Məhkəmə qərarları › İş №2(071)-521/2021

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-521/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-521/2021 19.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Zülfü oğlunun iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Zülfü oğluna qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin faizlərin və zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Zülfü oğluna qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin faizlərin və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 20.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli 021CASA192840016 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər (borclu) Cavabdeh1, (zamin) Cavabdeh2 və (zamin) Cavabdeh3 Zülfü oğlundan müştərək qaydada 11 oktyabr 2019-cu il tarixli 021CASA192840016 nömrəli kredit müqaviləsi üzrə 22.07.2021-ci il tarixə yaranmış 7.732,95 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 887,28 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 8.650,23 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, tərəflər arasında bağlanmış 11.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 31 ay müddətinə yəni illik 25 faiz ödəmək şərti ilə 10.000 manat kredit vermişdir. Kredit müqaviləsinin təminatı qismində bankla Cavabdeh2 və Cavabdeh3 Zülfü oğlu arasında 11.10.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Həmin zaminlik müqavilələrinə əsasən zaminlər kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını borclu ilə birlikdə öz üzərlərinə götürmüşlər. Borclu Cavabdeh1 müqavilənin şərtlərini pozaraq borc öhdəliyini lazımi qaydada icra etməmişdir. Borcluya və zaminlərə şifahi və yazılı xəbərarlıq edilməsinə baxmayaraq, borc ödənilməmişdir. Borclu Cavabdeh1 11.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 7732,95 manat əsas borc, 887,28 manat faiz borcu olmaqla, cəmi 8620,23 manat borcu yaranmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, o, 11.10.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh1 zamin durmuşdur. Borclu Cavabdeh1 banka olan borcunu ödəməkdən imtina etdiyinə görə o, zamin kimi borclu ilə birlikdə borcu ödəməyə məcburdur. Odur ki, iddianın təmin edilməsinə etiraz etmir. Cavabdeh3 Zülfü oğlu məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, o, 11.10.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh1 zamin durmuşdur. Borclu Cavabdeh1 banka olan borcunu ödəməkdən imtina etdiyinə görə o, zamin kimi borclu ilə birlikdə borcu ödəməyə məcburdur. Odur ki, iddianın təmin edilməsinə etiraz etmir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinin tələbinə uyğun olaraq Cavabdeh1 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 11.10.2019-cu il tarixli 021CASA192840016 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 31 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 10.000 manat kredit vermişdir. Borcalan Cavabdeh1 11.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı məqsədilə İddiaçı ASC ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 Zülfü oğlu arasında 11.10.2019-cu il tarixdə zaminlik müqavilələri bağlanmış və onlar borcalanın öhdəliklərinin icrası üçün kreditorun qarşısında borcalanla birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. 22.07.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, borcalan Cavabdeh1 11.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 7732,95 manat əsas borc və 887,28 manat faiz borcu olmaqla, cəmi 8620,23 manat borcu var. Borclu öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zaminlər həmin borcun ödənilməsi üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər (borclu) Cavabdeh1, (zamin) Cavabdeh2 və (zamin) Cavabdeh3 Zülfü oğlundan müştərək qaydada 11 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 22.07.2021-ci il tarixə yaranmış 7.732,95 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 887,28 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 8.650,23 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli 021CASA192840016 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər (borclu) Cavabdeh1, (zamin) Cavabdeh2 və (zamin) Cavabdeh3 Zülfü oğlundan müştərək qaydada 11 oktyabr 2019-cu il tarixli 021CASA192840016 nömrəli kredit müqaviləsi üzrə 22.07.2021-ci il tarixə yaranmış 7.732,95 manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 887,28 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 8.650,23 (səkkiz min altı yüz əlli manat iyirmi üç qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar