Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-487/2023 13.06.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən satılmış otun dəyəri kimi 4500 manat pulun, əldən çıxmış fayda kimi 8000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 126 manat pulun alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin yanvar-mart aylarında uzun müddətdir tanıdığı cavabdehə dəyəri 6000 manat olan ot bağlaması satmışdır. Cavabdeh otun pulundan 1500 manatı ödəsə də, qalan 4500 manatı bu günədək ödəməmiş, müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınır. Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(071)-9/2022 saylı hökmündə cavabdehin pul borcunu etiraf etməsi barədə özünün və oğlu X1 ifadələri öz əksini tapmışdır. Onun əsas dolanışıq mənbəyi yay mövsümündə ot satışından əldə etdiyi gəlirdir. Cavabdehin onun pulunu vaxtında ödəməməsi səbəbindən növbəti ot yığımını təşkil etmək üçün otu biçdirib bağlamaq üçün texnika icarəyə götürmək, fəhlə qüvvəsi cəlb etmək və s. üçün dövriyyəsində pul olmamış, buna görə də 2021 və 2022-ci illərin yay mövsümündə ildə azı 4000 olmaqla son 2 ildə 8000 gəlirdən məhrum olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, onun iddiaçıya heç bir borcu yoxdur. O, iddiaçıdan heç vaxt ot bağlaması almamışdır. İddiaçının heç vaxt ot bağlaması olmamış, onun satışı ilə məşğul olmamışdır. İddia tələbində göstərilənlərin hamısı yalandır. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündə onun ifadələri təhrif olunmuş, ifadəsi hökmdə düzgün yazılmamışdır. O, cinayət işinə məhkəmədə baxılarkən Bəhruzdan ot bağlaması alması və Bəhruza borcunun olması barədə ifadə verməmişdir, bu barədə hər hansı sənədə imza etməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə, X2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.3-cü maddələri ilə təqsirli bilinmələrinə dair qanuni qüvvəyə minmiş Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(071)-9/2022 nömrəli hökmündən görünür ki, həmin cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmış Cavabdeh məhkəmə istintaqı zamanı ifadəsində bildirmişdir ki, ...onun fermer təsərrüfatı var. 2021-ci ilin mart ayında İddiaçı 4000 manat dəyərində 200 ədəd ot presi almışdır. 1700 manatını ödəmiş, 2300 manat borcu qalmışdır. Bəhruza olan borcunu 2021-ci ilin iyun ayına kimi ödəməli idi. O, xx.xx.2021-ci il tarixdə Sabirabada gedən zaman onun istifadəsində olan mobil nömrəyə zəng gəlmişdir. Telefondakı şəxs dedi ki, Əlisəfanın oğlu Ziyadır danışan. Dedi ki, “Bəhruza pul borclusan, sən həmin pulu mənə verəcəksən”. O, Ziyaya bildirmişdir ki, ona maraqlı deyil Ziya kimdir. Sonra Bəhruzla danışmış və ona vaxt verilməsini xahiş etmiş, hazırda pulu olmadığını, bir nəfərin ona borclu olduğunu, pulu alan kimi onun borcunu ödəyəcəyini bildirmişdir. Bəhruz isə ona “mən səni həvalə etdim Ziyaya, onunla söhbət edərsən” demişdir... Bundan başqa, məhkəmənin həmin hökmündən görünür ki, təqsirləndirilən şəxs qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 19 radələrində evdə olan zaman atası Cavabdeh telefonla əsəbi halda danışdığını görmüşdür. Telefonu atasının əlindən alıb danışmış və danışanın kim olduğunu soruşmuşdur. Telefondakı şəxs adının Famil olduğunu, atası Qasımın Bəhruza borcunun olduğunu bildirmişdir. O, Familə telefonu Bəhruza verməsini demişdir. Bəhruz telefonda bildirmişdir ki, o, pulun alınmasını Ramilə və Familə həvalə etmişdir. X5 4000 manat dəyərində ot almışdı və Bəhruza 1700 manat ödəmişdir, 2300 manat borcu qalmışdır. X3 toyundan yığılan puldan Bəhruza olan borcu ödəmək istəyirdilər. Bu səbəbdən borcu qaytarmaq üçün bir ay möhlət istəmişdir. Məhkəmənin hökmündə təqsirləndirilən şəxs X1 və zərər çəkmiş şəxs Cavabdeh ifadələrinin düzgün əks etdirilməsinin müəyyən edilməsi məqsədi ilə 1(071)-9/2022 nömrəli cinayət işinin materiallarından xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının protokolunun surəti çıxarılaraq mülki işin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının protokolu məhkəmə baxışı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X1 və zərər çəkmiş şəxs Cavabdeh ifadələri hökmdə iclas protokolunda olduğu kimi əks etdirilmişdir. Bundan başqa, cinayət işinin materiallarından əldə edilmiş üzləşdirmə keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı müstəntiq tərəfindən Cavabdeh ilə İddiaçı arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Cavabdeh bildirmişdir ki, qarşısında oturan şəxs əvvəlcədən tanıdığı ot alveri etdiyi Bəhruzdur. Onunla arasında düşmənçilik və ədavət yoxdur. xx.xx.2021-ci il tarixdə Bəhruz ona zəng edərək Rövşənin işlətdiyi “Nur” kafesində əyləşdiyini və onu gözlədiyini bildirmişdir. Bundan başqa, Bəhruz ona aralarında olan pul məsələsini Ziyaya həvalə etdiyini və borcunu Ziyaya verəcəyini bildirmişdir. Bu vaxt Ziya telefonu götürərək ona demişdir ki, tez bura gəl, yoxsa evinizə gələcəm. Bundan sonra o, Bəhruza zəng edərək hal-hazırda pulunun olmadığını, bir nəfərin ona borcu olduğunu və pulu alan kimi borcunu ödəyəcəyini bildirmişdir. Üzləşmə zamanı İddiaçı da qarşısında oturan şəxsin ot alveri etdiyi Cavabdeh olduğunu, ot alveri nəticəsində Cavabdeh ona borcunun yarandığını bildirmişdir. Üzləşdirmənin sonunda həm Cavabdeh, həm də İddiaçı üzləşdirmə zamanı verdiyi ifadəsinin düzgün olduğunu qeyd edərək protokolu imzalamışlar. Göründüyü kimi, məhkəmə baxışı zamanı Cavabdeh izahatında iddiaçıya heç bir borcunun olmadığını, iddiaçıdan heç vaxt ot bağlaması almadığını, iddia tələbində göstərilənlərin yalan olduğunu bildirsə də, cavabdehin bu izahatı məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təkzib edilir. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işi üzrə üzləşdirmə keçirilməsi haqqında protokolda, məhkəmə iclas protokolunda və məhkəmə hökmündə olan zərər çəkmiş şəxs qismində dindirilmiş cavabdehin özünün və təqsirləndirilən şəxs qismində dindirilmiş oğlu Xəyyamın ifadələrindən müəyyən olunur ki, İddiaçı Cavabdeh 2021-ci ilin əvvəllərində ot bağlamalarını nisyə satmış və bunun nəticəsində cavabdehin iddiaçıya borcu yaranmışdır. Məhkəmənin cinayət işi üzrə müəyyən etdiyi hal isə ondan ibarət olmuşdur ki, təqsirləndirilən şəxs X4 atası Cavabdeh ilə İddiaçı arasında olan pul mübahisələrinə aydınlıq gətirilməsi məqsədi ilə cinayət hadisəsi baş verən yerə getmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı cavabdeh izahatında Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündə onun ifadələrinin təhrif olunduğunu və düzgün yazılmadığını, cinayət işinə məhkəmədə baxılarkən Bəhruzdan ot bağlaması alması və Bəhruza borcunun olması barədə ifadə vermədiyini, bu barədə hər hansı sənədə imza etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin izahatının bu hissəsi də iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, cavabdeh təkcə cinayət işi üzrə məhkəmə istintaqının aparıldığı zaman deyil, həm də ibtidai istintaqın aparıldığı dövrdə iddiaçı ilə onun arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı da iddiaçıya borcunun olduğunu və həmin borcu verəcəyini bildirmiş, üzləşdirmə istintaq hərəkəti zamanı tərtib edilmiş protokolu imzalayaraq üzləşdirmə zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Bundan əlavə, məhkəmə iclasında 1(071)-9/2022 nömrəli cinayət işinin materialları tədqiq edilərkən müəyyən edilmişdir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli hökmü cinayət prosesinin iştirakçılarına, o cümlədən zərər çəkmiş şəxs Cavabdeh göndərilmiş və hökmdən narazı qalan zərər çəkmiş şəxs apellyasiya şikayəti vermişdir. Lakin, zərər çəkmiş şəxs Cavabdeh nə məhkəmə iclas protokolunda onun ifadəsinin düzgün yazılmaması, ifadəsinin təhrif olunması ilə bağlı Cinayət Prosessual Məcəlləsinin 51.7-ci maddəsinə əsasən protokola qeyd verməmiş, nə də bu barədə apellyasiya şikayətində hər hansı fikir bildirməmişdir. Bütün bunlar isə məhkəmənin hökmündə və məhkəmə iclas protokolunda cavabdehin (zərər çəkmiş kimi) verdiyi ifadənin təhrif olunmamasını, ifadənin düzgün əks etdirilməsini və şübhəyə yer verməməsini deməyə əsas verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu mənada məhkəmə hesab edir ki, cavabdehin məhkəmə iclasında verdiyi izahat məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təkzib olunur. Bunun əksinə, iddiaçının məhkəmə iclasında verdiyi izahatın “cavabdehə ot bağlamalarını satması və bu alqı-satqı nəticəsində cavabdehin ona borcunun yaranması” hissəsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla uzlaşır. Bu səbəbdən məhkəmə, iddiaçının izahatının həmin hissəsini mötəbər sübut kimi qiymətləndirir. Bununla yanaşı məhkəmə, iddiaçı tərəfindən cavabdehə satılmış ot bağlamalarının dəyəri, alınmış ot bağlamalarına görə ödənilmiş vəsaitin miqdarı ilə bağlı aşağıdakıları qeyd edir: Mülki Prosesual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə 6000 manat dəyərində ot bağlaması satmasını iddia etsə də, iş materiallarında olan sübutlarla müəyyən olunur ki, cavabdeh özü və oğlu Xəyyam ifadələrində cavabdehin iddiaçıdan 4000 manat dəyərində ot bağlamasını aldığını bildirmiş, iddiaçı isə cavabdeh və onun oğlunun bildirdiyindən daha artıq dəyərdə ot bağlamasını cavabdehə satmasını sübut edə bilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Bundan başqa, cavabdeh ifadəsində aldığı ot bağlamalarının dəyəri kimi iddiaçıya 1700 manat pul verdiyini bildirsə də, bunu təsdiq edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, lakin iddiaçı cavabdehin ondan aldığı ot bağlamalarının dəyəri kimi ona 1500 manat ödəniş etdiyini ərizəsində göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında ot bağlamalarının nisyə alqısatqısı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti əmələ gəlmişdir. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə ot bağlamalarını nisyə olaraq satmış, cavabdeh isə həmin əşyaların dəyərinin bir hissəsini iddiaçıya ödəmişdir. İddiaçı cavabdehə iddia ərizəsində göstərilən məbləğdə əşyanı nisyə satmasını sübut edə bilməmişdir. Cavabdeh isə ifadəsində göstərdiyi məbləğdə (1700 manat) iddiaçıya ödəniş etməsini sübut edə bilməmişdir. Bununla belə, cavabdeh ifadəsində iddiaçıdan 4000 manat dəyərində əşyanı almasını bildirdiyindən və iddiaçı cavabdehin ona 1500 manat pul vəsaitinin ödənilməsini etiraf etdiyindən, iddia tələbi mövcud sübutlar əsasında qismən təmin edilməli, nisyə satılmış əşyaların (ot bağlamalarının) dəyəri kimi 2500 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddianın “8000 manat məbləğində pulun əldən çıxmış fayda kimi cavabdehdən tutulması”na dair hissəsini də araşdıraraq qeyd edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, iddiaçı Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən cavabdehin pul öhdəliyini vaxtında yerinə yetirməməsi ilə əlaqədar həmin pul vəsaiti hesabına adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri ona dəymiş zərər kimi tələb edə bilərdi. Lakin, iddiaçı cavabdehə satdığı əşyanın dəyərinin vaxtında ödənilməsi halında halında adi mülki dövriyyə şəraitində 8000 manat məbləğində gəlir əldə edəbiləcəyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 25,80 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 25,80 manat (iyirmi beş manat, səksən qəpik) pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №2(071)-487/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-487/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver