Məhkəmə qərarları › İş №2(071)-44/2021

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-44/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-44/2021 14.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 14.10.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, 17.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 aldığı “Samsung” markalı A-50 4164 blue model mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 817 manat əsas borc və hesablanmış 1.511 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.358 manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli 2(071)-44/2021 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş üzrə icraat ekspertizanın rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 30 iyun 2021-ci il tarixli 9/2250 nömrəli məktubla ekspertizanın aparılmasından imtina edilmiş və mülki iş məhkəməyə qaytarılmışdır. Hacıqabul rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli 2(071)-44/2021 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və məhkəmə baxışına təyin edilmişdir. Hacıqabul rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli 2(071)-44/2021 nömrəli qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçı MMC-nin nümayəndəsi X2 01.10.2021-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Hacıqabul rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 05.10.2021-ci il tarixli 2(071)-44/2021 nömrəli qərardadı ilə İddiaçı MMC-nin nümayəndəsi X1 şikayəti (vəsatəti) təmin edilmiş, Hacıqabull rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli 2(071)-44/2021 nömrəli qərardadı ləğv edilmiş, işin məhkəmə baxışı 14.10.2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Tərəflərə bu barədə rəsmi məlumat verilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdehlər gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı MMC-nin nümayəndəsi Şəbnəm Əliyeva ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-itn 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsinə dair ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 17.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC dəyəri 867 manat olan “Samsung” markalı A-50 4164 blue model mobil telefon cihazını 50 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 68 manat ödənilməsi şərti ilə Cavabdeh2 nisyə satmışdır. Müqaviləsinin müddəti 07.09.2020-ci il tarixdə bitmişdir. İddiaçı MMC ilə zamin Cavabdeh1 arasında bağlanmış 17.09.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 17.09.2019-cu il tarixli müqavilə üzrə borclu Cavabdeh2 zamin durmuşdur. Zaminlik müqaviləsinin müddəti 17.09.2020-ci il tarixdə bitmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi və zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Cavabdeh2 müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borclu Cavabdeh2 17.09.2019-cu il tarixli müqavilə üzrə İddiaçı MMC-yə 817 manat əsas borcu və hesablanmış 1.511 manat cərimə olmaqla, cəmi 2.328 manat borcu yaranmışdır. 17.09.2019-cu il tarixli müqavilə üzrə tənasübsüz surətdə hesablanmış 1.511 manat yüksək dəbbə məbləği azaldılaraq 50 manat müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, 17.09.2019-cu il tarixli müqaviləsi üzrə yaranmış borc yalnız borclu Cavabdeh2 tutulmalıdır. Kreditor «DASTAK GROUP 2017” MMC ilə zamin Cavabdeh1 arasında bağlanmış 17.09.2019-cu il tarixli zaminlik müqaviləsinin müddəti 17.09.2020-ci il tarixdə başa çatdığına və iddiaçı müddət bitdikdən sonra 07.10.2020- ci il tarixdə poçt vasitəsilə məhkəməyə müraciət etdiyinə görə, 17.09.2019-cu il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh1 zaminliyinə xitam verilməlidir. Hazırda zamin borcun ödənilməsi üçün məsuliyyət daşımır. Çünki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 17.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung” markalı A-50 4164 blue model mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 817 manat əsas borc, hesablanmış 50 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 897 manat pul tutularaq İddiaçı MMCnə ödənilməlidir. İddia tələbi - Cavabdeh2 qarşı hesablanmış 1.461 manat dəbbə pulunun tutulması hissəsində rədd edilməlidir. İddia tələbi - cavabdeh (zamin) Cavabdeh1 qarşı hissəsində tam rədd edilməlidir. Kreditor İddiaçı MMC ilə zamin Cavabdeh1 arasında bağlanmış 17.09.2019-cu il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh1 zaminliyinə xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 17.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung” markalı A-50 4164 blue model mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 817 manat əsas borc, hesablanmış 50 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 897 (səkkiz yüz doxsan yeddi) manat pul tutularaq İddiaçı MMCyə ödənilsin. İddia tələbi - Cavabdeh2 qarşı qalan hissədə rədd edilsin. İddia tələbi - cavabdeh (zamin) Cavabdeh1 qarşı hissəsində tam rədd edilsin. Kreditor İddiaçı MMC ilə zamin Cavabdeh1 arasında bağlanmış 17.09.2019-cu il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh1 zaminliyinə xitam verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar