Məhkəmə qərarları › İş №2(071)-433/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-433/2022

08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-433/2022 08.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi ilə, İddiaçı Əsgər qızının iştirakı ilə, İddiaçı Əsgər qızının Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əsgər qızı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 850 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 880 manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əsgər qızı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Hacıqabul rayon ərazisində xırda ticarət ilə məişət avandınlarının satışı ilə məşğuldur. 2019-cu ildə Cavabdeh ona müraciət edərək, 120 ekranlı interneti olan plazma televizor gətirərək ona kredit yolu ilə satmasını xahiş etmişdir. O, cavabdehin istəyinə uyğun 120 ekranlı interneti olan plazma televizoru gətirmişdir. Cavabdeh əri X1 ilə birlikdə onun yanına gələrək, həmin televizoru ondan pulunu hissə-hissə ödəmək şərti ilə nisyə almışdır. O, dəyəri 1.000 manat olan həmin televizoru Cavabdeh hər ay 100 manat ödəmək şərti ilə nisyə satmışdır. Lakin Cavabdeh 2019-cu ildən bu günədək televizorun pulundan ona cəmi 150 manat vermiş, qalan 850 manatı pulu isə ödəməmişdir. Hazırda cavabdeh onun telefon zənglərini açmır, ona olan borcunu ödəmir və borcunu ödəməkdən yayınır. O, Hacxıqabul RPŞ-yə şikayət etmişdir. Həmin vaxt Cavabdeh əri X1 izahat yazaraq televizorun dəyərini tez bir zamanda ödəyəcəyinə vəd versə də, hazırkı vaxta kimi borcu ödəməmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də, cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh əri X1 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, İddiaçı Əsgər qızından həyat yoldaşı Cavabdeh ilə birlikdə 120 ekranlı interneti olan plazma televizor aldıqlarını, həmin televizorun pulundan iddiaçıya 850 manat borcları qaldığını və həmin pulu xx.xx.2022-ci il tarixədək ödəyəcəyini göstərmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh aldığı 120 ekranlı interneti olan plazma televizorun dəyərindən ödənilməmiş qalan 850 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 880 manat pul tutularaq İddiaçı Əsgər qızına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 120 ekranlı interneti olan plazma televizorun dəyərindən ödənilməmiş qalan 850 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 880 (səkkiz yüz səksən) manat pul tutularaq İddiaçı Əsgər qızına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar