Məhkəmə qərarları › İş №2(071)-357/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-357/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-357/2024 25.04.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2820 manat məbləğində pulun, eləcədə 980 ədəd yeşiyin, həmin yeşikləri mövcud olmadıqda isə dəyəri 1030 manatın və 58,50 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu Potu kəndində yaşayır. Xurma alqı-satqısı ilə məşğul olur. Belə ki, yaşadığı, eləcə də digər rayonlarda xurma meyvəsi alaraq Rusiya Federasiyasına göndərir. Hacıqabul rayonu Qarasu kənd sakini Cavabdeh 2023-cü ilin sentyabr ayında tanımışdır. Söhbət əsnasında cavabdeh Bərdə və digər rayonlardan xurma meyvəsi yığa biləcəyini, bir yeşik məhsulu bağ sahiblərindən 3 manat 80 qəpiyə alıb, ona 4 manat 30 qəpiyə satacağını bildirmişdir. Cavabdehlə razılaşıb xx.xx.2023-cü il tarixdə 2772 yeşik xurma meyvəsi almaq üçün sonuncuya 4000 manat pul və alınan meyvələri qablaşdırmaq üçün 2910 manat dəyərində 2772 ədəd yeşik vermişdir. Cavabdeh Bərdə rayonu Kələntərli kəndi ərazisində yerləşən meyvə bağlarından xurma meyvəsini 3 gün müddətində qablaşdıraraq, ona təhvil verməsi barədə öhdəlik götürmüşdür. Məhsulun keyfiyyətini yoxlamaq məqsədi ilə o, Bərdə rayonu Kələntərli kəndi ərazisinə getmişdir. Cavabdehin aldığı xurma meyvəsinə baxış keçirərkən məlum olmuşdur ki, həmin meyvələr Rusiya Federasiyasında qoyulan tələblərə uyğun deyil, yəni yararsız meyvələrdir. Bu halı aşkar etdikdən dərhal sonra Cavabdeh meyvə yığımını saxlamasını və tərəfindən verilmiş 4000 manat pulu və 2772 ədəd yeşiyi geri qaytarmasını bildirmişdir. Cavabdeh 4000 manat puldan 1180 manatını, eləcə də 2772 ədəd yeşikdən 1792 ədədini qaytarsa da, qalan 2820 manat pulu və 980 ədəd yeşiyi qaytarmamışdır. Dəfələrlə cavabdehdən qalan pulu və yeşikləri, yeşiklər mövcud olmadığı təqdirdə isə dəyərini qaytarmasını tələb etsə də, bir nəticəsi olmamışdır. Bununla bağlı tərəfindən 11 noyabr 2023-cü il tarixdə ərizə ilə Göyçay rayon polis şöbəsinə müraciət edilmiş, müraciəti əsasında təhqiqat bölməsində material toplanaraq araşdırma aparılmış, sonradan cinayət işi başlanmasının rədd edilməsi haqqında 07 yanvar 2024-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərara əsasən - Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, ona tələbinin mülki xarakterli olduğu üçün bu barədə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla cavabdehin ondan 2023-cü ilin oktyabr ayında xurma meyvəsi almaq üçün 4000 manat vəsait alması, 2820 manat borclu qaldığı təsdiq olunmuşdur. Qərarda cavabdehin 980 ədəd ona qaytarmalı olduğu yeşik barədə hər hansı fikir bildirilməsə də, işin faktiki halları ilə bu hal öz təsdiqini tapır. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır İddiaçı məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədər olaraq iştirak edə bilməyəcəyini və məhkəməni onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mehdiyev İlkin ifadə verərək bildirmişdir ki, cavabdehi 2023-cü ilin sentyabr ayından tanımışdır.Vüsal və Kamran adlı şəxslə birlikdə cavabdehə 1500 manat pul vermiş, Mirqasım pulun az olduğunu bildirmişdir. İddiaçı yenidən cavabdehə 500 manat pul göndərmişdir. Bundan sonra cavabdehin təqdim etdiyi xurmaların yararsız olduğunu görüb xurmaları almaqdan imtina etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Həmidov Kamran ifadə verərək bildirmişdir ki, cavabdehi 2023-cü ilin sentyabr ayından tanımışdır. Vüsal və Kamran adlı şəxslə birlikdə cavabdehə 1500 manat pul vermiş, Mirqasım pulun az olduğunu bildirmişdir. İddiaçı yenidən cavabdehə 500 manat pul göndərmişdir. Bundan sonra cavabdehin təqdim etdiyi xurmaların yararsız olduğunu görüb xurmaları almaqdan imtina etmişlər. İş materillarında olan “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cavabdeh Göyçay RPŞ-də araşdırma aparılarkən izahat verərək iddiaçını tanıdığını, onunla heç bir ədavət və düşmənçiliyinin olmadığını, iddiaçının ondan Bərdə rayonunda məhsulun yığılmasını istədiyini, 1500 yeşik xurma məhsulunu aralarında 7000 manata razılaşdıqlarını, iddiaçının ona Bərdə rayonunda 2000 manat pul verdiyini, bundan sonra iddiaçının ona yenidən online qaydada 2000 manat pul göndərdiyini, lakin məhsulun az olması səbəbindən 1500 yeşiyi tam formada yığa bilmədiyini və hazırda iddiaçıya 2820 manat borcu olduğunu etiraf etmişdir. İş materillarından görünür ki, tərəflər arasında alqı-satqı münasibətləri olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində qeyd olunur ki, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə işin digər materialları ilə müəyyən olundu ki, Cavabdeh İddiaçı 4000 manat pul alaraq ona 1500 yeşik xurma məhsulunu yığaraq verəcəyini vəd etmiş, lakin cəmi 700 yeşik xurma məhsulu yığmış və iddiaçıya 2820 manat borcu yaranmışdır. Odur ki, iddia təmin edilməli, 2820 manat pul vəsaiti və 980 ədəd yeşik, yeşik olmadığı təqdirdə isə dəyəri 1030 manatın cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 58,50 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2820 manat pul vəsaiti və 980 ədəd yeşik, yeşik olmadığı təqdirdə isə dəyəri 1030 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 58,50 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar