Məhkəmə qərarları › İş №2(071)-49/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-49/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-49/2025 15.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavadehdən 900 manat əsas borc, 141,45 manat faiz borcu, 30,81 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1072,26 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,73 manat məbləğində pulun "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizə-anket və onun ayrılmaz tərkib hissəsi olan ümumi oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 28% ödəmək şərtilə 900 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 29 oktyabr 2024-cü il tarixinə "xxxx" KB ASC-yə 900 manat əsas borc, 141,45 manat faiz borcu, 30,81 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1072,26 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiasına iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC tələbində ona istehlak məqsədi ilə 36 ay müddətinə illik 28 faizlə 900 (doqquz yüz) manat məbləğində kredit verilməsini əsas göstərmişdir. Həmin borcla bağlı onu qeyd etmişdir ki, kreditin faizi olduqca çox olmaqla bərabər faizlərin hesablanması onda şübhə yaratmışdır. Belə ki, o, krediti alanda bank əməkdaşına mövcud vəziyyətini bildirmiş və ona aşağı faizlə güzəştli şərtlərlə kredit verilməsini xahiş etmişdir. O, bank əməkdaşına bu fikirini dedikdən sonra o da demişdir ki, “narahat olma biz sənə aşağı faiz və şərtlərlə kredit verəcəyik”. Cavabdeh də buna inanıb həmin krediti götürmüşdür. O, həmin kreditdən bacardığı qədər ödəmiş və indi məlumatı olmuşdur ki, onun banka bu qədər çox borcu qalmışdır. Ona görə də, məhkəmə iclasında iştirak etmək və izahat vermək istədiyini bildirmişdir. Əlavə olaraq qeyed etmişdir ki, o, “Aprel döyüşləri”nin iştirakçısıdır və təltif olunmuşdur, həm də 44 günlük Vətən Müharibəsində iştirak edərək “müharibə iştirakçısı” və medallarla təltif olunmuşdur. Müharibədən sonra onda müəyyən problemlər yarandığı və müalicəyə ehtiyacı yarandığı üçün kredit götürmüşdür. Sonra işsiz qalmış və həmin krediti ödəyə bilməmişdir. Hazırda işğaldan azad olunmuş ərazilərdə yeni quruculuq işləri üzrə tikinti işində fəhlə kimi işləyir. Həmin kredit üzrə faizlərdə güzəşt edilsə, faiz üzrə hesablanmalar dayansa və aylıq ağlabatan məbləğ olarsa, ödəməyə hazırdır. Etirazının əsaslı olduğuna dair kifayət qədər əsasları vardır. Lakin, digər zəruri halları məhkəmə iclasında göstərəcəkdir. Verilən iddianı bir mənalı şəkildə qəbul etmir. İddiaya qarşı qarşılıqlı iddia hazırlayacaqdır. Odur ki, iddiaçı "Unibank” Kommersiya Bankı ASC-in ona qarşı borcun tutulması tələbinə dair iddiasına iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC xx.xx.2024-cü il tarixdə ərizə göndərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin və iddiaçının iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertaya əsasən müəyyən edilir ki, bank - "xxxx" KB ASC müştəriyə - Cavabdeh kredit limiti ayırmağı, bank hesabı açmağı və kart təqdim etməyi təklif etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizəyə əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli oferta ilə tanış olmuş və qəbul etmişdir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* saylı maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh 6822sİNSHBb/22 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 900 manat əsas borc, 141,45 manat faiz borcu, 30,81 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1072,26 manat məbləğində borcu vardır. Məhkəmə cavabdehin yazılı etirazına münasibətdə qeyd edir ki, Cavabdeh etiraz məktubunda bank tərəfindən borca hesablanmış faiz məbləğinin yüksək olmasını, bunun üçün sübutları olduğunu, məhkəmə iclasında dinlənilmək istədiyini vs. kimi qeydlər etsə də, məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmiş, habelə etirazda qeyd olunan halları təsdiqləyə biləcək subutları məhkəməyə göndərməmişdir. Sadalanan hallara əsasən, məhkəmə, cavabdehin yazılı etirazını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 900 manat əsas borc, 141,45 manat faiz borcu, 30,81 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1072,26 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,73 manat məbləğində pul iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdeh 900 manat əsas borc, 141,45 manat faiz borcu, 30,81 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1072,26 (min yetmiş iki manat iyirmi altı qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,73 manat (otuz manat yetmiş üç qəpik) pul alınaraq "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar