Məhkəmə qərarları › İş №2(071)-347/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-347/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-347/2025 30.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixində müraciət edərək, cavabdehdən borclu olduğu 5000 manat pulun və dövlət rüsumu kimi ödədiyi 70 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Hacıqabul rayonu Qubalı kəndində yaşayır. Özü İİ qrup əlil olmaqla, İ Qarabağ müharibəsi iştirakçısıdır. Yaşadığı Hacıqabul rayonu Qubalı kəndində mülkiyyətində olan torpaq sahəsində nar bitkisinin əkilib becərilməsi, satışı ilə məşğul olmaqla ailəsini dolandırır. Satılan məhsulu bir çox hallarda bir neçə günlük nisyə verməklə satışını həyata keçirir. Cavabdeh qonşu kənd sakini kimi tanıyırdı. Əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2024-cü ilin yanvar ayının sonlarında Cavabdeh ona müraciət edərək nar məhsulunun almasını xahiş etmişdir. Razılaşmalarına əsasən 5400 kq (1 kq dəyəri 1,8 manat olmaqla) nar məhsulunu Rusiya Federasiyasına ixrac edilməsi məqsədi ilə məhsulun 9720 manat dəyərini nağd şəkildə ödəyəcəkdir. Nar məhsulunu həyətdən yükləyərək Rusiya Federasiyasına çıxacaq yük nəqliyyat vasitələrinə yüklənməsi məqsədi ilə aparılmış, yükləndindən sonra 9720 manat məbləğin bir neçə gün sonra ödəyəciyini bildirmişdir. Məcburiyyətdən razılaşsa da, cavabdeh hissəli şəkildə 5 ay müddətində 4720 manat pulu ödəmişdir. Ödənilən məbləğləri də məcburi şəkildə tələb etməklə almışdır. Cavabdeh tərəfindən borclu olduğu məbləği ödəmədiyindən xx.xx.2024-cü il tarixdə Cavabdeh Hacıqabul rayon Polis Şöbəsinə şikayət etmişdir. Cavabdeh Hacıqabul rayon Polis Şöbəsinə gələrək şöbənin əməkdaşı Mustafa Əsgərova izahat verərək borcu etiraf etməklə cari ilin mart ayının 01 tarixində borcu tam ödəməyi öhdəliyinə götürərək aldatmışdır. Hazırda Cavabdeh tərəfindən borclu olduğu 5000 manat pulu ödəmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, cavabdehin ona 5000 manat borcu vardır. Hacıqabul RPŞ-də cavabdeh ifadə vermiş və verdiyi ifadədə ona olan borcunu etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, iddianı qismən qəbul edir. Onun hazırda iddiaçıya olan borc məbləği 4600 manat məbləğindədir. Həmin borcunu hissə-hissə ödəyəcəkdir. İddia tələbinin 4600 manat olan hissədə təmin edilməsinə etiraz etmir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı Hacıqabul RPŞ-yə olan müraciəti əsasında ona göndərilmiş xx.xx.2024-cü il tarixli məktubda İddiaçı müraciəti əsasında əməldə cinayət və inzibati xəta tərkibi olmadığından aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə tərəfindən Hacıqabul RPŞ-yə İddiaçı müraciət əsasında toplanmış cinayət işi materiallarının məhkəməyə göndərilməsi ilə bağlı xx.xx.2025-ci il tarixində müvafiq sorğu göndərilsə də, Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən həmin sorğuya cavab verilməmişdir. Məhkəmə iclasında mülkin işin hallarından məlum olmuşdur ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Mülki Prosesual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 433.3. öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı, ümumilikdə 5000 manat məbləğində pulun cavabdehin ona borclu bildirsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Lakin, buna baxmayaraq cavabdeh məhkəməyə verdiyi izahatında iddiaçıya - İddiaçı hazırda 4600 manat məbləğində borcunun olmasını etiraf etdiyi üçün məhkəmə həmin ifadə əsasında iddianı sübut edilmiş hesab etmişdir. Mülki Prosesual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə iş üzrə cavabdehin məhkəməyə verdiyi izahatında iddiaçıya 4600 manat borclu olmasını bildirməsini, iddianın qismən etirafı hesab edir və həmin hissənin işin mübahisəsiz halı kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında araşdırılmış iddiaçı və cavabdehin məhkəməyə verdiyi izahatı, habelə işin digər materialları ilə müəyyən olundu ki, tərəflər arasında şifahi şəkildə nisyə alqı-satqı münasibətləri münasibətləri olmuş, cavabdeh nisyə aldığı nar məhsullarının dəyərini müəyyən müddət ərzində iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, daha sonra iddiaçının bildirdiyinə görə cavabdeh borclu olduğu pul məbləğinin bir hissəsini ödəsə də, qalan hissəsini ödəməkdən qəsdən yayınmışdır. Hazırda cavabdehin iddiaçıya olan borcu 4600 manat təşkil edir. Odur ki, iddia qismən təmin edilməli, 4600 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə e dərək hesab edir ki, iddia təmin edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 70 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 4600 (dörd min altı yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 66 (altmış altı) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar