Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-522/2022 14.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı LPO "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış faiz və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış faiz və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2014-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 58.960 ABŞ dolları faiz borcunun və 21.000 ABŞ dolları cərimə olmaqla, cəmi 79.960 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(071)-97/2015 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış faiz və cərimənin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraat, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində İddiaçı ASC-nin vəzifəli şəxsləri tərəfindən özgə əmlakının külli miqdarda mənimsənilməsi, vəzifədən sui-istifadə və vəzifə saxtakarlığı faktına görə istintaq edilən cinayət işinə nəticə verilənə qədər dayandırılmışdır. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)-237/2020 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış faiz və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçı LPO "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Azər Əmirov xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış faiz və cərimənin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-522/2022 nömrəli qərardadı ilə Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)-237/2020 nömrəli qərardadı ləğv edilmiş və mülki iş üzrə icraat təzələnərək mülki iş məhkəmə baxışına təyin edilmişdir. İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və izahatında göstərmişdir ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(iqt)-2410/2012 saylı qətnaməsi ilə İddiaçı ASC-nin müflis elan edilmiş, İddiaçı ASC-nin ləğvedicisi qismində “X1 Company” MMC təyin edilmişdir. Borclu Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh mənzil alınması məqsədilə 18 ay müddətində qaytarmaq şərti ilə illik 20 % ödəməsi şərti ilə 375.000 ABŞ dolları vəsaiti vermişdir. Lakin borclu Cavabdeh xx.xx.2009-cu il tarixli müqavilə üzrə öhdəliyini lazımınca icra etməyərək, müqavilə üzrə hesablanmış faiz borcunu ödəməmişdir. Hazırda Cavabdeh banka 58.960 ABŞ dolları faiz borcu və 21.000 ABŞ dolları cərimə olmaqla, 79.960 ABŞ dolları borcu vardır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, X6 onun tanışıdır və Telmanı 2002-ci ildən tanıyır. Onların aralarında dostluq münasibəti olmuşdur. 2008-ci ildə Orxan Məmmədov İddiaçı ASC-nin 4 saylı filialına qeyri-rəsmi rəhbərlik etməyə başlamış, 2007-ci ilin avqust ayında Orxan Məmmədov ona “X9” MMC adlı şirkət yaratdığını bildirmiş və ona həmin şirkətin direktoru olmasını təklif etmişdir. O, Orxan Məmmədovun təklifi ilə razılaşmış və şirkətin təsisçisi, eyni zamanda da direktoru olmuşdur. Lakin cəmiyyətə faktiki olaraq Orxan Məmmədov rəhbərlik etmişdir. 2008-ci ilin sentyabr ayında Orxan pula ehtiyacı yarandığı üçün onun adına qeyri-rəsmi rəhbərlik etdiyi filialdan hər hansı bir əmlakı girov qoyadan 30.000 manat kredit götürmək istədiyini, həmin kreditin aylıq ödənişlərini özünün ödəyəcəyini bildirmişdir. Girov tələb olunmadığından, həmçinin Orxan Məmmədovun həm onun direktor olduğu cəmiyyətə, həm də İddiaçı ASC-nin 4 saylı filialına qeyrirəsmi rəhbərlik etdiyinə görə o, kredit ödənişində problem olmayacağını düşünüb Orxan Məmmədovla razılaşmış və ona təqdim olunan kredit sənədlərinə imza etmişdir. Lakin 30.000 manat pulun kassadan çıxarılmasından onun məlumatı olmamışdır. Adına bağlanmış 30.650 manat kreditin verilməsinə dair 03 sentyabr 2008-ci il tarixli 009 saylı kredit müqaviləsində və həmin kreditin verilməsinə dair ödəniş cədvəlində “borc alan” qrafalarında, “X9” MMC tərəfindən "Royalbank” ASC-yə ünvanlanmış 03 senyabr 2008-ci il tarixli məktubda “direktor Cavabdeh” qrafalarındakı imzalar onun tərəfindən icra olunmuşdur. Bundan əlavə, zaminlik barədə İddiaçı ASC-nin 4 saylı filialına ünvanlanmış 102 sentyabr 2008-ci il tarixli 102, 103, 105 saylı, 03 sentyabr 2008-ci il tarixli 106, 1109, 110 saylı, 04 sentyabr 2008-ci il tarixli 111, 112, 113, 114 saylı məktublarda soyadı qarşısında olan imzalar onun tərəfindən icra olunmuş və o, rəhbərlik etdiyi cəmiyyətin möhürü ilə həmin məktubları təsdiq etmişdir. Məktubları blankda hazır vəziyyətdə ona Orxan və İddiaçı ASC-nin 4 saylı filialının əməkdaşları gətirmiş, Orxan ona məktubları imzalayıb möhürlə təsdiqləməsini tapşırmışdır. O, məktubların nə ilə bağlı olmasını Orxandan soruşduqda sonuncu rəhbərlik etdiyi bankdan qohumlarının və onun adına 30.000 manat kredit götürəcəyini və pulu ödəmək üçün onun rəhbərlik etdiyi cəmiyyəti banka zamin göstərdiyini bildirib kredit pullarını özünün ödəyəcəyini, heç bir problem olmayacağını, adına götürdüyü kreditə görə onun heç bir əmlakının girov qoyulmadığını deyərək, onu məktubları imzalayıb möhür vurmağa razı salmışdır. O, məktublara Orxan Məmmədov və 4 saylı filialın müdiri Pərviz Vəliyevin yanında imza edərək, cəmiyyətin möhürü ilə təsdiq etmişdir. Orxan ona kreditin özü tərəfindən ödəniləcəyini, heç bir problem olmayacağını, yarana biləcək hər hansı bir çətinliyi öz əmlakı hesabına həll edəcəyini vəd etmişdir. O, məktubları oxumadığından kimlərin adlarına kredit götürüldüyündən məlumatı olmamışdır. Lakin Orxan ona öz anasının, qardaşının, arvadının, bacısının adına kredit götürməsini demişdir. Sonradan o, Orxandan və Pərvizdən kreditin ödənişi ilə maraqlanmağa başlamış, ödəniş olduğunu gördüyü üçün Orxanın krediti ödəyəcəyinə tam inanmışdır. 2009-cu ilin sonlarında Orxan Məmmədov onun adına İddiaçı ASC-nin 4 saylı filialından əlavə olaraq 375.000 ABŞ dolları kredit rəsmiləşdirdiyini bildirdikdə, Orxanla onun arasında mübahisə yaranmışdır. O, Orxan Məmmədovdan onun adına götürdüyü kreditləri bağlamağı tələb etmişdir. Orxanın kreditin ödənişindən imtina edəcəyini düşünüb 2010-cu ilin fevral ayında onlar Bakı şəhəri 6 saylı Dövlət Notariat kontoruna gedərək, Orxanın ondan 300.000 manat miqdarında pulu borc alması barədə müqavilə bağlamışlar. Sonradan Orxan ona kreditin tamamilə ödənilib bağlanmasını bildirib ondan borc müqaviləsini geri qaytarmağı tələb etmişdir. Lakin Orxanın tələb etməsinə baxmayaraq o, hər hansı bir problem yaranacağı təqdirdə borc müqaviləsini məhkəməyə təqdim etmək üçün Orxana verməkdən imtina etmişdir. Onun adına bağlanmış 375.000 ABŞ dolları məbləğində kreditin verilməsinə dair 14 oktyabr 2009-cu il tarixli 018 nömrəli kredit müqaviləsində “borc alan” qrafasında, 375.000 ABŞ dollarının məxaricinə dair 14 oktyabr 2009-cu il tarixli 04 nömrəli xəzinə məxaric orderində “alanın imzası” qrafasında olan imzalar onun tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunaraq saxtalaşdırılmışdır. O, "xxxx" MMC, həmin MMC-nin direktoru X7, "xxxx" MMC, "xxxx" MMC adlı şirkətləri və "xxxx" MMC-nin direktoru X2 tanımamışdır. Lakin o, X12 Razi adını eşitmiş və yadda qalan ad olduğu üçün həmin ad çəkilən kimi yadına düşmüşdür. Belə ki, o, Orxan Məmmədovdan adına götürdüyü 375.000 ABŞ dolları kreditin bağlanmasını tələb edərkən, Orxan ona İddiaçı ASC-nin Ağa Razi adlı sürücüsünün adına şirkət açılacağını və kreditlərin də, həmin şirkət tərəfındən ödəniləcəyini bildirmişdir. Onun xx.xx.2009-cu il tarixli 018 nömrəli kredit müqaviləsini və 375.000 ABŞ dollarının alınmasına dair xx.xx.2009-cu il tarixli 04 nömrəli xəzinə məxaric orderini imza etmədiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(101)- 89/2016 saylı hökmü ilə tamamilə təsdiq edilmişdir, onun dedikləri öz əksini tapmış, məhkəmə araşdırması zamanı İddiaçı ASC-dən onun xəbəri olmadan 375.000 ABŞ dolları məbləğində pul götürüldüyü və kredit müqaviləsinə onun imza etmədiyi məlum olmuşdur. xx.xx.2009-cu il tarixli 018 nömrəli kredit müqaviləsinə və xx.xx.2009-cu il tarixli 04 nömrəli xəzinə məxaric orderinə əsasən ona ayrılmış 375.000 ABŞ dolları əsas borc baş ofisdə "xxxx" MMC-yə xx.xx.2010-cu il tarixdə ayrılmış kredit hesabına bağlanmışdır, faiz hissəsi üzrə 58.959,59 manat təşkil etmişdir. Hesab edir ki, onun adından saxta müqaviləyə əsasən götürülmüş borca görə hesablanmış faiz borcu və cərimənin ondan tələb edilməsi qanunsuz və əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının davamı xx.xx.2022-ci il tarixə saat 16:15-ə təxirə salınmışdır. Lakin tərəflər həmin tarixdə məhkəməyə gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(101)-89/2016 saylı hökmündən müəyyən edilir ki, X6 İddiaçı ASC-dən 14 oktyabr 2009-cu il tarixli 018 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh adına 375.000 ABŞ dolları kredit götürmüş, Cavabdeh Orxan Məmmədovun onun adına kredit götürməsindən xəbəri olmamış və 14 oktyabr 2009-cu il tarixli 018 nömrəli kredit müqaviləsi Cavabdeh tərəfindən imzalanmamış və 375.000 ABŞ dolları pulu bankdan Cavabdeh almamışdır. Beləliklə, X6 ilə İddiaçı ASC arasında bağlanmış 14 oktyabr 2009cu il tarixli 018 nömrəli kredit müqaviləsi uydurma əqd olmuş, Cavabdeh kredit verilməsi görüntüsü yaratmaq üçün bağlanmışdır. X6 İddiaçı ASC-dən 14 oktyabr 2009-cu il tarixli 018 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh adına götürdüyü 375.000 ABŞ dolları kredit borcunun əsas hissəsini "xxxx" MMC-yə xx.xx.2010-cu il tarixdə ayrılmış kredit hesabına ödəmişdir, faiz hissəsi üzrə 58.959,59 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Məhkəmə qeyd edir ki, X4 İddiaçı ASC-dən 14 oktyabr 2009-cu il tarixli 018 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh adına 375.000 ABŞ dolları kredit götürməsindən Cavabdeh xəbəri olmadığından, 14 oktyabr 2009-cu il tarixli 018 nömrəli kredit müqaviləsinə Cavabdeh tərəfindən imza edilmədiyindən və Cavabdeh bankdan kredit müqaviləsi üzrə 375.000 ABŞ dolları pul almadığından Cavabdeh kredit müqaviləsi üzrə götürülmüş borcun, hesablanmış faiz və cərimənin ödənilməsi üçün məsuliyyət daşımır. Çünki, Cavabdeh 14 oktyabr 2009-cu il tarixli 018 nömrəli kredit müqaviləsindən xəbəri olmamışdır. Cavabdeh 14 oktyabr 2009-cu il tarixli 018 nömrəli kredit müqaviləsini və 375.000 ABŞ dolları pulun alınmasına dair xx.xx.2009-cu il tarixli 04 nömrəli xəzinə məxaric orderini imzalamamış və qeyd olunan məbləği bankdan almamışdır. Cavabdeh bank qarşısında hər hansı bir öhdəlik götürməmiş və kredit müqaviləsini öz imzası ilə təsdiq etməmişdir. Heç kim öz iradəsi əleyhinə ondan xəbərsiz olaraq götürülmüş və saxta imza ilə təsdiqlənmiş borca görə heç bir məsuliyyət daşımalı deyildir. Cavabdeh adına yazılmış 375.000 ABŞ dolları krediti X6 cinayət yolu ilə ələ keçirmiş və cinayət işinə baxılması zamanı banka qaytarmışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaıç "xxxx" ASC-nin Cavabdeh qarşı xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 58.960 ABŞ dolları faiz borcu və 21.000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 79.960 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə iddiası rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “"xxxx" ASC ilə Cavabdeh adından bağlanmış xx.xx.2009-cu il tarixli 018 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 58.960 ABŞ dolları faiz borcu və 21.000 ABŞ dolları cərimə olmaqla, cəmi 79.960 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-522/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-522/2022
14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver