Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-431/2025 07.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 700 manat pul və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Hacıqabul rayonu, Qızılburunkənd sakini Cavabdeh 2023-cü ilin əvvəllərində keçmiş SSRİ istehsalı olan “Muravey” markalı motosiklet almaq məqsədi ilə 700 manat məbləğində pul vermişdir. Həmin vaxt həyətində təmir işləri getdiyindən cavabdehdən aldığı motosikletin onun həyətində qalmasını bildirmişdir. Qarşılıqlı olaraq motosikletin cavabdehin həyətində müvəqqəti olaraq qalmasına razılaşmışdır. Həyətində təmir işləri başa çatdıqdan sonra Cavabdeh aldığı motosikleti götürməyə gedəndə sonuncu bildirdi ki, pula ehtiyacı olduğu üçün ona satdığını motosikleti başqasına satmış, pulunu qaytaracaqdır. Pulun geri qaytarılması məqsədi ilə 4 dəfə Atbulaq kənd sakinləri X1 və X2 ilə cavabdehin evinə getmişdir. Hər dəfə cavabdeh şahidləri yanında pulu qısa vaxtda qaytaracağını bildirsə də, bu günədək qaytarmamışdır. Odur ki, cavabdehin borclu olduğu pulun tutulması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iş üzrə cavabdeh borcunu qaytarmır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçıya borclu olduğu 700 manat məbləğində borcu qaytaracqdır. İddianı qəbul edir. İddia tələbinin təmin olunmasına heç bir etirazı yoxdur. Cavabdeh xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı ona qarşı olan iddiasını qəbul edir. İddiaçıya olan 700 manat məbləğində borcunu qaytaracaqdır. İddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Məhkəmə iclası zamanı, cavabdeh iddiaçıdan 700 manat məbləğdə borclu olduğunu etiraf etmiş, lakin həmin borc məbləğinin qaytarılmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə tərəfindən işin faktiki halları belə müəyyən edilmişdir ki, Cavabdeh 2023-cü ilin əvvəllərində keçmiş SSRİ istehsalı olan “Muravey” markalı motosiklet almaq məqsədi ilə 700 manat məbləğində pul vermişdir. Həmin vaxt həyətində təmir işləri getdiyindən cavabdehdən aldığı motosikletin onun həyətində qalmasını bildirmişdir. Qarşılıqlı olaraq motosikletin cavabdehin həyətində müvəqqəti olaraq qalmasına razılaşmışdır. Cavabdeh sonradan iddiaçıya bildirmişdir ki, pula ehtiyacı olduğu üçün ona satdığı motosikleti başqasına satmış, pulunu qaytaracaqdır. Lakin, cavabdeh verdiyi sözə əməl etməyərək borcunu ödəməkdən qəsdən yayınmışdır. Məhkəmə iclasında tərəflərin izahatları və iş materialları araşdırılarkən, Cavabdeh borcun qaytarılması ilə bağlı hər hansı hüquqi cəhətdən etibarlı sübut təqdim edilməmişdir. Məhkəmə iclası zamanı cavabdeh borclu olduğu 700 manat məbləğindəki pulu iddiaçıya ödəyəcəyini bildirmişdir. İddia tələbinə etiraz etməmişdir. Mülki Prosessual Məcəllənin müvafiq normalarına əsasən, iddianı və ya etirazı təsdiq etmək yükü həmin iddianı irəli sürən tərəfin üzərinə düşür. Cavabdeh tərəfindən borcun qaytarıldığına dair hər hansı yazılı və ya digər hüquqi qüvvəyə malik sübutların olmaması səbəbilə, onun bu barədə irəli sürdüyü arqumentlər əsaslı hesab edilmir və məhkəmə tərəfindən qəbul olunmur. Bu baxımdan, işin hallarına və mövcud hüquqi tənzimləmələrə əsasən, iddiaçının iddiasının təmin edilməsinin hüquqi əsası mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə iclasında araşdırılmış iddiaçının və cavabdehin izahatı, habelə işin digər materialları ilə müəyyən olundu ki, Cavabdeh İddiaçı aldığı əmlakın qarşılığında borclu olduğu pul məbləğini qaytarmağı lazımınca yerinə yetirməmişdir. Odur ki, iddia təmin edilməli, 700 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-431/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-431/2025
07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver