Məhkəmə qərarları › İş №2(071)-451/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-451/2022

08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-451/2022 08.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 06.04.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 23.11.2009-cu il tarixli kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23.11.2009-cu il tarixli 055A********** saylı kredit müqaviləsi üzrə yaranmış 1.604,95 manat əsas borc, 195,92 manat faiz borcu və 5.218 manat cərimə olmaqla, cəmi 7.018,87 manat borcun və ödənilmiş 90,19 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 23.11.2009-cu il tarixli 05A000017116 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 3% olmaqla 9 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh1 2.000 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Onun götürdüyü kredit borcundan 1.604,95 manat kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 18.02.2022-ci il tarixə 4197 gün üçün hesablanmış faiz borcu 195,92 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün 20 manat cərimə ödəməlidir. 18.02.2022-ci il tarixə 4197 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 5.218 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə, rəsmi qaydada məlumat verilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdehlər gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı QSC-nin nümayəndəsi Nicat Ələkbərov 08.06.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsinə dair ərizəsini, iş materiallara əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 23.11.2009-cu il tarixli 055A********** saylı kredit müqaviləsinə əsasən İddiaçı QSC borcalan Cavabdeh1 9 ay müddətinə aylıq faiz dərəcəsi 3 faiz olmaqla 2.000 manat kredit vermişdir. Kredit müqavilələri üzrə borcalan Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə İddiaçı QSC arasında 23.11.2009-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh2 borcalan Cavabdeh1 öhdəliklərinin icrası üçün bank qarşısında borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcu vaxtında lazımi qaydada ödəməmiş və öhdəliyin icrasını gecikdirmişdir. 28.03.2022-ci il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh1 23.11.2009-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı QSC-yə 18.02.2022-ci il tarixə 1.604,95 manat əsas borcu, 195,92 manat faiz borcu, 5.218 manat cərimə olmaqla, cəmi 7.018,78 manat borcu vardır. Məhkəmə hesab edir ki, müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış 5.218 manat dəbbə pulu azaldılaraq 100 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 23.11.2009-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borc yalnız borclu Cavabdeh1 tutulmalıdır. Zamin Cavabdeh2 ilə kreditor İddiaçı QSC arasında bağlanmış 23.11.2009-cu il tarixli 05GO000017048 zaminlik müqaviləsinin müddəti 23.11.2009-cu il tarixli kredit müqaviləsinin müddətinin bitdiyi gün, yəni 23.08.2010-cu il tarixdə başa çatdığına və kreditor 12 ildən sonra 06.04.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə, 23.11.2009-cu il tarixli kredit müqaviləsi üzrə verilmiş borc zamindən tələb edilə bilməz. 23.11.2009-cu il tarixli müqavilə üzrə Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Hazırda zamin borcun ödənilməsi üçün məsuliyyət daşımır. Çünki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 23.11.2009-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 1.604,95 manat əsas borc, 195,92 manat faiz borcu, 100 manat cərimə və 90,19 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.991,06 manat pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. İddia tələbi - cavabdeh (borcalan) Cavabdeh1 qarşı qalan hissədə, yəni 5.118 manat dəbbə pulunun tutulması hissəsində rədd edilməlidir. İddia tələbi - cavabdeh (zamin) Cavabdeh2 qarşı hissəsində tam rədd edilməli, 23.11.2009-cu il tarixli zaminlik müqaviləsi üzrə zamin Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (borcalan) Cavabdeh1 23.11.2009-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 1.604,95 manat əsas borc, 195,92 manat faiz borcu, 100 manat cərimə və 90,19 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.991,06 (min doqquz yüz doxsan bir manat altı qəpik) manat pul tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi - cavabdeh (borcalan) Cavabdeh1 qarşı qalan hissədə, yəni 5.118 manat dəbbə pulunun tutulması hissəsində rədd edilsin. İddia tələbi - cavabdeh (zamin) Cavabdeh2 qarşı hissəsində tam rədd edilsin. 23.11.2009-cu il tarixli zaminlik müqaviləsi üzrə zamin Cavabdeh2 zaminliyinə xitam verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar