Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-440/2022 23.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 6.200 manat borcun və ödənilmiş 82 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Hacıqabul şəhəri Heydər Əliyev küçəsi ev 11 mənzil 31-də ailəsi ilə birlikdə yaşayır. Hacıqabul rayonu Xəqani küçəsi 58 saylı evdə yaşayan Cavabdeh onun bacısının ərinin əmisi oğludur. Cavabdeh ondan 800 manat borc almış və hissə-hissə qaytarmışdır. 2020-ci ilin iyun ayında Cavabdeh ona Hacıqabul rayonunda quşçuluq və balıqçılıq mağazası açmaq istədiyini bildirərək, ondan 2.200 manat borc almışdır. Sonradan cavabdeh yenidən ondan pul istəmişdir. O, xx.xx.2020-ci il tarixdə Şirvan şəhərində filialı olan "xxxx" QSC-dən 12 müddətinə 4200 manat pul götürərək, cavabdehə vermişdir. Bu dəfə məbləğ çox olduğundan Cavabdeh ondan 4.200 manat və 2.200 manat borc almasına dair Cavabdeh xx.xx.2020-ci il tarixdə qəbz yazdırmışdır. Cavabdeh mağazanı açaraq Bakı şəhərindən quş əti və balıq gətirib satdırmağa başlamışdır. Lakin Cavabdeh alver etdiyi puldan ona verməmiş və ona olan borcunu qaytarmamışdır. Cavabdeh ona Bakı şəhərindən mal götürdüyünü, onların pulunu qaytardıqdan sonra onun pulunu qaytaracağını bildirmişdir. O, cavabdehə inansa da, bankın aylıq pulunu vermək vaxtı gəldikdə cavabdeh banka olan borcu ödəməmişdir. Bundan sonra o, hər ay bankın pulunu özü ödəməyə başlamışdır. Cavabdehdən pul istədikdə isə cavabdeh ona Bakı şəhərindən götürdüyü mala görə 10.000 manat borcu olduğunu, həmin borcu qaytardıqdan sonra ona olan borcunu ödəyəcəyini bildirmişdir. Daha sonra o, bu barədə cavabdehin anasına şikayət etmişdir. Bütün bu müddət ərzində Ruslan ondan aldığı 6.400 manat puldan cəmi 200 manat hissəsini qaytarmış və banka ödədiyi faizdən 1.435 manatını ödəyib. Hazırda cavabdehin ona 6.200 manat borcu qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, o, İddiaçı əvvəllər 800 manat faizlə pul almış və həmin pulu hissə-hissə iddiaçıya qaytarmışdır. Sonradan o, Hacıqabul rayonunda quşçuluq və balıqçılıq mağazası açmaq istəmiş və bu məqsədlə iddiaçıdan 2.200 manat borc pul almışdır. Bu pul mağazanın açılması üçün kifayyət etmədiyinə görə yenidən iddiaçıdan 4.200 manat borcu 10 faizlə almışdır. İddiaçı ona 4.200 manat borcu verərkən, məbləğin çox olmasını bildirərək, əvvəl aldığı 2.200 manat borcla birlikdə İddiaçı cəmi 6.400 manat borc pul almasına dair qəbz yazmasını xahiş etmişdir. O, xx.xx.2020-ci il tarixdə qəbz yazaraq İddiaçı 2.200 manat və 4.200 manat borc almasını göstərmiş və qəbzi imzalayaraq iddiaçıya vermişdir. O, 3 gün sonra 4000 manat borcu iddiaçıya qaytarmışdır. O, 1700 manatı iddiaçının bacısı oğlunun vasitəsilə, 800 manatı öz xalası oğlunun vasitəsilə, 1.435 manatı isə özü şəxsən iddiaçıya qaytarmışdır. Onun iddiaçıya borcu qalmamışdır. İddiaçıya pulu qaytarmasını təsdiq edən yazılı sübutları yoxdur. İddiaçı ona 300 manat borcu qaldığını bildirmiş və ödəməsini tələb etmişdir. O, iddiaçıya borcu tam ödədiyini bildirmiş, 300 manat pulu ödəməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallara əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı və Cavabdeh tərəfindən yazılmış və imzalanmış xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh borc olaraq 4.200 manat və 2.200 manat pul vermişdir. Borcun verilməsi zamanı sadə yazılı formada müqavilə bağlanmaqla Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə əməl edilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə kreditorun müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Aldığı borcu tam qaytarmamışdır. Cavabdeh izahatında İddiaçı olan 6.400 manat borcundan 4.000 manat hissəsini üç gün sonra, sonradan 1.700 manat iddiaçının bacısı oğlu vasitəsi ilə, 800 manat hissəsini isə özü xalası oğlu vasitəsi ilə iddiaçıya ödədiyini, 1.435 manat hissəsini isə özünun şəxsən iddiaçıya verdiyini göstərsə də, iddiaçı cavabdehin ona 200 manat pul verdiyini, 1.435 manat pulu isə bankdan götürülmüş pulun faizinin əvəzinə ona ödəməsini etiraf etmişdir, cavabdehin ona 4.000 manat, 1.700 manat və 800 manat pul ödəməsini inkar etmişdir. Cavabdeh isə iddiaçıya pul verməsini təsdiq edən hər hansı yazılı mötəbər sübutu olmadığını bildirmişdir. xx.xx.2020-ci il tarixli borc sənədinin əsli iddiaçıdadır və məhkəməyə təqdim etmişdir. Bu hal borcun tam qaytarılmadığını bir daha təsdiq edir. Halbu ki, Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı 4.200 manat və 2.200 manat pulu borc kimi alması tərəflərin imzaladığı xx.xx.2020-ci il tarixli sadə yazılı formada tərtib edilmiş qəbzlə, tərəflərin məhkəmə iclasında verdikləri izahatları ilə təsdiq edilir. Tərəflərin imzası ilə yazılmış qəbzdə borcun hansı müddətə və borcun faizlə verilməsi öz əksini tapmamışdır. İddiaçının bahkdan pul götürərək cavabdehə verməsi cavabdehin bank qarşısında hər hansı bir öhdəliyinin yaranmasına əsas deyildir. Odur ki, cavabdehin iddiaçıya ödədiyi 1.435 manat pul cavabdehin iddiaçıya olan borcundan çıxılmalıdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh borcun verilməsinə dair sadə yazılı formada tərtib edilmiş xx.xx.2020-ci il tarixli qəbzə əsasən aldığı 6.400 manat borcdan ödənilmiş 200 manat və 1.435 manat çıxılmaqla, qalan 4.765 manat borc və ödənilmiş 82 manat dövlət rüsumu olmaqla, cəmi 4.847 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh borcun verilməsinə dair sadə yazılı formada tərtib edilmiş xx.xx.2020-ci il tarixli qəbzə əsasən aldığı 6.400 manat borcdan ödənilmiş 200 manat və 1.435 manat çıxılmaqla, qalan 4.765 manat borc və ödənilmiş 82 manat dövlət rüsumu olmaqla, cəmi 4.847 (dörd min səkkiz yüz qırx yeddi) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-440/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-440/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver