Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-298/2023 10.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X10 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(071)-156/2014 saylı qətnaməsi üzrə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, cavabdehdən onun xeyrinə xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulmuş, məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən cavabdehdən uşaqların saxlanılması üçün hər uşaq üçün 103 manat alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda iki uşağı ilə birlikdə atasının evində yaşayır. Məhkəmə tərəfindən qeyd edilən alimentin miqdarı təyin edilən vaxt onu qane etsə də, hal-hazırda təyin edilmiş aliment maddi vəziyyətlə bağlı onu qane etmir. Bu səbəbdən alimentin hər uşaq üçün 220 manat olmasını istəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, fəhlə işləyir və hər ay alimentin məbləğini vaxtından ödəməyə çalışır. O, ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan 11 və 13 yaşlı iki uşağı var. Lakin, hazırda həmin uşaqla bağlı sənəd təqdim edə bilmir. Buna baxmayaraq, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 150 manat olmasına etiraz etmir. Belə güman edir ki, uşaqlarının saxlanılması üçün hər ay 300 manat aliment ödəməyə maddi imkanı çatar. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli, AZ-İ 746944 nömrəli və xx.xx.2009-cu il tarixli, AZ-İİ 220194 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il tarixdə X7 və xx.xx.2009-cu il tarixdə X9 doğulmuşdur. Şəhadətnamələrin ata adı qrafasında Cavabdeh, ana adı qrafasında X3 qeyd edilmişdir. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(071)- 156/2014 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2009cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 103 manat olmaqla, cəmi 206 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra, cavabdehin maddi vəziyyətində yaxşılaşma istiqamətində hər hansı dəyişikliyin baş verməsi müəyyən edilməmiş, iddiaçı buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin maddi vəziyyətində dəyişiklik olmasa da, həmin vaxtla müqayisədə ölkə ərazisində olan qiymət artımı, bununla yanaşı uşaqların həmin vaxtla müqayisədə böyüməsi və məktəbə getmələri ilə bağlı yaranan əlavə xərclər və iddiaçının heç bir yerdə işləməməsi səbəbindən uşaqların saxlanılmasında çətinlik çəkməsi, eləcə də həmin vaxtdan bugünə kimi uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun dəyişməsi alimentin məbləğinin artırılmasına əsas verir. Belə ki, Azərbaycan Respublikasında 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edildiyi halda, 2021-ci il üçün bu məbləğ 175 manat həddində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən uşaqların saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1000 manatdan 10000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iş üzrə ödənilməli olan 33,68 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(071)-156/14 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. 30 may 2006-cı il təvəllüdlü X7 və 07 mart 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 33,68 manat (otuz üç manat, altmış səkkiz qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X12
Məhkəmə qərarları › İş №2(071)-298/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-298/2023
10.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver