Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-395/2022 08.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, baş vermiş cinayət hadisəsi nəticəsində onun sağlamlığına vurulmuş zərərin əvəzi kimi 8.000 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh 15 iyul 2021-ci il tarixdə ona bıçaqla xəsarət yetirmiş və o vurulmuş xəsarət nəticəsində xəstəxana və ev şəraitində müalicə alaraq müalicəsini indi də davam edirir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 329 nömrəli rəyinə əsasən aldığı xəsarətin ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa “az ağır” zərər vurmaya aid edilmişdir. Bakı şəhərində Esperimental xəstəxanasında əməliyyat olunmuş və qanaxmanı dayandırmışlar. 2 gün reanimasiyada olmaqla, 5 gün xəstəxanada qalmışdır. Sonra evə çıxmış və müalicəsini evdə davam etdirmişdir. Həftədə bir dəfə Bakı şəhərinə həkim müayinəsinə getmişdir. Evdə müalicə olunmuş, iki ay ərzində hər gün bir dəfə sistem qoşulmuş, iki dəfə sarğıları dəyişilmişdir. Aldığı xəsarətdən sonra ağır işdə işləyə bilmir. O, daş ustasıdır, bənna kimi tikinti işi ilə məşğul olur. Lakin ayağından bıçaq yarası aldığına görə bir ildir ki, ağırlıq qaldıra və usta kimi işləyə bilmir, ailəsinin maddi təminatını ödəyə bilmir. Hazırkı vaxta kimi əməliyyat olunmasına və müalicəsinə təxminən 8.000 manat pul xərcləmişdir. Bunu təsdiq edən yazılı sübutları sübutları məhkəməyə təqdim edə bilməsə də, hamıya bəlli olan haldır ki, cərrahiyyə əməliyyatı olunmasına, dərmanların alınmasına, tibb bacısının ona iynə vurması və sistem qoşması, sarğılarının dəyişdirilməsi üçün fərdi qaydada həkimlərə və tibb işçilərinə zəhmət haqqı kimi pul vermişdir. Bu səbəbdən müalicəsinə çəkdiyi xərcin əvəzinin ödənilməsini ona xəsarət yetirmiş Cavabdeh tələb edir. Odur ki, iddiasının təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi (atası) Nümayəndə məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, İddiaçı iddia ərizəsində göstərdiyi 8.000 manat maddi ziyan tələbi əsassızdır və reallığı əks etdirmir. Belə ki, iddiaçının aldığı xəsarətə görə 8.000 manat xərc çəkməsi mümkün deyil və iddiaçı bu iddiasını hər hansı bir sübutla əsaslandırmamışdır. Bundan başqa iddiaçının göstərdiyi məbləğdə pulu ödəməyə cavabdehin maddi imkanı çatmır. Cavabdeh hazırda həbsdədir. İddiaçıya sağlamlığının bərpası üçün 500 manat ödəməyə maddi imkanı çatır. Odur ki, iddianın qalan hissədə rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə, silah qismində bıçaqdan istifadə etməklə İddiaçı bir dəfə bıçaqla vuraraq, ona qəsdən sağ budun 1/3 hissəsinin deşilmiş-kəsilmiş yarası kimi, dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 390 nömrəli rəyinə əsasən İddiaçı bədən səthində aşkar olunan xəsarətlər-sağ budun arxa-orta 1/3 hissəsinin deşilmiş-kəsilmiş yarasıdeşici-kəsici alət təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi. Qeyd olunan xəsarətlər ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(071)-9/2022 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq Cavabdeh 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İddiaçı səhhətinə dəymiş zərərin aradan qaldırılması üçün çəkdiyi xərcin əvəzinin ödənilməsi ilə bağlı Cavabdeh qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Cavabdeh İddiaçı sağlamlığına zərər vurması, İddiaçı aldığı xəsarət nəticəsində cərrahiyyə əməliyyatı olunması, uzun müddət müalicə olunması, müalicəsinə və əməliyyat olunmasına, dərmann və dərman preparatlarının alınmasına müəyyən məbləğdə vəsait xərcləməsi işin mübahisəsiz halıdır. İddiaçı müalicəsinə 8.000 manat vasait xərcləməsinə dair məhkəməyə yazılı sübutlar təqdim edə bilməmişdir. Odur ki, iddiaçının sağlamlığının bərpası üçün bir il ərzində xərclədiyi vəsaitin məbləğinin təxminən 5.000 manat həcmində olmasını ağlabatan hesab edir və bu məbəğdə vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması əsaslı, qanuni və ədalətli hesab edir. Belə ki, iddiaçının aldığı xəsarət nəticəsində ağır cərrahiyyə əməliyyatı keçirmiş, əməliyyatdan sonra evdə 2-3 ay müddətində müalicə almış, hər gün sarğısı dəyişilmiş, ona sistem qoşulmuş və dərmalar verilmiş, həftədə bir dəfə “X1” Xəstəxanasına gedərək müayinə olunmuşdur. Xəsarət aldığına görə İddiaçı xx.xx.2021-ci il tarixdən hazırkı vaxta kimi peşəsi üzrə bənna kimi işləyə bilmir və ailəsinin maddi təminatını ödəyə bilmir. Bütün bunlar iddiaçıya 5.000 manat həcmində maddi zərər vurulmasını deməyə əsas verir. Məhkəmə iddia tələbini qalan 3.000 manat hissəsində əsaslı hesab etmir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixdə baş vermiş cinayət hadisəsi nəticəsində İddiaçı sağlamlığına vurulmuş zərərin əvəzi kimi 5.000 (beş min) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-395/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-395/2022
08.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver