə xəbərdarlıq məktubu göndərilmişdir. Həmin məktubu Kəmaləyə təqdim etmişdir. Kəmalə buna əhəmiyyət verməmişdir. Bundan sonra, o, izahatında Kəmalə satmaq üçün ona qızıl-zinət əşyası vermədiyini bildirmişdir. İddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsi, həmçinin girov müqaviləsi və ona əlavə edilmiş qiymətləndirmə aktından müəyyən edilir ki, tərəflər arasındakı müqavilə münasibətləri xx.xx.2015-ci il tarixinə aiddir. Hazırda sözügedən müqavilə münasibətləri 10 il əvvəl baş vermişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçının bildirdiyinə əsasən tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanmışdır. Cavabdeh borcunu 2015-ci ilin sonu qaytarmalı idi. İddiaçı tərəfindən bankdan cavabdehin xeyrinə müəyyən məbləğlərdə pul götürülməsi öz təsdiqini tapır. Cavabdeh isə pulun qaytarılmasını mötəbər sübutlarla təsdiq edə bilmir. Cavabdeh hazırki tələb üzrə iddia müddətinin tətbiq edilməsinə dair məhkəməyə ərizə vermişdir. Borcun qaytarılması müddəti iddiaçının bildirdiyinə görə 2015-ci ilin sonuna razılaşdırılmışdır. Həmin dövrdən 10 ildən çox müddət keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hazırki tələb üzrə iddia müddəti keçdiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2016-cı il tarixli dəyişikliyə qədər qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar