Məhkəmə qərarları › İş №2(071)-422/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-422/2023

13.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-422/2023 13.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən mənzildə yaşayış hüququnun bərpa olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 148 nömrəli Sərəncamından çıxarış əsasında ünvan 2 ünvanında qediyyata götürülmüşdür. Hacıqabul rayon Məhkəməsinin 2(071)-273/16 saylı xx.xx.2016-cı il qətnaməsinə əsasən onunla cavabdeh arasında xx.xx.2011-ci il tarixli 112 sayli nikah pozulmuşdur. Hacıqabul rayon Məhkəməsinin 2(071)-1609/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Həsənova X3 şəhəri İ.Qayibov küçəsi, ev, 9 mənzil 12 ünvanına köçürülməklə yaşayış hüququ tanınmışdır. O vaxtdan son vaxtlara qədər cavabdehlə resmi nikahda olmasalar da eyni ünvanda yaşamışlar və birgə nikahlarından olan iki övladlarının böyüməsinə nəzarət etmişlər. Son vaxtlara qədər cavabdehlə aralarında heç bir problem yaşanmadığı üçün hər ikisi bir birinin yaşayış hüququnun pozulmasına heç bir hərəkət etməmişdir. Lakin, 2023-cü ilin yanvarindan etibarən cavabdeh onun həmin evə daxil olmasına imkan vermir və bu hərəkəti ilə Haciqabul şəhəri, İ.Qayibov küçəsi, ev 9, mənzil 12 ünvanında yerləşən mənzildə yaşayış hüququnun həyata keçirilməsini pozmuş olur. Məhkəmənin hazırlıq iclasında İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 9,12 ünvanda yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, o, 2017-ci ildən iş yerini dəyişdiyi üçün Bakı şəhərində işləyir və Bakı şəhərində atasının evində yaşayır. Lakin, imkan olduqda tez-tez Hacıqabul şəhərində yerləşən mənzilə gəlib ailəsinə baş çəkmişdir. ünvan 5 ünvanda yerləşən icra hakimiyyəti tərəfindən yaşamaq üçün ona ayrılmışdır. Bu səbəbdən onun həmin mənzildə yaşamaq və istifadə etmək hüququ vardır. Lakin, cavabdeh onun həmin mənzildə yaşamasına imkan vermir. Odur ki, iddianın təmin edilərək, onun qeyd edilən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, 2016-cı ildə iddiaçı ilə onun arasında olan nikah pozulmuş, 2017-ci ildən isə iddiaçının iş yeri Bakı şəhərinə dəyişdirildiyinə görə o, həmin vaxtdan köçüb Bakı şəhərində yaşamışdır. Həmin vaxtdan sonra iddiaçı arada bir Hacıqabul şəhərinə gəlsə də, son iki il ərzində ümumiyyətlə Hacıqabul şəhərində yerləşən mənzildə yaşamamışdır. İddiaçının özünün və atasının Bakı şəhərində evləri var və onun Hacıqabul şəhərindəki evə ehtiyacı yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs qismində cəlb edilmiş Hacıqabul rayon İcra Hakimiyyətinin nümayəndəsi Şirəliyev Zaur izahat verərək bildirdi ki, Hacıqabul şəhərində yerləşən dövlət mənzil fonduna məxsus mənzillər əsasən ehtiyacı olan şəxslərə müvəqqəti yaşamaq üçün verilmişdir. İddiaçı 2004-cü ildə Hacıqabul şəhər 4 nömrəli məktəbə tarix müəllimi kimi təyin edilmişdir. Onun təyinatla Hacıqabul şəhərinə gəlməsi nəzərə alınaraq, rayon İcra Hakimiyyət Başçısının xx.xx.2013-cü il tarixli sərəncamına əsasən ünvan 6 ünvanda yerləşən mənzil müvəqqəti yaşaması üçün onun istifadəsinə verilmiş və həmin ünvanda qeydiyyata alınmışdır. X6 iş yeri Bakı şəhəri, 59 nömrəli tam orta məktəbə dəyişdirilmişdir. Hacıqabul rayon 1 saylı Mənzil İstismar Sahəsinin verdiyi arayışa əsasən İlham Səfərov 2021-ci ildən hal-hazıradək Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 9,12 ünvanda yerləşən mənzildə yaşamır. Həmin mənzil İddiaçı Hacıqabul rayonunda müəllim kimi işlədiyinə görə onun Hacıqabul rayonunda mənzilə olan ehtiyacının aradan qaldırılması üçün müvəqqəti verilmişdir. Lakin, İddiaçı hazırda Hacıqabul rayonunda işləmədiyindən və yaşamadığından, onun mənzilə ehtiyacı qalmır. Bu səbəbdən hesab edir ki, onun qeyd edilən mənzilə köçürülməsi ilə bağlı verilmiş iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 148 nömrəli sərəncamından görünür ki, Hacıqabul rayonu ərazisində mənzil şəraitinin yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların qeydiyyata götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi Komissiyasının müraciətinə baxılmış və sərəncamda adları qeyd edilən şəxslər Hacıqabul rayon İcra Hakimiyyətinin balansında olan mənzillərdə qeydiyyata alınmışlar. Sərəncama əsasən Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 9,12 ünvanda yerləşən mənzildə yaşayan İddiaçı həmin ünvanda qeydiyyata alınmışdır. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 14-382/2023 nömrəli məktubdan görünür ki, Hacıqabul şəhər 4 saylı və 8 saylı məktəbin verdiyi arayışa əsasən məlum olunmuşdur ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Hacıqabul şəhər 4 nömrəli məktəbə ixtisası üzrə tarix müəllimi təyin edilmiş, onun təyinatla Hacıqabul rayonuna göndərilməsi nəzərə alınaraq rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2013-cü il tarixli 148 nömrəli Sərəncamı ilə həmin mənzilə müvəqqəti yaşaması üçün qeydiyyata alınmış və İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli xx-xx-1425/15 nömrəli məktubuna əsasən ixtisası üzrə Bakı şəhəri 59 nömrəli tam orta məktəbə müəllim köçürülmüşdür. Hacıqabul rayon 1 Saylı Mənzil İstismar Sahəsinin verdiyi arayışa əsasən İddiaçı ünvan 10 ünvanında qeydiyyatda olmasına baxmayaraq 2021-ci il tarixdən hal-hazıradək həmin ünvanda yaşamır. İş materiallarında olan Hacıqabul şəhər 4 nömrəli orta məktəbin direktorunun xx.xx.2004-cü il tarixli 70 nömrəli əmrdən çıxarışdan görünür ki, ali təhsilli tarix müəllimi İddiaçı xx.xx.2004-cü il tarixdən məktəbə ixtisası üzrə tarix müəllimi qəbul edilmişdir. İş materiallarında olan Hacıqabul şəhər 8 saylı humanitar fənlər təmayüllü məktəblisey üzrə xx.xx.2017-ci il tarixli 123 nömrəli əmrdən çıxarışdan görünür ki, ali təhsilli tarix müəllimi İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli xx-xx- 1425/15№ li məktubuna əsasən ixtisası üzrə Bakı şəhər 59 №li tam orta məktəbə müəllim köçürülmüşdür. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin 2(071)-1609/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı mənzilə köçürülməklə, yaşayış hüququnun tanınması tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmış və Hacıqabul rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən onlar arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Hacıqabul rayon 1 Saylı Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 65 nömrəli məktubundan görünür ki, İddiaçı İ.Qayıbov küçəsi, ev 9, mənzil 12 ünvanında qeydiyyatda olmasına baxmayaraq 2021-ci ildən hal-hazıra qədər həmin ünvanda yaşamır. Həmin ünvanda onun keçmiş həyat yoldaşı X4 yaşayır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. İddiaçı Hacıqabul rayonunda müəllim kimi işləmək üçün təyin olunmuşdur. İddiaçı Hacıqabul rayonunda işlədiyinə görə mənzilə ehtiyacı olduğundan Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 9,12 ünvanda yerləşən mənzillə təmin edilmiş və Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli sərəncamına əsasən o, həmin mənzildə qeydiyyata alınmışdır. İddiaçı ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. Sonradan tərəflər arasında ailə münasibətləri pozulduğundan, məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən onların nikahı pozulmuşdur. Daha sonra məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdeh X1 şəhəri, İ.Qayıbov küçəsi 9,12 ünvanda yerləşən mənzilə köçürülməklə həmin ünvanda yaşayış hüququ tanınmışdır. İddiaçı xx.xx.2017-ci il tarixdə iş yeri Bakı şəhəri, 59 nömrəli tam orta məktəbə dəyişmiş və iddiaçı həmin vaxtdan etibarən daimi olaraq Bakı şəhərində yaşamış, arada bir Hacıqabul rayonuna gəlib-getmiş, 2021-ci ildən etibarən isə ümumiyyətlə Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 9,12 ünvanda yerləşən mənzildə yaşamamışdır. Hazırda iddiaçı tələbində həmin mənzilə köçürülməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının mənzilə köçürülmə tələbinə baxılarkən, ilk öncə onun həmin mənzildən istifadə hüququnun olub-olmadığını müəyyən edilməlidir. Çünki, iddiaçının mənzildən istifadə hüququnun olduğu müəyyən edildiyi halda, onun mənzilə köçürülmə tələbi təmin edilə bilər. Tərəflər arasında mübahisəli hüquq münasibəti xx.xx.2009-cu il tarixdən sonra yarandığına görə hazırki mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları çərçivəsində həll edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçının köçürülməsini istədiyi mənzil ona Hacıqabul rayonuna müəllim kimi təyinat alması ilə əlaqədar mənzilə olan ehtiyacının aradan qaldırılması üçün müvəqqəti verilmiş və 2013-cü ildə həmin mənzildə qeydiyyata alınmışdır. Lakin, həmin mənzil iddiaçıya müvəqqəti istifadəyə verilərkən onunla müvafiq icra hakimiyyəti orqanı arasında qanunla müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi bağlanmamışdır. Halbuki, Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Qeyd edilən qanunvericilik normalarına isnad edərək məhkəmə qeyd edir ki, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 9,12 ünvanda yerləşən mənzil sosial kirayə müqaviləsi bağlanılmadan İddiaçı müvəqqəti yaşaması üçün verilmiş, mənzilin ona verildiyi vaxtdan sonra da onunla müvafiq icra hakimiyyəti orqanı arasında yazılı sosial kirayə müqaviləsi bağlanmamışdır. İddiaçı həmin mənzildə sadəcə qeydiyyata alınmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, mülkiyyətçinin (hazırki halda dövlət orqanının) razılığı ilə onun yaşayış sahəsinə qeydiyyata alınma, qeydiyyata alınanın yaşayış sahəsinə istifadə hüququnun yaranması və bu hüququn yaranmasına mülkiyyətçinin razılıq verməsi kimi qiymətləndirilə bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında “yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ”na anlayış verilərək qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Göründüyü kimi, yaşayış sahəsindən istifadə hüququ ilə yaşayış sahəsi üzrə qeydiyyat ayrı-ayrı anlayışlardır. Belə olan halda, iddiaçının dövlət mülkiyyətində olan mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması, onun həmin mənzildən istifadə hüququna malik olması kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində yaşayış yeri üzrə qeydiyyatın yaşayış sahəsinə istifadə hüququ əmələ gətirməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, mübahisəli mənzilə dair iddiaçı ilə sosial kirayə müqaviləsi bağlanmış olsa idi belə, yenə də iddiaçının həmin mənzilə köçürülmə tələbi təmin edilə bilməzdi. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı 2017-ci ildə iş yerinin dəyişməsi ilə əlaqədar Bakı şəhərinə köçmüş, həmin vaxtdan indiyədək daimi olaraq Bakı şəhərində yaşamış, arada bir ailə üzvlərinə (uşaqlarına) baş çəkmək üçün Hacıqabul şəhərinə gəlib-getmiş, 2021-ci ildən sonra isə ümumiyyətlə mübahisəli mənzilə gəlməmiş və orada yaşamamış, mənzillə bütün əlaqələrini kəsmişdir. Yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin, uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı 2017-ci ildən etibarən daimi yaşamaq üçün başqa yerə (Bakı şəhəri) getdiyindən, özünə daimi yaşamaq üçün başqa yaşayış yeri seçdiyindən, 2021-ci ildən etibarən isə ümumiyyətlə mübahisəli mənzildə yaşamadığından, onunla dövlət orqanı arasında sosial kirayə müqaviləsi bağlanmış olsa idi belə, onun mənzildən mövcud olan istifadə hüququ artıq itirilmiş hesab olunacaqdı. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mübahisəli mənzilə köçürülməsi üçün heç bir hüquqi əsas olmadığından, onun bu barədə verilmiş iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar