Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-296/2023 10.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimov Günel Rauf qızının katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 6000 manat borcun, notariat xərcləri üçün ödənilmiş 139 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 80 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin avqust ayında yaxın qohumu Qəzənfər Cəbiyev ona zəng edərək, Hacıqabul şəhərindən olan yaxın dostu X2 onlara gəldiyini, qızına toy etmək üçün ondan pul istədiyini, lakin onda pul olmadığı üçün İlhamın qızı üçün toy etməsinə görə 6000 manat pulu borc verməsini ondan xahiş etmişdir. O, İlhamla birlikdə Masallı şəhərinə gedərək notarial qaydada müqavlə bağlamış və 6000 manat pulu xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə İlhama borc kimi vermişdir. Müqavilənin müddəti bitsə də, İlham pulu qaytarmadığı üçün ona zəng etmiş və özünün pula ehtiyacı olduğuna görə borcunu qaytarmasını istəmişdir. Lakin, İlham gah qızına toy etmədiyini, gah da pulu qısa müddətə qaytaracağını bildirmişdir. Aradan 2 aydan artıq vaxt keçsə də, İlham aldığı pulu qaytarmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 iddianı qəbul edərək izahatında bildirdi ki, qızına toy etmək üçün pul lazım olduğundan, xx.xx.2022-ci il tarixdə İddiaçı 4 ay müddətinə 6000 manat borc almış, bu barədə aralarında notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi bağlanmışdır. Lakin, qudası vəfat etdiyindən toy edə bilməmiş, toy şənliyi mərhumun il yas mərasimi keçirilənədək təxirə salınmışdır. Toy etdikdən sonra krediti qaytaracaqdır. Kredit müqaviləsi notarial qaydada təsdiq edilərkən notariat xərclərini razılaşmaya uyğun olaraq İddiaçı ödəmişdir. Odur ki, iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən və həmin tarixli orderin surətindən görünür ki, borcverən İddiaçı borcalan X3 xx.xx.2022-ci il tarixədək qaytarılması şərti ilə 6000 manat pulu borc kimi vermiş, borcalan isə müəyyən edilmiş müddət ərzində borcunu borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə predmeti olan notariusun depozit hesabı vasitəsi ilə borcalana verilmişdir. Kredit müqaviləsinin 11-ci bəndinə əsasən müqavilənin notarial qaydada təsdiqlənməsi xərclərini borcverən çəkir. İş materiallarında olan mədaxil qəbzlərinin surətlərindən görünür ki, kredit müqaviləsinin notarial qaydada təsdiqlənməsi zamanı İddiaçı 139 manat notariat xərcləri çəkmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 6000 manat pulun 4 ay müddətində qaytarılması şərti ilə yazılı (notarial) kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 6000 manat pulu borc kimi vermiş, eyni zamanda müqavilənin notarial qaydada təsdiqlənməsi ilə bağlı 139 manat notariat xərclərini müqavilənin şərtinə əsasən iddiaçı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 6000 manat pulu borc kimi cavabdehə verilməsini, eyni zamanda müqavilənin təsdiq edilməsi zamanı 139 manat xərc çəkməsini təsdiq edən sübutlarını, yəni xx.xx.2022-ci il tarixli kredit müqaviləsini və ödəniş qəbzlərini məhkəməyə təqdim etmiş, eyni zamanda cavabdeh də məhkəmə iclasında iddianı qəbul edərək, həqiqətən iddiaçıdan 4 ay müddətinə qaytarmaq şərti ilə 6000 manat pulu aldığını və müqavilənin təsdiqlənməsi zamanı notariat xərclərini razılaşmaya uyğun olaraq iddiaçının çəkdiyini bildirmişdir. Bundan əlavə, cavabdeh borc kimi aldığı pulu qaytara bilmədiyini, borcu qızına toy etmək məqsədi ilə aldığını, lakin qızı üçün keçiriləcək toyun təxirə salındığını, toy etdikdən sonra borcunu ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borcunun icranı gecikdirməsi sayılır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında yazılı (notarial) qaydada bağlanmış borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı müqavilədən irəli gələn öhdəliyini yerinə yetirərək müqavilə predmeti olan 6000 manat pul məbləğini 4 ay müddətinə qaytarmaq şərti ilə notariusun depozit hesabı vasitəsilə cavabdehə versə də, cavabdeh borc kimi aldığı pul vəsaitini vaxtında iddiaçıya qaytarmalı olmasına dair müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Onun iddiaçı qarşısında icra edilməmiş 6000 manat pul öhdəliyi vardır. Odur ki, iddiaçı həmin məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, iddia tələbinin notariat xərclərinin tutulmasını hissəsini də araşdıraraq qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin 11-ci bəndinə əsasən tərəflər notariat xərclərinin borcverən tərəfindən ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Bu səbəbdən, iddiaçı həmin xərcləri cavabdehdən tələb etməkdə haqlı olmadığından, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin qismən olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 78,10 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X1 6000 (altı min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 78,10 manat (yetmiş səkkiz manat, on qəpik) pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(071)-296/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-296/2023
10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver