Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-402/2024 25.04.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500 manat məbləğində pulun, və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Hacıqabul rayon Navahi qəsəbə sakini 1981-ci il təvəllüdlü Cavabdeh ilə (ailəsidə daxil olmaqla) səmimi tanışlıq münasibətləri olub. Cavabdeh restoranlarda ofisiant işləmişdir. Qardaşının həbsdə olması və anasının xəstə olması səbəbindən aptekə, qəssaba və ərzaq mağazasına borcu yaranmışdır. xx.xx.2023-ci il tarixində ona 1-2 ay müddətinə 500 manat borc pul verməsini xahiş etmişdir. Əvvəlcə Cavabdeh bildirmişdir ki, borcunu 2023-ci ilin avqust ayının sonunda qaytaracaq. Daha sonra bildirmişdir ki, qardaşı həbsdən çıxdıqdan sonra dövlət tərəfindən ödəniləcək sosial müavinəti aldıqdan sonra borcunu qaytaracaq. Lakin sentyabr ayından bu günə qədər Cavabdeh dəfələrlə zəng etməsinə, qohumları vastəsilə xəbər göndərməsinə baxmayaraq sonuncu ona heç bir cavab verməmiş, borcunu qaytarmamışdır. Bununla əlaqədar xx.xx.2023-ci il tarixində rəsmi qaydada Hacıqabul Rayon Polis Şöbəsinə müraciət etmişdir. Ərizəsilə əlaqədar cavabdehin ifadəsi alınmış, cavabdeh yazılı ifadəsində iddiaçıya borclu olduğunu etiraf etmişdir. Bununla əlaqədar borcun qaytarılması üçün iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Hacıqabul RPŞ-nin 3-13-78/2-N-234xx/xx/2024 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı tərəfindən Hacıqabul RPŞ-nə ünvanlanmış xx.xx.2023cü il tarixli ərizə araşdırılmış, lakin Cavabdeh əməllərində cinayət və inzibati xəta tərkibinin əlamətləri olmadığına görə şöbədə qeydiyyata alınmışdır. Ərizəçinin məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cavabdeh iddianı etiraf edərək iddiaçıya 500 manat borcu olduğunu, həmin borc məbləğini hissələr şəklində 2024-cü ilin may-iyun aylarında qaytaracağını bildirmişdir. Cavabdeh tərəfindən elektron poçt vasitəsilə məhkəməyə ünvanladığı ərizədən görünür ki, cavabdeh Bakı şəhərində işlədiyini və bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı etiraf etdiyini bildirərək, onun iştirakı olmadan mülki işə baxılmasını xahiş etmişdir. Watsapp ani mesajlaşma sistemindən çıxarılmış yazışmalardan görünür ki, cavabdeh iddiaçıdan aldığı borc məbləğini yaxın zamanlarda qaytaracağını vəd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə iclası zamanı işin digər materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı 500 manat borc pul almış və öhdəliyini lazımınca yerinə yetirməyərək vəd etdiyi vaxtda borc məbləğini qaytarmamışdır. Odur ki, iddia təmin edilməli, 500 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 500 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-402/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-402/2024
25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver