Məhkəmə qərarları › İş №2(071)-504/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-504/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-504/2024 01.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borc olaraq 3400 manat pulun və iddia ərizəsi verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 54 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh VAZ 2107 markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini 3400 manat pul qarşılığında satmışdır. O həmin avtomobili almaq üçün qeyd olunan məbləği ona vermişdir. Cavabdeh avtomobilin əmisi oğlunun adına rəsmiləşdiyini və sonuncunun bir həftə ərzində qayıtdıqdan sonra avtomobili onun adına rəsmiləşdirəcəyini vəd etmişdir. Cavabdeh onun etibarını qazanmaq üçün avtomobilin açarlarını belə ona təqdim etmişdir. Cavabdeh dediyi bir həftə müddət tamam olduqdan sonra ona zəng etmiş və söz verdiyi müddətin bitdiyini xatırladaraq avtomobilin adına rəsmiləşdirilməsini tələb etmişdir. O isə fərqli bəhanələrlə avtomobili onun adına rəsmiləşdirməkdən açıq-aşkar boyun qaçırmışdır. Bu hadisələrdən bir müddət sonra avtomobilin əsl sahibi polis əməkdaşları vasitəsi ilə onun yaşadığı ünvana gələrək avtomobilin ona məxsus olduğunu, Cavabdeh avtomobili ondan aldığını və avtomobilin əsl sahibi olan həmin şəxsə Cavabdeh 2400 manat borcu olduğunu deyərək ondan geri almışlar. Daha sonra dəfələrlə Cavabdeh zəng edib pulunu tələb etmiş, lakin o, müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. O, xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş və xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Araşdırma zamanı Cavabdeh verdiyi izahatında ona 3400 manat borcunun olmasını təsdiq etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehin 2200 manat borcu qalmışdır iddia tələbini həmin məbləğə münasibətdə müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, İddiaçı iddia tələbi üzrə 2200 manat borcunun olduğunu etiraf edir. Məhkəmə, iddiaçını və cavabdehin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 15 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Hacıqabul RPŞ-nə ərizə ilə müraciət edərək tanışı Cavabdeh ona 3400 manat qarşılığında VAZ 2107 markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobili satdığını, lakin adına rəsmiləşdirilməsi üçün etibarnamə vermədiyini, eyni zamanda ödənilmiş pulu geri qaytarmadığını bildirmişdir. Araşdırma nəticəsində Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Qərardan həmçinin müəyyən edilir ki, Məmmədov X2 RPŞ-də verdiyi izahatında iddia tələbini qismən etiraf edərək qalıq 2500 manat borcunun olduğunu və hər ay 200 manat ödəməklə gələcəkdə borcunu tam ödəyəcəyini bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş disk tədqiq edilərkən müəyyən edilir ki, Cavabdehn iddiaçı və qeyriləri ilə dialoqunda iddiaçıya 3500 manat borcunun olmasını etiraf etmişdir. Məhkəmə baxışı zamanı isə Cavabdeh ərizə təqdim edərək İddiaçı 2200 manat borcunun olduğunu etiraf etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, işin mübahisəsiz hallarına görə cavabdeh iddiaçıdan avtomobil satmaq adı altında 3400 manat pulunu almışdır. Hazırda hər iki tərəf qeyd olunan vəsaitdən 1200 manat pul vəsaitinin iddiaçıya qaytarılmasını və qalıq borcun 2200 (iki min iki yüz) manat təşkil etdiyini etiraf edir. Cavabdeh isə 2200 manat hissədə iddia tələbini etiraf etməsinə dair ərizə məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilir ki, tərəflər arasında arasında hər hansı müqavilə, o cümlədən alqı-satqı müqaviləsi bağlanmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdeh iddiaçıdan pul götürdüyünü və qaytarmadığını etiraf edir, cavabdeh iddiaçıdan götürdüyü pulu ödəməli olduğu halda onun pulunu qaytarmamaqla əsassız olaraq varlanmış, hazırda onun cavabdehə 2200 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında əsassız varlanmadan irəli gələn öhdəlik münasibəti əmələ gəlmişdir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olan 42 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2200 (iki min iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 42 (qırx iki manat) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2200 (iki min iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 42 (qırx iki) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar