Məhkəmə qərarları › İş №2(071)-497/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-497/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-497/2025 21.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh 3300 manat məbləğində pulun, katalizator və şitin geri qaytarılması, həmin cihazlar olmadığı təqdirdə onların ümumi dəyəri olan 900 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, özünə məxsus “Opel Astra” markalı avtomobilin təmiri üçün 2024-cü ilin sentyabr ayında usta kimi tanıdığı Cavabdeh ilə 3.300 manata şifahi razılaşaraq avtomobili tam olaraq bərpa edib 2 ay müddətinə ona təhvil verməsi barədə sonuncu üzərinə öhdəlik götürmüşdür. O, Cavabdeh ilk əvvəl 1800 manat, daha sonra köçürmə yolu ilə 1500 manat onun kart hesabına göndərmişdir. Razılaşmaya əsasən o, öhdəliyini icra etməsinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və avtomobili təmirli vəziyyətdə ona təhvil verməmişdir. O, cavabdehdən dəfələrlə ona ödədiyi 3300 manat pulu geri qaytarmasını tələb etməsinə baxmayaraq, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. Bununla bağlı o, Hacıqabul Rayon Polis şöbəsinə müraciət etmiş və müraciəti araşdırılmış, onun və cavabdehin izahatları alınmışdır. Cavabdeh polis şöbəsinə verdiyi izahatında borclu olduğu 3300 manat pul məbləğini, həmçinin öz üzərinə götürdüyü öhdəliyi etmədiyini də etiraf etmişdir. Ərizədə həmçinin qeyd edilmişdir ki, avtomobil 2024-cü ilin sentyabr ayından bugünə qədər ustaya məxsus sexdədir. Bundan başqa, avtomobilin katalizatoru və şiti sökülmüş harada olması barədə məlumatsızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, iddianı müdafiə edir. Cavabdeh təmir üçün verdiyi nəqliyyat vasitəsi 13 aydır ki cavabdehdədir. O, Cavabdeh ümumilikdə 3300 manat məbləğində pul vermişdir. Bundan başqa, avtomobili təmirə verərkən onun katalizator və şiti yerində olmasına baxmayaraq, hazırda sexdə olan avtomobilə yerində baxış keçirən zaman müəyyən etmişdir ki, həmin cihazlar yerində deyildir. Həmin cihazların naturada qaytarılmasını, əks halda dəyərinin ona ödənilməsini tələb edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh avtomobil üzərində müəyyən təmir-bərpa işlərini görməsini inkar etmir. Lakin, onlar arasında olan razılaşmaya əsasən cavabdeh sözügedən nəqliyyat vasitəsini tam şəkildə təmir etdikdən sonra ona qaytarmağı üzərinə öhdəlik kimi götürmüşdür. “X4 və Ticarət” müəssisəsinin mütəxəssisi X3 tərəfindən verilmiş rəylə razı deyil. Həmin rəydə avtomobil üzərində görülmüş işlərinin dəyəri həddindən artıq çox qeyd edilmişdir. Hazırda tələbi onun tərəfindən cavabdehə ödənilmiş pul vəsatinin qaytarılması deyil, avtomobilin Cavabdeh tərəfindən tam şəkildə təmir edildikdən sonra ona verilməsindən ibarətdir və bu barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə dəqiqləşmə ərizəsinin verilməsini təklif etsə də, tələbinə iddia ərizəsində qeyd edilmiş həcmdə baxılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddia tələbini qəbul etmir. Belə ki, katalizator və şitlə bağlı hissədə iddia tələbini qəbul etmir. Həmin detallar nəqliyyat vasitəsinin üzərində olmuş, daha sonra o, detalları söksə də, hazırda sözügedən iki detalın harada olması barədə məlumatı yoxdur. Güman edir ki, katalizator və şit sexdə qaldığı müddətdə başqa şəxslər tərəfindən oğurlanmışdır. Lakin qeyd etdiyi halları təsdiq edəcək sübutları yoxdur. Avtomobil ona təhvil verilərkən həmin detallar üzərində olsa da sonradan hansı şəraitdə itməsini bilmir. Verilmiş suallara əsasən əlavə olaraq bildirmişdir ki, o, İddiaçı 3300 manat məbləğində pul almış, iddia ərizəsində qeyd olunmuş detallar nəqliyyat vasitəsi ona təhvil verilən zaman üzərində olmuşdur. Həmin pulun müqabilində İddiaçı məxsus nəqliyyat vasitəsinin üzərində müəyyən təmir-bərpa işləri görmüş, avtomobili tam rəngləmiş, öz işi bitdikdən sonra elektrik işlərini həll etməsi üçün digər ustaya vermişdir. Əlavə olaraq bildirmişdir ki, avtomobilin bərpası zamanı hətta öz büdcəsindən də müəyyən vəsait ayırmışdır. Lakin qeyd olunan vəsait hesabına avtomobilin tam təmir edilərək bərpası mümkün olmamışdır. O, razılaşdırılmış vəsaitdən yaranmış zərurətlə bağlı əlavə ödəniş etməsi ilə bağlı iddiaçıya müraciət etsə də, sonuncu əlavə ödənişdən də imtina etmiş, həmçinin avtomobili təhvil almamışdır. Hazırda “X4 və Ticarət” müəssisəsinin mütəxəssisi X1 ifadəsində göstərdiyi avtomobil üzərində görülməmiş işlərin dəyərinin 300 manatdan artıq olduğunu bildirmişdir. Bu məbləğlə də razı deyil, əksinə iddiaçının onun görülmüş əlavə işlərə görə borcu var. Məhkəmə iclasında iştirak edən “X4 və Ticarət” müəssisəsinin mütəxəssisi X3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, İddiaçı məxsus “Opel Astra” markalı avtomobilin ilkin vəziyyətinə baxış zamanı dəyən güclü zərbə nəticəsində ön hissəsinin bütövlükdə əzildiyi müəyyən edilmiş, həmin nəqliyyat vasitəsinin 75% hissəsi istismara yararsız vəziyyətə düşdüyü müşahidə edilmişdir. Hesab edir ki, bu cür istismara yararsız vəziyyətə düşmüş nəqliyyat vasitələrinin bərpası, həmin nəqliyyat vasitəsinin tam şəkildə təmir edilməsi və yenidən istifadəyə yararlı hala gətirilməsi onun satışından daha çox xərc tələb etmişdirş Belə ki, həmin nəqliyyat vasitəsinin ön hissəsinə ciddi zərər dəydiyindən və sözügedən hissədə avtomobil üçün xüsusi əhəmiyyət kəsb edən detallar (mühərrik və s.) olduğundan təmir-bərpa işləri mülkiyyətçi üçün kifayət qədər məsrəfli olduğunu qeyd etmişdir. Nəqliyyat vasitəsinə keçirdiyi baxış zamanı avtomobilin ilkin vəziyyətindən hazırki vəziyyətə gətirilməsi üçün təmirçi tərəfindən müəyyən işlər görüldüyünü, xüsusən avtomobilin bütün hissələrinin rəngləndiyini, sırf bu rəngləmənin belə orta hesabla 1000 manat məbləğində olduğunu, dəmirçi işinin də kifayət qədər görüldüyünü, həmin işin də aşağı hesabla 800 manat məbləğində olduğunu bildirmişdir. Hazırda rəydə təmir-bərpa xərclərini, usta işlərini, onların dəyərini kifayət qədər əsaslandırmış, ümumi görülmüş işlərin dəyərinin isə 4690 manat məbləğində olduğunu rəyin sonunda qeyd etmişdir. Bundan başqa, sözügedən nəqliyyat vasitəsinin yenidən bərpası və istismara tam yararlı vəziyyətə gətirilməsi üçün görülməmiş işlər sırasında mühərrik, elektrik və çilingər işi qalmış, dəmirçi və rəngsaz işi isə artıq görülmüşdür. Bu baxımdan, avtomobilin istismara tam yararlı vəziyyətə gətirilməsi üçün sadəcə usta pulu daxil olmaqla 300 manat mabləğ vəsait kifayət edir. Həmçinin, “Opel Astra” markalı avtomobilə baxış zamanı iddiaçının ərizəsində qeyd etdiyi detallarla yanaşı, katalizator, kollektor, qoşa torba və orta qazan kimi detalların olmadığını, həmin detalların ümumilikdə dəyərinin 485 manat olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə ödənilmiş 3300 manat məbləğində pul vəsaitinin “Opel Astra” markalı avtomobilin istismara yararlı hala gətirilməsi üçün kifayət qədər az olduğunu, belə işlərin ustalar tərəfindən 5000-6000 manat civarında vəsait hesabına edildiyini bildirmişdir. Cavabdeh isə aldığı 3300 manat müqabilində isə “Opel Astra” markalı avtomobil üçün yeni detallar almaq üçün istifadə etmiş, verilmiş vəsaitlə təmir-bərpa xərclərinin mütənasibliyini düzgün qiymətləndirməmiş, nəticədə verilmiş vəsait avtomobilin istifadəyə yararlı hala salınması üçün kifayət etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusu əsasında Hacıqabul Rayon Polis Şöbəsinin İddiaçı müraciəti əsasında araşdırma zamanı toplanmış material xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Materiala əlavə edilmiş və hazırki mülki iş üzrə Cavabdeh Hacıqabul RPŞ-yə verdiyi izahatdan görünür ki, o, hal-hazırda Hacıqabul şəhəri, İ.Qayibov küçəsində yerləşən İlqar adlı şəxsə məxsus olan maşın təmir sexində dəmirçi-malyar işləyir. İddiaçı adlı şəxsi uzun müddətdir ki, tanıyır. Onunla münasibəti normaldır. Cavad təxminən avqust ayında özünə məxsus olan “Opel Astra” markalı avtomobili ilə yol nəqliyyat hadisəsi törətdiyi üçün işlədiyi sexə gətirmiş və maşını təmir etməsini, eyni zamanda onun usta tanışları olmadığı üçün digər ustalarla da danışmasını və ona köməkilik etməsini bildirmişdir. Bundan sonra o, Cavadla razılaşmış, bu təmir xərcləri qarşılığında Cavad ona 3300 manat məbləğində pul vermiş və o, təmir prosesinə başlamışdır. Avtomoibil üzərində uzun müddət təmir işləri aparmış, avtomobilin dəmir işlərini, boya işlərini, və s digər işləri görmüş, lakin təmir əsnasında avtomobilin bəzi detalları alınmalı olunmuş, lakin Cavad həmin detalları almadığı üçün təmir prosesi gecikmişdir. Hal-hazırda o, avtomobil üzərində 3300 manatlıq tam təmir etmiş, geri qalan təmir işlərini bitirmək üçün əlavə detallar alınmalı olduğundan İddiaçı həmin detalları aldıqdan sonra təmir-bərpa işlərini bitirəcəyini qeyd etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdeh tərəf hazırlıq iclası zamanı özünün rəngsaz olduğunu bildirib və yalnız avtomobilin rəng işlərinə dair təmirini üzərinə götürdüyünü qeyd etmişdir. Həmçinin avtomobilin motorxanası və digər texniki hissələri ilə bağlı heç bir məsuliyyət daşımadığını bildirməklə, bu sahələrdəki hər hansı problemdən özünü məsuliyyətdən azad etməyə çalışmışdır. Eyni zamanda avtomobildə bəzi hissələrin yerində olmaması ilə bağlı olaraq, bu hissələrin üçüncü şəxslər tərəfindən oğurlandığını iddia edərək, məsuliyyətdən yayınmağa cəhd etmişdir. xx.xx.2024-cü il tarixində avtomobil təmir üçün qarşı tərəfə təhvil verərkən razılaşma əsasında avtomobilin yalnız 3300 manatlıq təmir xərci ilə, maksimum 60 gün ərzində işlək və yararlı vəziyyətdə təhvil veriləcəyi vəd olunmuşdur. Təqdim etdiyi sübutlarda da açıq şəkildə qeyd olunduğu kimi təmirin bütün məsuliyyəti qarşı tərəfin üzərində olmuşdur. Lakin, əksinə olaraq, avtomobilin təmir olunmadığı, üzərindəki bir sıra hissələrin, o cümlədən katalizator və salon şitinin müəyyən hissələrinin yerində olmadığı müşahidə olunmuşdur. Eyni zamanda, avtomobili hələ də ona təhvil verilməmiş və ustada saxlanılarkən açıq havada, şəraitsiz vəziyyətdə qalaraq əlavə zərərlərə məruz qalmışdır. Odur ki, avtomobilin hal-hazırkı texniki vəziyyəti ilə bağlı əlavə ekspertizanın aparılmasını, açıq havada və qeyri-münasib şəraitdə saxlanılması nəticəsində dəymiş mümkün əlavə zərərlərin qiymətləndirilməsini, avtomobilin artıq istifadəyə yararsız olub-olmaması barədə rəy verilməsi və ekspertiza xərcinin təqsirli olan tərəfdən alınaraq ona qaytarılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə, iş materiallarını və tərəflərin izahatlarını təhlil etdikdən sonra ixtisaslaşmış texniki biliklər tələb edən məsələlərlə bağlı mübahisənin mahiyyəti üzrə düzgün həll olunması üçün xx.xx.2025-ci il tarixli, 2(071)-497/2025 saylı qərardad əsasında iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubu ilə 0278 saylı hesabat məhkəməyə daxil olmuş, xx.xx.2025ci il tarixli, 2(071)-497/2025 saylı qərardad əsasında mülki iş üzrə icraat təzələnmişdir. "xxxx" MMC-nin 0278 saylı hesabatı üzrə mütəxəssis rəyinin nəticəvi hissəsində aparılmış araşdırma zamanı “Opel Astra” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə məxsus katalizatorun 2024-cü il üzrə bazar dəyəri 189 manat, işçilik (təmir-bərpa) xərci 95 manat, idarəetmə panelinin 2024-cü il üzrə bazar dəyəri 123 manat, işçilik (təmir-bərpa) xərci 47 manat olduğu müəyyənləşdirilmişdir. Bundan başqa, mütəxəssis rəyinə əlavə edilmiş elektron ödəniş qəbzinin surətindən görünür ki, keçirilmiş tədqiqatın dəyəri olan 350 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-497/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə müstəqil mütəxəssis cəlb edilmiş, rəyin verilməsi “X4 və Ticarət” müəssisəsinə həvalə edilmişdir. “X4 və Ticarət” müəssisəsinin mütəxəssisi X3 xx.xx.2025-ci il tarixli rəy aktında göstərilmişdir ki, mütəxəssis tərəfindən İddiaçı məxsus və Cavabdeh tərəfindən həyata keçirilmiş təmir-bərpa işlərinin (ön kapot – 01 ədəd, 70 manat; ön sağ və sol qanad – 02 ədəd, 50 manat; ön “şiveller” – 01 ədəd, 40 manat; kuzanın ön hissəsi 01 dəst, 450 manat; şit cihazları 01 ədəd, 100 manat; göstərici cihazlar – 01 dəst, 50 manat; mühərrik başlığı 01 dəst, 250 manat; mühərrik başlığının quraşdırılması – 150 manat; sükan idarəetmə mexanizmi – 01 dəst – 150 manat; tormozun vakumu və silindiri – 01 dəst, 70 manat; tormozun “ABS”i – 01 dəst, 80 manat; “ejektor” və kollektor – 01 dəst 120 manat; “peç” – 01 dəst, 100 manat; kondeksionerin truba və “şlanqı” – 01 dəst, 40 manat; “zaslonka” və “farsunka” – 02 ədəd, 100 manat; ön hissə elektrik naqilləri – 01 dəst, 70 manat; su radiatoru – 01 ədəd, 60 manat; matar üst qapağı – 01 ədəd, 30 manat; şüşə silən mexanizm və alt örtüyü – 01 dəst, 75 manat; hava filtri qutusu – 01 ədəd, 50 manat; su qabı – 01 ədəd, 25 manat; ön “oblisovka” – 01 ədəd, 20 manat; iç qranat – 01 ədəd, 35 manat; mator ön başlığı və yastığı – 01 dəst, 55 manat; mator üst örtüyü – 01 ədəd, 20 manat; qaz pedalı – 01 dəst, 40 manat; kondensioner kompressoru – 01 ədəd, 100 manat; sükan və “perekulçatel” – 01 dəst, 80 manat; “starter” – 01 ədəd, 60 manat; dəmirçi işi – 800 manat; rəngsaz işi – 800 manat; armatur işi – 150 manat; elektrik işi – 150 manat; çilingər işi – 250 manat) ümumi dəyərinin 4690 manat məbləğində olduğu müəyyənləşdirilmişdir. Bundan başqa, mütəxəssis rəyində qeyd edilmişdir ki, nəqliyyat vasitəsinin yararlı hala salınması və ehtiyyat hissələrinin (armatur, elektrik və çilingər işi – 300 manat; kollektor – 50 manat; ön truba – 35 manat; katalizator – 250 manat; radio barr – 70 manat; orta qazan – 80 manat) ümumi dəyəri 785 manat məbləğində olduğu, rəyin yekununda mütəxəssisə ödənilən haqqın 30 manat olduğu və həmin haqqın İddiaçı tərəfindən ödənildiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2024-cü ilin sentyabr ayında ona məxsus “Opel Astra” markalı nəqliyyat vasitəsini təmir etdirmək məqsədilə Cavabdeh ilə razılaşmış, cavabdeh avtomobili tam bərpa edib 2 ay müddətinə işlək vəziyyətdə təhvil verməyi üzərinə öhdəlik kimi götürmüşdür. Bu məqsədlə iddiaçı cavabdehə ümumilikdə 3300 manat məbləğində vəsait ödəmiş, avtomobil isə təmir üçün cavabdehin sexində saxlanılmışdır. Lakin təmir prosesi başa çatdırılmamış, iddiaçı təmirin keyfiyyətindən və avtomobilin hazırkı vəziyyətindən narazı qalmışdır. O, həmçinin avtomobilin katalizator və şit kimi bəzi hissələrinin yerində olmadığını iddia etmiş və bu hissələrin ya qaytarılmasını, ya da dəyərinin ödənilməsini tələb etmişdir. İş üzrə toplanmış sübutlardan, o cümlədən cavabdehin və mütəxəssisin izahatlarından görünür ki, cavabdeh avtomobil üzərində müəyyən təmir-bərpa işləri həyata keçirmiş, avtomobilin kuzov, rəng və digər texniki hissələrinin bir hissəsini bərpa etmiş, görülmüş işlərin dəyəri “X4 və Ticarət” müəssisəsinin mütəxəssis rəyi ilə 4690 manat məbləğində müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, avtomobilin tam istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün əlavə 785 manat dəyərində işlərin görülməsi tələb olunur. Bu da göstərir ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 3300 manat yalnız görülmüş təmir-bərpa işlərinin bir hissəsini əhatə etmiş, tam bərpa üçün yetərli olmamışdır. Məhkəmə iclasında iddiaçı əvvəlcə cavabdehdən ödənilmiş pulun və hissələrin dəyərinin geri qaytarılmasını tələb etsə də, sonradan öz izahatında artıq pul deyil, avtomobilin yararlı vəziyyətdə ona qaytarılmasını istədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə təqdim edilmiş sübutları, tərəflərin izahatlarını, ekspert və mütəxəssis rəylərini hərtərəfli araşdıraraq hesab etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş pul tələbi hüquqi əsasdan məhrumdur. Belə ki, cavabdeh tərəfindən alınmış vəsait təmir işlərinin görülməsi məqsədilə xərclənmiş, bu barədə mütəxəssis rəyi və cavabdehin izahatı ilə təsdiq edilmişdir. Təmir işlərinin dəyəri 4690 manat məbləğində qiymətləndirilmiş və cavabdeh tərəfindən görülən işlər iddiaçının xeyrinə müəyyən dəyər yaratmışdır. Bu baxımdan, iddiaçının cavabdehdən 3300 manatın qaytarılması tələbi əsassız hesab olunur, çünki həmin vəsait qarşı tərəfin üzərinə götürdüyü öhdəliyin icrası zamanı sərf edilmişdir. Mülki qanunvericiliyə görə, öhdəliyin yerinə yetirilməsi üçün xərclənmiş vəsaitin geri qaytarılması yalnız öhdəlik icra edilmədiyi və ya əsassız varlanma halları müəyyən edildiyi təqdirdə mümkündür, lakin bu işdə belə hallar sübuta yetirilməmişdir. Digər tərəfdən, məhkəmə hesab edir ki, iddiaçının məhkəmə iclası zamanı irəli sürdüyü “nəqliyyat vasitəsinin təmir edilərək yararlı vəziyyətdə geri qaytarılması” tələbi hazırkı işin predmetinə daxil deyil. Belə ki, məhkəməyə təqdim edilən ilkin iddia ərizəsi sırf pul vəsaitinin və bəzi hissələrin dəyərinin ödənilməsi ilə bağlı olmuş, nəqliyyat vasitəsinin bərpasına və ya təhvilinə dair tələbləri əhatə etməmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, məhkəmə yalnız iddia ərizəsində göstərilən predmet və əsaslar çərçivəsində qərar qəbul edə bilər və bu sərhədləri aşmaq səlahiyyətinə malik deyildir. Odur ki, iddiaçının sonradan səsləndirdiyi “avtomobilin təmir olunub qaytarılması” barədə tələbi işin predmeti xaricində olduğundan, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Nəticə etibarilə, məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən görülən təmir-bərpa işləri iddiaçıya qarşı öhdəliyin icrası çərçivəsində həyata keçirilmiş, iddiaçı tərəfindən tələb edilən pul məbləği və detalların dəyərinin qaytarılması üçün hüquqi əsas mövcud deyildir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Bundan başqa, iş materiallarından da göründüyü kimi keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 350 manat və mütəxəssisə ödənilən haqq olan 30 manat məbləğində vəsait İddiaçı tərəfindən qarşılanmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri də cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh 3300 manat məbləğində pulun, katalizator və şitin geri qaytarılması, həmin cihazlar olmadığı təqdirdə onların ümumi dəyəri olan 900 manat məbləğində pulun alınaraq ona verilməsi barədə iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş məhkəmə ekspertizası xərcləri və dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar