Məhkəmə qərarları › İş №2(071)-360/2024

Hacıqabul Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(071)-360/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-360/2024 08.04.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” tələbinə dair iddia qaldıraraq, cavabdehlərdən alınmış 5059 manat borc pulun və dövlət rüsumu kimi 77 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun əmisi qızı, Cavabdeh2 isə sonuncunun həyat yoldaşıdır. Cavabdehlər xx.xx.2022-ci il tarixdə övladları ilə birlikdə onun evinə qonaq gəlmiş və özlərinə pensiya düzəltmək üçün pul lazım olduğunu bildirərək ondan borcu pul verməsini xahiş etmişlər. O, həmin vaxt “Rabitə”bankdan kredit götürdüyü puldan 1500 manat pulu xx.xx.2022-ci il tarixdə cavabdehlərin göndərdikləri kart hesabına göndərmişdir. Bundan 1 ay sonra cavabdehlər onun üçün də, pensiya düzəldə biləcəklərini və bunun üçün 1200 manat pul lazım olduğunu bildirmişlər. O, xx.xx.2022-ci il tarixdə rəfiqəsindən borc alaraq cavabdehlərə 1200 manat pul göndərmişdir. Bundan 2-3 gün sonra Vahid və Sevinc pensiya düzəldən şəxsə 3-4 baş qoç almağın lazım olduğunu bildirərək bu məqsədlə ondan 700 manat pul almışlar. Həmin məbləğin 500 manatını o, yenidən rəfiqəsindən borc almışdır. Bundan 10 gün sonra o, cavabdehlərə daha ayrı-ayrı vaxtlarda olmaqla, ümumilikdə 450 manat pul vermişdir. O, rəfiqəsindən borc aldığı pulu vaxtında qaytara bilmədiyinə görə rəfiqəsinin bank faizlərini də, ödəməyə məcbur qalmışdır. Rəfiqəsinin əvəzinə banka ödədiyi faiz məbləği 735 manat, özü tərəfindən götürdüyü kredit məbləğinə görə banka ödədiyi faiz məbləği isə 764 manat təşkil etmişdir. Ümumilikdə cavabdehlərin ona 5059 manat borcu yaranmışdır. Bu hadisələrdən 14 ay sonra o, Cavabdeh2 verdiyi pulları tələb etmiş, sonuncu onun əvəzinə hər ay bank hesabına 300-400 manat pul göndərəcəyinə söz vermişdir. O, həmin vaxt Cavabdeh2 qəbz almamış, lakin onun səsini özünə məxsus mobil telefona yazmışdır. Lakin, cavabdehlər vədlərinə əməl etməyərək aldıqları borc məbləğlərini qaytarmamışlar. Buna görə də cavabdehlərdən 5059 manat pulun tutularaq ona verilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddiasının təmin edilməsini və məhkəməyə ərizə verək iş üzrə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.2. borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş CD diskə köçürülmüş danışıqlara qulaq asılmışdır. Həmin danışıqlarda cavabdehlər müxtəlif vaxtlarda edilən söhbətlər zamanı iddiaçıya borclu olmalarını bildirərək yaxın zamanlarda borc məbləğini qaytaracaqlarını vəd etmişlər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı arasında borc müqaviləsindən irəli gələn münasibətlər yaranmış, lakin tərəflər borc məbləğinin üç manatdan çox olmasına baxmayaraq rəsmi şəkildə borc müqaviləsi bağlamamışlar. Tərəflər qanunvericiliyin tələb etdiyi şərlərə əməl etmədiklərinə görə onlar arasında etibarsız hesab edilən borc müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Qanunvericliyin tələblərinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada borc məbləği olan 5059 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 77 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 238-245, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5059 (beş min əlli doqquz manat) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 77 (yetmiş yeddi) manat pul alınaraq İddiaçı verilsin. Cavabdehlər qiyabi qətnamənin rəsmi qaydada verildiyi vaxtdan sonra 10 (on) gün müddətində onun ləğvi barədə Hacıqabul Rayon Məhkəməsinə ərizə verə bilərlər. Qətnamədən qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra qiyabi qətnamənin rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay ərzində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar