Məhkəmə qərarları › İş №2(071)-347/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-347/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-347/2023 27.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X2 Nazim oğlunun sədrliyi, Səlimov Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2600 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdeh həyat yoldaşı ilə birlikdə onun yaşadığı evə gələrək, ondan beş ay müddətinə qaytarmaq şərti ilə 2600 manat pulu borc kimi almışdır. Bu barədə cavabdeh özü qəbz yazıb imza etmişdir. Lakin, cavabdeh müəyyənləşdirilmiş müddət ərzində borcunu ona qaytarmamışdır. Ona görə də o, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdeh arvadı Könül ilə birlikdə onun yaşadığı evə gələrək, ondan 2600 manat pulu 5 ay müddətinə qaytarmaq şərti ilə borc almışdır. Həmin vaxt onun evində xalası qızı Ətirə Mirzəyeva və onun əri İlham Həsənov da olmuşdur. Həmin şəxslərin 2600 manat pulun Cavabdeh borc kimi verilməsinin şahidi olmuşlar, hətta Cavabdeh tərəfindən tərtib edilmiş qəbzə həmin şəxslər də imza etmişlər. Lakin, cavabdeh 5 aydan artıq müddət keçməsinə baxmayaraq, borc kimi aldığı pulu ona qaytarmamışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, iddiaçı onun arvadının xalası qızıdır. Onlar Tərtər şəhərində eyni binada yaşayırlar. xx.xx.2022-ci il tarixdə iddiaçı onları çağırdı ki, bir nəfər ondan borca pul istəyir, əri evdə yoxdur, bu səbəbdən onun yanında olmalarını xahiş edir. Həmin gün Cavabdeh və onun arvadı iddiaçının evinə gəlmiş və iddiaçıdan 2600 manat pulu borc kimi almışlar. Bu barədə Cavabdeh qəbz tərtib etmiş və qəbzə Cavabdeh və onun arvadı Könül, eləcə də özü və arvadı Ətirə imza etmişlər. Lakin, sonradan iddiaçı ona demişdir ki, Cavabdeh uzun müddət keçməsinə baxmayaraq aldığı borcu ona qaytarmamışdır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2022ci il tarixli qəbzdən görünür ki, o, İddiaçı 2600 manat məbləğində pulu 5 (beş) ay müddətinə qaytarmaq şərti ilə almışdır. Həmin qəbzi həmçinin, Cavabdeh arvadı Könül, İlham Həsənov və Ətirə Mirzəyeva adlı şəxslər imzalamışdır. Məhkəmə, iddiaçının izahatını və şahidin ifadəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə 2600 manat pulun borc kimi verilməsinə dair şifahi qaydada kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 2600 manat pulu borc kimi vermiş, cavabdeh isə həmin məbləği 5 ay müddətinə qaytaracağını öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, ümumilikdə 2600 manat məbləğində pulun borc kimi cavabdehə verilməsini təsdiq edən sübutlarını, yəni cavabdehin özü tərəfindən tərtib edilmiş və imzalanmış ərizəni məhkəməyə təqdim etmişdir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş şahid də ifadəsində onun yanında iddiaçının cavabdehə 2600 manat pulu borc kimi verməsini təsdiq etmişdir. Cavabdeh isə borc kimi aldığı pulu iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında şifahi qaydada bağlanmış borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı müqavilədən irəli gələn öhdəliyini yerinə yetirərək müqavilə predmeti olan pul məbləğini cavabdehə versə də, cavabdeh borc kimi aldığı pul vəsaitini razılaşdırılmış müddət ərzində iddiaçıya qaytarmalı olmasına dair müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Onun iddiaçı qarşısında icra edilməmiş 2600 manat məbləğində pul öhdəliyi vardır. Odur ki, iddiaçı həmin məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəməyə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia ərizəsinə əlavə edilmiş AA 009386 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı məcburi köçkün olduğuna görə dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddia isə təmin edildiyindən, iddia ərizəsi üzrə ödənilməli olan 46 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2600 (iki min altı yüz) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh 46 (qırx altı) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar