Məhkəmə qərarları › İş №2(071)-446/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-446/2022

14.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-446/2022 14.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi ilə, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Əlmurad oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol-nəqliyyat hadisəsi zamanı avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol-nəqliyyat hadisəsi zamanı avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 31.105 manat və ödənilmiş 213 manat dövlət rüsumunun tutalaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Əlmurad oğlu məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı məxsus olan “DAF XF95480” markalı C0007 oc 96 Rus qeydiyyat nişanlı yük avtomobilini müqavilə əsasında Astara rayonu Siyaku kəndində yaşayan sürücü X3 idarə edərək 31 may 2021-ci il tarixdə saat 16 radələrində Qusar-Xudat yolunun 26-cı km-də hərəkətdə olarkən Qusar rayonu Ləyər-qışlaq kəndi ərazisindən keçən hissədə qarşı tərəfdə onunla eyni istiqamətdə hərəkətdə olan Cavabdeh1 idarə etdiyi AZ 10R-338 dövlət qeydiyyat nişanlı “JCB 3CX4T” markalı ekskavator - yükləyicini asta sürətlə hərəkətdə olmasını görüb, dönmə işıq siqnalını qoşaraq əks istiqamətli hərəkət yoluna çıxaraq ötmə əməliyyatı aparmaqla öz hərəkətini davam etmişdir. Həmin vaxtı ekskavator-yükləyiçinin sürücüsü - Cavabdeh1 sola dönmə işıq siqnalını işlətmədən idarə etdiyi ekskavatoru yolun sol tərəfdə yerləşən Qusar rayonu Ləqərqışlaq kəndinə tərəf istiqalətləndirmiş və bunu görən “DAF XF95480” markalı avtomobilin sürücüsü X4 baş verə biləcək hadisənin qarşısını almaq ücün əyləci sıxaraq səs siqnalı verib, sükanı sol tərəfə yönləndirmişdir. Buna baxmayaraq yol-nəqliyyat hadisəsinin qarşısını almaq mümkün olmamış və toqquşma baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi vaxtı ekskavatoryükləyicidə olan X2 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan bədən xəsarəti, X3 və Cavabdeh1 isə sağlamlığa zərər vurmayan bədən xəsarəti almışlar, İddiaçı məxsus olan nəqliyyat vasitəsinə ciddi zərər dəymişdir. Həmin hadisə ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə Qusar RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Aparılmış ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi AZ 10R-338 dövlət qeydiyyat nişanlı “JCB 3CX4T ’’markalı ekskavator-yükləyicinin sürücüsü Cavabdeh1 təqsiri üzündən baş vermişdir. Buna görə də, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayətə görə ittiham elan edilmişdir. Lakin zərər çəkmiş şəxs X2 istintaq zamanı vermiş olduğu ərizəsində təqsirləndirilən şəxs Cavabdeh1 şikayəti olmadığını bildirmiş, eyni zamanda təqsirləndirilən şəxs Cavabdeh1 da istintaq orqanına ərizə ilə müraciət edərək, bəraətverici əsaslar olmadan onun barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Həmin əsasa görə istintaq orqanı xx.xx.2021-ci il tarixli qərarla Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına CPM-nin 40.3-cü maddəsinə əsasən xitam vermişdir. Lakin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yük avtomobilinin zədələnməsi nəticəsində İddiaçı dəyən zərərin ödənilməsi təmin edilməmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin istintaqı zamanı həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyət hüququ əsasında atası Cavabdeh2 məxsus olan 10- R-338 dövlət qeydiyyat nişanlı “JCB 3CX4 T” markalı ekskavator-yükləyicini etibarnamə olmadan idarə edərək qəza törətmişdir. Cinayət işi üzrə qəbul edilmiş qərardan görünür ki, Cavabdeh1 atası Cavabdeh2 məxsus olan ekskavatorla Qusar rayonu ərazisində yeni inşa edilən yolda işləmək üçün etibarnaməsi olmadan getmişdir. Cavabdehlər Cavabdeh1 təqsiri üzündən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus olan “DAF XF95480” markalı C0007 OC 96 Rus qeydiyyat nişanlı avtomaşına Qusar rayonunda yerləşən “VAZ” kooperativində komissiya tərəfindən baxış keçirilmiş və xx.xx.2021-ci il tarixdə tərtib edilmiş akta əsasən avtomaşının sahibinə 31.105 manat ziyan dəyməsi müəyyən edilmişdir. Ötən müddət ərzində yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus olan nəqliyyat vasitəsinin sıradan çıxmış hissələri dəyişdirilmiş və bəzi hissələri isə təmir edilərək bərpa edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehlərə xx.xx.2022-ci il tarixdə sifarişli məktub göndərilmişdir. Lakin həmin məktub bu günə qədər cavabsız qalmışdır. Odur ki, iddiasının təmin olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də, onlar məhkəməyə gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhzkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Əlmurad oğlunun izahatını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı məxsus olan “DAF XF95480” markalı C0007 OK 96 Rus qeydiyyat nişanlı yük avtomobilini müqavilə əsasında Astara rayonu Siyaku kəndində yaşayan sürücü X3 idarə edərək, 31 may 2021-ci il tarixdə saat 16 radələrində Qusar-Xudat yolunun 26-cı KM-də hərəkətdə olarkən Qusar rayonu Ləyər-qışlaq kəndi ərazisindən keçən hissədə qarşı tərəfdə onunla eyni istiqamətdə hərəkətdə olan Cavabdeh1 idarə etdiyi AZ 10 R 338 dövlət qeydiyyat nişanlı “JCB 3CX4T” markalı ekskavator - yükləyicini asta sürətlə hərəkətdə olmasını görüb, dönmə işıq siqnalını qoşaraq əks istiqamətli hərəkət yoluna çıxaraq ötmə əməliyyatı aparmaqla öz hərəkətini davam etmişdir. Həmin vaxtı ekskavator-yükləyiçinin sürücüsü - iş üzrə cavabdeh olan Cavabdeh1 sola dönmə işıq siqnalını işlətmədən idarə etdiyi ekskavatoru yolun sol tərəfində yerləşən Qusar rayonu Ləyərqışlaq kəndinə tərəf istiqalətləndirmiş və bunu görən “DAF XF95480” markalı avtomobilin sürücüsü X4 baş verə biləcək hadisənin qarşısını almaq ücün əyləci sıxaraq səs siqnalı verib, sükanı sol tərəfə yönləndirmişdir. Buna baxmayaraq yol-nəqliyyat hadisəsinin qarşısını almaq mümkün olmamış və toqquşma baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi baş verən vaxtı ekskavatoryükləyicidə olan X2 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan bədən xəsarəti, X3 və Cavabdeh1 isə sağlamlığa zərər vurmayan bədən xəsarəti almışlar, iddiaçıya məxsus olan nəqliyyat vasitəsinə də ciddi zərər dəymişdir. Həmin hadisə ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə Qusar RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Aparılmış ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi AZ 10 R 338 dövlət qeydiyyat nişanlı “JCB 3CX4T ’’markalı ekskavator-yükləyicinin sürücüsü Cavabdeh1 təqsiri üzündən baş vermişdir. Büna görə də Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayətə görə ittiham elan edilmişdir. Lakin zərər çəkmiş şəxs X2 istintaq zamanı verdiyi ərizəsində təqsirləndirilən şəxs Cavabdeh1 şikayəti olmadığını bildirmişdir. Eyni zamanda təqsirləndirilən şəxs Cavabdeh1 da istintaq orqanına ərizə ilə müraciət edərək, bəraətverici əsaslar olmadan onun barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Həmin əsasa görə Qusar RPŞnin İstintaq Bölməsininbaş müstəntiqi X.Dadaşovun xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Lakin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yük avtomobilinin zədələnməsi nəticəsində İddiaçı dəyən zərərin ödənilməsi təmin edilməmişdir. Qusar RPŞ-nin İB-nin baş müstəntiqi X.Dadaşovun xx.xx.2021-ci il tarixli ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarından müəyyən edilir ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM- nin 263.1-1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 263.1-1 və Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmiş və Hacıqabul rayonu Navahi qəsəbəsində yaşayan Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 329.3 və 332.1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin DYPB-yə verilmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qusar “Vaz” koperativin sədri Abrik Babayev tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin təmirinə dair aktdan müəyyən edilir ki, İddiaçı Atabay oğluna məxsus DAF FX95 markalı, avtomaşına dəymiş maddi ziyan 31.105 (otuz bir min yüz beş) manat civarındadır. "xxxx" MMC-nin direktoru Nağızadə Şəhriyar tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, İddiaçı məxsus olan C007 OC96/AT725766 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi əzilmiş halda xx.xx.2021-ci il tarixdə X1 məxsus olan Nəqliyyat-ekspeditor firması “VOLF TRANSPORT MMC” şirkətin təmir sexində təmirə durmuşdur və xx.xx.2021 tarixdə nəqliyyat vasitəsi təmir olunaraq sahibinə təhvil verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Abşeron X9 Mərkəzinin xx.xx.2022-ci il tarixli MSHO/12-172-2022-53 nömrəli məktubundan müəyyən edilir ki, AZ 10 R 338 dövlət qeydiyyat nişanlı, JCB 3CX4T markalı, zavod № T02016126, mühərrik № U1621311, 2011-ci il buraxılışlı ekskavator yükləyici xx.xx.2014-cü ildən xx.xx.2022-ci il tarixə kimi Bakı şəhəri Bibi- Heybət qəsəbəsi Salyan yolu ev ö/t 3B-də yaşayan Cavabdeh2 (FİN: 3N3LYZZ) adına dövlət qeydiyyatındadır. xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixə kimi texniki baxışdan keçməmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT(071)-7/2022 nömrəli qərardadı ilə məhkəmədə mübahisə həll edilənədək (mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənə kimi), müvəqqəti təminat tədbiri kimi Cavabdeh2 məxsus olan AZ 10 R 338 dövlət qeydiyyat nişanlı, JCB 3CX4T markalı, zavod № T02016126, mühərrik № U1621311, 2011-ci il buraxılışlı ekskavator yükləyicinin üzərinə həbs qoyulmuşdur. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasın ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, Cavabdeh1 atası Cavabdeh2 məxsus olan AZ 10 R 338 dövlət qeydiyyat nişanlı “JCB 3CX4T” markalı ekskavator - yükləyicini etibarnamə olmadan idarə etməklə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olduğu, həmçinin Cavabdeh2 etibarnamə olmadan ekskavator - yükləyicini idarə etmək üçün oğlu Cavabdeh1 verməsi qanuni qüvvəyə minmiş qərarla sübuta yetirildiyindən, həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə onların mülki hüquqi məsuliyyəti yaranmışdır. Bu səbəbdən iddiaçı vurulmuş zərərin ödənilməsini zərər vurandan və yüksək təhlükə mənbəyi olan ekskavator - yükləyicinin sahibindən tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı məxsus olan “DAF XF95480” markalı C0007 OC 96 Rus qeydiyyat nişanlı yük avtomobilinə vurulmuş maddi zərərin əvəzi olaraq 31.105 manat və ödənilmiş 213 manat dövlət rüsumu tutalaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı məxsus olan “DAF XF95480” markalı C0007 OC 96 Rus qeydiyyat nömrə nişanlı yük avtomobilinə vurulmuş maddi zərərin əvəzi olaraq 31.105 manat və ödənilmiş 213 manat dövlət rüsumu olmaqla, cəmi 31.318 (otuz bir min üç yüz on səkkiz) manat pul tutalaraq İddiaçı verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar